Uşağı əmziyə öyrəşdirmək lazımdırmı?

Baxış sayı: 1. 952

Uşağı əmziyə öyrəşdirmək məsələsi valideynləri ən çox narahat edən məsələlərdəndir. Belə ki, bəziləri əmziyin uşaqların dadbilmə, dişinə, damağına və psixi inkişafına mənfi təsir göstərdiyini, bəziləri isə bunun körpələr üçün xeyirli olduğunu söyləyirlər.

Pediatr Mahirə Kərimovanın sözlərinə görə, valideynlər uşağa əmziyin verilib-verilməməsi barədə qərarı özləri müstəqil verməlidirlər: “Lakin onu nəzərə almaq lazımdır ki, körpələrdə əmmə refleksi digər reflekslərə nisbətən daha güclüdür. Əgər uşağın bu refləksə olan tələbatı ödənilməyibsə, uşağa ana südü verilməyibsə, süni qida və ya qarışıq qida verilibsə, uşağın rejimlə yeməsindən asılı olmayaraq əsəbi olur. Əmmə tələbatı ödənilməyən körpələr daha narahat olur, səbəbsiz yerə çox ağlayırlar. Əmzik əmmək isə uşağı sakitləşdirir. Bu, valideynlərin də işini asanlaşdırır. Uşaq ağlayan kimi əmzik verərək onu dərhal sakitləşdirə bilirlər. Uşaq çətin yuxuya gedirsə, yatmaq istəmirsə, əmzik əmərək yuxuya gedəcək” deyən pediatr bildirir ki, bu baxımdan əmzik götürməyən körpələrin valideynləri daha çox əziyyət çəkirlər. Onun sözlərinə görə, əmziksiz uşaq ac olmasa belə ana südü istəyir və ya barmağını sormağa başlayır.

Həmsöhbətimiz bildirir ki, əmzik alarkən əmziyin keyfiyyətinə və quruluşuna fikir vermək, gegiyena qaydalarına riayət etmək lazımdır. Əmziklər lateks və ya silikondan hazırlanır. Lateksdən hazırlanan əmziklər sarı, silikondan hazırlananlar isə şəffaf rəngdə olur. Silikondan olan əmziklər daha məsləhətlidir. Ona görə ki, lateksdən olan əmziklərə nisbətən silikon əmziklərin iyi və tamı olmur, forması dəyişmir və rahat yuyulurlar.

Əmzik uşağın yaşına uyğun seçilməldir. Əmzik alarkən qablaşdırmanın üstündə yazılan yaş həddinə diqqət vermək lazımdır.

M.Kərimovanın dediyinə görə, əmziyin bahalı olması onun keyfiyyətinə zəmanət vermir: “Həm də uşaqlar hər əmziyi götürə bilmirlər. Yaxşı olar ki, münasib qiymətə bir neçə əmzik alıb uşağa verəsiniz. Körpə öz zövqünə uyğun birini seçəcək”.

Quruluşuna gəlincə, əmziyin əsası enli olmalıdır. Lakin çox enli olub uşağın burnunun deşiklərini bağlamamalı, uşağın burnunu narahat etməməlidir. Əmziyin əsasında havanın keçməsi üçün deşik də olmalıdır.

Pediatr məsləhət görür ki, əmzik uşağa ziyan verməsin deyə onu düzgün istifadə etmək lazımdır: “Körpə sakit olsun və sağlam böyüsün deyə əmziyin düzgün istifadə qaydalarına riayət edin. Körpəni əmziyə öyrəşdirməyə laktasiya dövrünün stabilləşməsindən – körpə dünyaya gələndən sonra başlamaq lazımdır. Ona görə ki, körpənin süd və əmzik əmməsi fəqli proseslə baş verir. Əvvəlcə əmziyi əmən körpə, sonradan süd əmməyi istəməyə bilər. İlk günlərdən süni qidalanmaya öyrəşən körpələr də sonradan ana südünü öz əziyyəti ilə əmməkdən imtina edir”.

İstənilən əmzik təmiz saxlanılmalıdır. Əmziyə ideal baxım qaydası onu hər səhər 5 dəqiqə steril qabda suda qaynatmaqdır. Vaxt çatışmazlığını nəzərə alaraq, əmziyi qaynamış qaynar su ilə yumaq və ya həmin vaxt ərzində qaynar suda saxlamaq da olar. Əksər analar məhz belə edir. Çünki bu üsul daha rahatdır. Gün ərzində isə əmziyi su ilə bir neçə dəfə yaxalamaq lazımdır.

Əmziyə öyrəşən uşaqlarla bağlı problemdən biri də əmzik olmadan bəzən sakitləşməmələridir. Gəzintiyə çıxarkən əlavə əmzik, butulkada su da götürmək olar. Əmzik təsadüfən yerə düşürsə, uşağa ya ehtiyatda saxladığınız əmziyi, ya da həmin əmziyi yaxalayıb verə bilərsiniz.

Çox vaxt valideynlər əmzik yerə düşməsin deyə əmziyə lent, plasmast zəncir, rezin də bağlayırlar. Lakin bu vasitələr uşağın boynuna dolaşa və onun həyatına təhlükə törədə bilər.

“Valideynlər nəzərə almalıdırlar ki, uşaq əmziyə nə qədər öyrəşsə də, bir əmziyi uzun müddət istifadə etmək olmaz. Əmzikləri hər üç aydan bir dəyişmək lazımdır. Əmziklərin xarici görünüşü, forması pozulmasa da, təzə kimi görünsələr də mütləq dəyişmək lazımdır. Belə ki, daim əmziyi qaynar su ilə yuyanda əmziyin materialı köhnəlir və əmzikdə kiçik yarıqlar yaranır. Yarıqlara isə mikroblar dolur və çətin təmizlənir”.

Kərimova məsləhət görür ki, uşaq heç bir əmziyi qəbul etmirsə, onun məcbur etmək olmaz.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir