Maraqlıdır ki, hamiləlikdən başlayaraq doğuşdan sonra ilk 6 ay anaları ən çox narahat edən körpələrini ana südü ilə qidalandırmaq məsələsi olduğu halda, 1 yaşından sonra artıq həmin anaları süddən kəsmək məsələsi daha çox narahat edir.
Yeri gəlmişkən, uşağın ana südündən “kəsilməsi” sözünə daha çox önəm veririk, nəinki ana südünü “tərgitməsi” sözünə çünki, “tərgitmək” sözünün adətən pis vərdişlərə şamil edirik. Ana südü ilə qidalanmaq isə pis vərdiş deyil, o səbəbdən “kəsilmək” sözü burada daha çox yerinə düşür. Nəzərə almaq gərəkdir ki, 1 və ya 2 il ana südü ilə qidalanan uşağa ananın isti və qidalandıcı döşündən qısa zamanda ayrılmaq həm mənəvi, həm də fiziki cəhətdən heç də asan deyil. Bu prosesə müəyyən qədər hazırlıq görmək, bolluca vaxt, körpəni kəsmək üçün səbirli olmaq, dəstək tapmaq və düzgün yanaşma tətbiq etmək mütləqdir. Çünki, aqressiv şəkildə və ya qəfil döşdən (məsələn, iyrəndirməklə, gilələrə acı və ya xoşagəlməz maddələr sürtməklə, ananın uşağı məcburi şəkildə özündən uzaqlaşdırmaqla və s.) kəsilən uşaqlarda uzun müddətdə psixoloji travmanın izlərini sezmək olar. Ana uşağı nə qədər döşdən “itələyəcəksə”, uşaq da bir o qədər şiddətli şəkildə “döşdən yapışıb” anasının əsəblərini tarıma çəkəcəkdir.
Tövsiyyə olunan 2 il əmizdirmə müddətini tamamlayandan sonra uşaqlarda müəyyən qədər ayrılmağa yetişkənlik sezmək olur. Bu səbəbdən ana südündən kəsilmək 2 ilin tamamında deyil, 2 ilin tamam olduğu müddətdən sonra başlayır və bir neçə ay çəkə bilir. Adətən uşaqlar 2 yaş yarım və hətta 3 yaşa yaxın süddən tamamən və travmasız kəsillirlər. Süddən kəsilmə prosesi valideynlərin xüsusən ananın təşəbbüsü ilə başlanılmalıdır.
Uşaqların süddən kəsilməyə hazırlıq əlamətləri hansılardır?
— Ən ağrılı çıxanlar da daxil olmaqla bütün dişlərin hamısı artıq çıxıb qurtarıbdır.
— Günorta əmizdirmələrin sayı qat-qat azalıbdır.
— Uşaq yalnız günorta yuxusu üçün ana südü payını alır.
— Döş istəyərkən diqqəti asanlıqla yayınır və bərk qida yemək təklifini qəbul edir.
— Ara-sıra günorta və gecə ana südü əmmədən yuxuya gedə bilir (məsələn, maşında və ya gəzinti zamanı uşaq arabasında).
— Ana südünün qəbulunun azalmasına baxmayaraq, davranışında əsəbilik, gərginlik və mənfi hallar özünün göstərmir.
— Yuxarıda verilən əlamətləri uşağında sezən valideynlər artıq süddən kəsmək prosesinə başlaya bilərlər. Bunun üçün aşağıdakı ipucularından istifadə etmək tövsiyə olunur:
İpucu 1: Məlum bir haldır ki, eyni dərmanı bir neçə nəfər içər və hərəsi fərqli effektlə üzləşər, kimisi şəfa tapar, kimisinə isə heç bir fayda verməz. Bunun səbəbi isə Yaradanın bizə həmin dərman və vasitələrlə şəfa qapısı açıb-açmamasıdır. Məhz bu səbəbdən ilk öncə süddən kəsmək prosesinə dua ilə başlamaq valideynlərə psixoloji rahatlıq verər. Dua edin ki, Uca Yaradan süddən kəsmə strategiyasının hər bir addımını ana-bala cütlüyü üçün səbəb salsın və travmasız süddən kəsilmə qismət etsin.
İpucu 2. Bütün üsullarla gündüzlər əmizdirmələri dayandırmaq. Bunun üçün bir neçə yol var: Hər dəfə əmizdirilmək istəyəndə fikrini bərk qidaya yönəltmək və təklifi qəbul etdiyi halda yemək yedizdirmək. Yemək qəbulu fasilələrinə diqqət yetirmək- ifrat yedizdirməmək və ac olmasına da əsas verməmək.Yəqin hiss etmisiniz ki, uşaq darıxdıqda özünü əyləndirmək üçün əmizdirilməsini istəyir. Bu səbəbdən onun asudəsini adi günlərdən daha rəngarəng etmək, birlikdə keyfiyyətli vaxt keçirmək gərəkdir.Günorta yuxularını uşağın sevdiyi insana (ata, nənə, baba, bibi, xala, dayı, əmi, dayə və s.) həvalə etmək. Anaya müvəqqəti yardım üçün hər gün fərqli kiminsə gəlməyini xahiş etmək yerinə düşər. Bunun üçün hətta uşağın yay aylarından xaric gəzintisini günorta saatlarına da sala bilərsiniz ki, gəzinti əsnasında arabasında yuxuya getsin.
İpucu 3. Əgər ananın süddən kəsməyə yardımı yoxdursa: Uşağı əmizdirmək üçün ona xüsusi vaxt ayırmaq və bu haqda ona bildirmək lazımdır. Körpəyə söz verin ki, onu axşam yuxusundan öncə əmizdirəcəksiniz və sözünüzü tutun. Prosesə yalan qatmayın. Bundan əziyyət çəkən ilk öncə özünüz olacaqsınız.
Əgər körpənin qayğısına qalan yalnız anadırsa bu halda ana daha israrlı və səbrli olmalıdır. Yuxuya getmək əsnasında uşağın sevdiyi mövqeyi tutun və döşdən fikrini ona maraqlı olan söhbətlərlə yayındırın. Bu halda körpənin ağlaması və etiraz etməsi normaldır. Lakin fasilələrlə də olsa fikri döşdən yayınırsa və yuxuya gedirsə, demək düz yoldasınız. Ən sıxıntılı və stressli məqamlarda qarnınızla (qarnınızı nəfəs alarkən qabartmaq və nəfəs verərkən boşaltmaq şərti ilə) dərindən nəfəs alın.
Şiddətə qətiyyən yol verməyin. Səbrdən çıxmayın. Təmkinlə və sakit səslə ona təkrar-təkrar axşam onu əmizdirəcəyinizi deyin.
Bütün yuxarıda verilənləri sınayaraq, uşağınız bir gün gündüz və gücə yuxuya gedərsə bunu davamlı olaraq növbəti günlər təkrar edin. Bunları körpənin tam vərdişinə düşənə qədər təkrarlamağa ehtiyac olacaqdır. Unutmayın ki, bu prosesdə ən əsas davamlılıqdır. Bir gün belə, növbəti gün fərqli olarsa, sıfırdan başlayası olacaqsınız. Bunları tətbiq edərkən uşağın əhvalına da nəzarət edin. Əgər əsəbilik və aqressiya yer alırsa prosesi müvəqqəti dayandırın. Həmçinin əgər uşaq xəstələnərsə, süddən kəsmək prosesinə fasilə verin və onu ehtiyac duyduğu qədər əmizdirməyə çalışın. Ən əsası isə “axır-əvvəl bir gün süddən kəsiləcəkdir” fikri ilə nikbinlik əhvalında olun.