Usaq

Uşağı gün vurub, yoxsa isti vurub? Tibb elmləri doktorundan analara qızıl kimi tövsiyələr

Baxış sayı: 678

Son bir neçə gündə ölkəmizdə hava şəraiti olduqca isti keçir. Belə günlərdə uşaqlara qarşı xüsusilə diqqətli olmalısınız. Uşağın bədəninin termorequlyasiyasının xüsusiyyətləri səbəbindən olduqca təhlükəli bir vəziyyət – istivurma və ya günvurma inkişaf edə bilər. İstivurma ilə günvurma arasındakı fərq nədir? Uşaqları günvurmadan necə qorumaq olar? İstivurma körpələr üçün nə qədər təhlükəlidir? Bunların əlamətlərini necə tanımaq olar?

Bu və digər suallara Azərbaycan Tibb Universitetinin Uşaq xəstəlikləri kafedrasının professoru, tibb elmləri doktoru Hüseyn Qabulov aydınlıq gətirib.

 

Mütəxəssis söhbətin əvvəlində deyib:

– Yay mövsümündə isti havaya məruz qalmağın təsirləri ilə əlaqədar pediatrlara müraciətlərin sayında kəskin artım müşahidə olunur. Bu yay da istisna deyil. Hazırkı vəziyyəti və yay mövsümünün qızmar günlərinin hələ qabaqda olmasını nəzərə alaraq, uşaqları istivurmadan və onun ağır nəticələrindən mümkün qədər qorumaq üçün valideynlərə bir neçə tövsiyələr və məsləhətlər vermək istərdim. Məsələ burasındadır ki, bu problemlə bağlı elektron məlumatlar da daxil olmaqla, mediada bir çox fərqli informasiya mövcuddur. Lakin bu materialları təhlil edərkən, bəzi məqalələrin və tövsiyələrin tam düzgün olmadığı və hətta bəzən uşağa zərər verə biləcəyi ortaya çıxır.

Təbii ki, açıq havada olmaq imkanından yararlanmaq sağlamlığın açarlarından biridir. Ancaq, eyni zamanda, isti günlərdə diqqətli olmağı unutmamalıyıq. Unutmamalıyıq ki, əgər uşaq uzun müddət istidə və ya günəş şüaları altındadırsa, istivurma və ya günvurma baş verə bilər. Bu, olduqca təhlükəli bir vəziyyətdir və ilk növbədə beyin, ürək-damar, tənəffüs sistemi və digər orqanlara təsir edir.

 

– İstivurma ilə günvurma arasındakı fərq nədir?

– İstivurma uzun müddət xarici mühitdə qalma nəticəsində bütün bədənin həddindən artıq istiləşməsindən yaranan vəziyyətdir. Eyni zamanda, istivurma orqanizmin ümumi isinməsi, bədən hərarətinin yüksəlməsi və nəticədə vacib funksiyalarının pozulmasına səbəb olur.

İstivurmanın bir növü olan günvurma, günəş şüalarının birbaşa baş nahiyəsinə məruz qalması nəticəsində olur.

 

Hər iki vəziyyət o halda baş verir ki, uşaq uzun müddət istiyə (istivurmaya) və ya birbaşa günəş şüasına (günvurmaya) məruz qalır, bu da həyati orqanların funksiyalarının pozulmasına səbəb olur.

İstivurmanın ağırlıq dərəcəsi təkcə ətraf mühitin temperaturundan deyil, eyni zamanda istiliyin orqanizmə təsir müddətindən də asılıdır.

İstivurmanın inkişafına təkan verən digər amillər arasında ətraf mühitin yüksək rütubəti, küləksiz hava, mayenin az qəbulu, Günəş altında həddindən artıq fiziki fəaliyyət və s. qeyd etmək olar. Bol və yüksək kalorili qida məhsulları, piylənmə və ya artıq çəki (həddindən artıq dərialtı piyin olması istinin xarici mühitə ötürülməsini çətinləşdirir) də bədən isinməsinin inkişafına səbəb olan amillərdir.

 

– İstivurmanın əsas əlamətləri hansılardır?

– İstivurma ümumi zəiflik, bədən hərarətinin 39-41°-ə qədər yüksəlməsi, başgicəllənmə, baş ağrısı ilə xarakterizə olunur. Uşağın iştahası azalır, nəticədə o, yeməkdən imtina edir, dərisi qızarır və quruyur, nəbz sürətlənir və nəfəs darlığı müşahidə olunur. Vəziyyətin şiddətindən asılı olaraq ürək bulanması, qusma və ishal inkişaf edə bilər. Ağır hallarda müxtəlif orqan və sistemlərinin zədələnməsini göstərən qıcolmalar və huşun itirilməsi, burun qanaması, görmə pozğunluqları və digər simptomlar müşahidə olunur.

 

– Uşaqda istivurma olduğu zaman nə etmək lazımdır?

– İstivurma olduğuna şübhələnirsinizsə, dərhal həkimə müraciət edin. İlkin yardım ondan ibarətdir ki, uşağı kölgəyə və ya sərin otağa aparmaq, onu sıxan paltarları çıxarmaq, yarıoturaq vəziyyətdə uzatmaq, başı yan tərəfə əymək (qusma olduğu təqdirdə boğulma baş verməsin) lazımdır. Bundan başqa, uşağın hərarəti artdığı təqdirdə üzünü və sinəsini su ilə silməli, başına, boyunun yan tərəflərinə kompres qoymaq lazımdır. Eyni zamanda, ona fasilə ilə bol miqdarda maye vermək lazımdır.

 

– Uşaqların günün istənilən vaxtında gəzintiyə həvəsli olmasını nəzərə alaraq, yay aylarında istivurmadan qaçmaq mümkündürmü? Bu barədə nə tövsiyə edirsiniz?

 

– Körpəni birbaşa günəş şüalarına məruz qalmasından qorumaq məqsədilə ilk növbədə onun başını və ya bədənini panama və ya dəsmal ilə örtmək lazımdır. Bundan başqa, istivurmanın qarşısını almaq üçün çimərlikdə üzmək ilə qum vannasının qəbulunu növbə ilə etmək, günəş şüasını (vannası) az doza ilə qəbul etmək məqsədəuyğundur. Həmçinin çox maye qəbul etməsi məsləhətdir, xüsusən təmiz, sərin suyu.

Açıq havada, xüsusilə isti yay günlərində Günəşin altında olmağınız səhər 10-na kimi və axşam 6-dan sonra tövsiyə olunur. Həmçinin yüngül yumşaq materiallardan hazırlanan paltar geyinmək məsləhətdir.

Həddindən artıq fiziki fəaliyyətin (yarışlar, uzun gəzintilər və s.) məhdudlaşdırılması vacibdir. Rasiona meyvə-tərəvəz məhsulları daxil olmalıdır. Xüsusilə də gündüz saatlarında və günəş şüası qəbulunun planlaşdırıldığı zaman yağlı qidaları və ət məhsullarını məhdudlaşdırmaq lazımdır.

Qazsız içkilərə və şəkərsiz kompotlara üstünlük verməyiniz tövsiyə olunandır.

Yuxarıda göstərilən profilaktik tədbirlərə riayət etsək, istivurma təhlükəsi körpələrinizdən yan keçəcək və yay mövsümü onların inkişaf edən orqanizmini gücləndirməyə kömək edəcək.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir