Uşağı düzgün böyütməyin 10 yolu

Baxış sayı: 1. 534

Uşağınızın daha güclü bir xarakterə malik olmasını istəyirsinizmi? Ya da uşağınızın daha güclü bir fərd kimi formalaşmasını istəyirsinizmi? Elə isə aşağıdakılara diqqət yetirin…
1. Uşağınızda xüsusi “bacarıqlar” formalaşdırın

Uşağınızın xoşagəlməz davranışlarını ona problemləri həll etmək, reaksiyalarını idarə etmək, həmçinin, nizam-intizam qaydalarını öyrətmək üçün bir vasitə kimi qiymətləndirin. Beləliklə, uşağınız gələcəkdə hər hansı bir “uğursuzluqla” qarşılaşdıqda ona öyrətdiyiniz bu bacarıqlar onun köməyinə çatacaq.

2. Səhv etməsinə imkan verin

Uşağınız hər hansı bir məsələdə səhv edirsə, buna mane olmayın. İcazə verin, etdiyi səhvlərdən nəticə çıxarmağı öyrənsin. Digər tərəfdən, ona səhvlərin doğruları öyrənmək üçün bir vasitə olduğunu izah edin. Hətta, uşağınız üçün ciddi bir təhlükə doğurmursa, etdiyi səhvlərin nəticələri ilə “üzləşməsinə” imkan verin. Ancaq növbəti dəfə eyni vəziyyətə düşməsin deyə, necə davranmalı olduğunu izah etməyi də unutmayın.

3. Mənfi hisslərdən uzaqlaşdırın

Uşaqlar hər hansı bir məsələdə uğursuzluğa məruz qaldıqda psixoloji baxımdan zəifləyirlər. Buna görə də, uşağınıza mənfi hisslərdən uzaqlaşmağı öyrədin. Unutmayın ki, problemlərə müsbət hisslərlə yanaşmaq uşağınızda ümidsizlik və ya inamsızlıq kimi mənfi hisslərin əmələ gəlməsinin qarşısını alacaq.

4. Qorxuları ilə üzləşdirin

Əgər uşağınızı qorxduğu şeylərdən uzaqlaşdırırsınızsa, bu, həm özünəinam hissini zəiflədəcək, həm də onda yaşadığı stresin qarşısını almaqda acizlik yaradacaq. Ola bilər ki, uşağınız qaranlıq otaqdan qorxur. Buna görə də, otağın işığını yandırmaq əvəzinə ona qaranlıq otaqda işığı görməkdə kömək edin. Çünki uşağınız böyüdükcə sizin onu “qorumaq” imkanlarınız məhdudlaşacaq. Onda da uşağınızın üzləşdiyi qorxuların öhdəsindən necə gəlmək barədə heç bir fikri olmayacaq.

5. Öz problemini özü həll etsin

Qarşılaşdığı hər hansı bir problemdə uşağınıza kömək etmək istəməyiniz təbiidir. Ancaq bu, gələcəkdə onun özünü “çarəsiz” hiss etməsinə səbəb olacaq. İstər ailədə, istərsə də cəmiyyətdə baş verən “anlaşılmazlıqları” özü həll etməsi üçün şərait yaradın. Bu, gələcəkdə uşağınızda problemlərin öhdəsindən təkbaşına gəlmək vərdişinə səbəb olacaq.

6. Daha güclü rəhbər, daha güclü xarakter…

Uşağınızın həmişə doğru qərar qəbul etməsi üçün güclü bir rəhbərə ehtiyacı var. Buna görə də, uşağınıza “Nəyin bahasına olursa-olsun, qalib gəlmək” əvəzinə, “Nəyin bahasına olursa-olsun, ədalətli və vicdanlı olmağı” öyrədin. Bu, gələcəkdə uşağınızın başqalarının nə düşünməsindən asılı olmayaraq doğru qərarlar qəbul etməsinə gətirib çıxaracaq.

7. Həm yaxşı, həm pis…

Uşağınızın yaxşı hadisələrlə üzləşməsinə imkan verin. Belə olduqda, onun üçün pis hadisələrlə üzləşməsi də o qədər çətin olmayacaq.

8. Məsuliyyət hissi aşılayın

Uşaqda güclü xarakterin formalaşması üçün tələb olunan ən vacib xüsusiyyətlərdən biri də məsuliyyət hissidir. Belə ki, uşağınızın etdiyi hər hansı bir səhvin səbəbini izah edərkən bəhanə gətirməsinə imkan verməyin. Öz düşüncələri, öz hissləri və ya öz hərəkətlərinə görə başqalarını günahlandırmağın doğru olmadığını izah edin.

9. Emosiyalarını cilovlamağı öyrədin

Uşağınızın emosional davranışları gələcəkdə həm onun, həm də sizin haqqınızda xoşagəlməz fikirlərin formalaşmasına səbəb ola bilər. Buna görə də, uşağınıza kədər və ya qorxu kimi mənfi hissləri tanıması və idarə etməsi üçün məsləhətlər verin.

10. Nümunə olmağı unutmayın

Uşağınıza doğrunu öyrətmək üçün ən yaxşı yol ona davranışlarınızla nümunə olmaqdır. Buna görə də, ona öz hədəflərinizdən bəhs edin və bunun üçün hansı addımları atdığınızı göstərin. Unutmayın, uşaqlar daha çox sözləri yox, hərəkətləri “görürlər”.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir