Məlum olduğu kimi, 2013-cü il sentyabrın 1-dən Azərbaycanda yeni biometrik pasportların verilməsinə başlanılıb.
Bununla əlaqədar olaraq hətta 1 yaşlı körpə uşaqların da xarici pasportları olacaq.
Buna görə xaricə uşaqları ilə birlikdə səyahət edən vətəndaşlar yeni qaydaları da nəzərə almalıdırlar.
Belə ki, əgər indiyə qədər valideyn uşaqların fotosunu pasportuna vurub, özü üçün viza alaraq sakit şəkildə xaricə gedə bilirdisə, yeni pasportlarla əlaqədar olaraq xaricə gedəcək hər bir uşaq üçün də viza almaq lazım gələcək.
“Şengen” vizaları üzrə adının çəkilməyini istəməyən avropalı ekspertin Gün.Az-a dediyinə görə, “Şengen” vizası qüvvədə olan ölkələrə səyahət zamanı uşağın da pasportunda vizanın olması məcburidir.
Amma hazırda uşaqlarının fotosu pasportda olan valideynlər, pasportlarının müddəti bitməyənə qədər narahat olmaya bilərlər. Bu müddət ərzində onlar köhnə qaydalarla uşaqları ilə birgə səyahət edə bilərlər.
“Biometrik pasportların verilməsinə baxmayaraq, “Şengen” ölkələri üçün bundan əvvəl uşaqların fotoları vurulan pasportlar da qüvvədədir. Pasportların müddəti bitənə qədər valideyn uşağı ilə pasporta vurulan foto vasitəsilə səyahət edə bilər”.
Ekspertin dediyinə görə, biometrik pasport verildikdən sonra hər bir uşaq da xaricə valideyni ilə səfər etdikdə viza almalıdır.
Bundan başqa vizaya tələb olunan şərtlər böyüklər üçün nəzərdə tutulan şərtlərdən az fərqlənir.
Belə ki, uşaqlar üçün viza almağa müraciət etdikdə əgər uşaq məktəbdə oxuyursa, bunu sübut edən arayış verilməlidir. Məktəbə getməyən uşaqlar üçün hər hansı bir digər arayış tələb edilmir.
Uşağın doğum haqqında şəhadətnaməsi tərcümə olunub, notariusda təsdiq olunmalıdır.
Əgər uşaq bir valideyni ilə səyahət edirsə, digər valideynin rəsmi icazəsi olmalıdır. Əgər uşaq baba, nənə və ya digər bir qohumu ilə səyahət edirsə, hər iki valideynin rəsmi icazəsi olmalıdır.
Hər bir uşaq üçün viza alarkən tələb olunan anket doldurulmalıdır. Anket valideynlərdən biri tərəfindən doldurulur və elə valideyn tərəfindən də imzalanır.
Viza almağa sənəd verərkən, 12 yaşına qədər uşaqlar üçün barmaq izləri tələb olunmasa da, 12 yaşdan yuxarı uşaqlardan barmaq izləri alınır.
Bundan başqa yaşından asılı olmayaraq səyahətə aparılacaq hər bir uşaq fotosu çəkilmək üçün səfirliyə gətirilməlidir.
“Şengen” vizasının qiymətləri də uşaqlar üçün fərqlidir. Belə ki, 6 yaşa qədər uşaqlar üçün viza pulsuz, 6 yaşdan 12 yaşa qədər uşaqlar üçün 35 avro, 12 yaşdan yuxarı uşaqlar üçün isə vizaya görə 60 avro ödənilməlidir.
Xarici pasportların verilməsində yeni qaydaların qüvvəyə minməsi ilə bağlı yaranan suallardan biri də köhnə pasportların taleyi ilə bağlıdır.
Daxili İşlər Nazirliyinin Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsindən aldığımız məlumata görə, yeni pasportlarla yanaşı, istifadə müddəti tam başa çatana kimi köhnə xarici pasportlardan da istifadə etmək mümkün olacaq.
Bundan başqa azyaşlı uşaqlarını özü ilə xarici ölkəyə aparmaq istəyən valideynlər üçün pasport müddəti bitməmiş köhnə qaydalar qüvvədə qalır. Bundan başqa uşaqların valideynin pasportuna vurulan fotoları, həmin pasportun müddəti bitənə qədər qüvvədə qalır.
Biometrik pasportların verilməsini ekspertlər də təqdirəlayiq hal kimi qiymətləndirirlər.
Azərbaycan Miqrasiya Mərkəzinin rəhbəri Əlövsət Əliyevin sözlərinə görə, vətəndaşların təhlükəsizliyinin təmin edilməsi baxımından biometrik pasportların verilməsi çox zəruridir:
“Əvvəllər Azərbaycanda verilən pasportlarda olan təhlükəsizlik elementlərinin sayı biometrik pasportlarla müqayisədə olduqca az idi.
Buna görə də həmin pasportların saxtalaşdırılması asan idi. Biometrik pasportların saxtalaşdırılması isə demək olar ki, mümkün deyil. Bundan başqa xüsusi aparatlarla biometrik pasportların oxunması daha asandır.
Ən əsası isə biometrik pasportlarda insanın xarici görünüşünün elementlərini əks etdirən daha çox əlamət, məsələn, barmaq və ovuc izləri, gözlərin rəngi və s. mövcuddur.
Bu baxımdan hesab edirəm ki, biometrik pasportların Azərbaycanda tətbiqinə başlanılması insanların hüquq və təhlükəsizliklərinin qorunması baxımından çox müsbət və uğurlu bir addımdır”.
Qeyd edək ki, sentyabrın 1-dən Azərbaycanda ümumvətəndaş pasportunun verilməsi və dəyişdirilməsi ilə bağlı yeni qaydalar qüvvəyə minib və həmin qaydalara əsasən, vətəndaşlara yeni biometrik pasportların verilməsinə başlanılıb.
Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyindən (“ASAN xidmət”) verilən məlumata görə, ümumvətəndaş pasportu almaq üçün vətəndaşlardan ümumvətəndaş pasportu verilməsi haqqında ərizə-anket, vətəndaşın şəxsiyyət vəsiqəsi (və ya 15 yaşı tamam olmamış vətəndaşın doğum haqqında şəhadətnaməsi, yaxud fərdi identifikasiya kartı) və dövlət rüsumunun ödənilməsi barədə sənəd tələb olunur.
Pasport 15 yaşı tamam olmamış vətəndaşa verildikdə qan qrupu haqqında tibbi arayış (uşağın fərdi identifikasiya kartı təqdim edildikdə bu sənəd tələb olunmur), valideyn himayəsindən məhrum olmuş uşaqların övladlığa götürəninin, himayəçisinin və ya qəyyumunun hüquqlarını təsdiq edən sənəd tələb olunur.
Qeyd edək ki, 15 yaşı tamam olmamış vətəndaşa ümumvətəndaş pasportu verilərkən ərizə-anketi yalnız onun valideynləri, valideyn himayəsindən məhrum olmuş uşaqların isə digər qanuni nümayəndələri imzalayırlar.
15 yaşdan 18 yaşadək olan vətəndaşın ərizə-anketini onun özü və ya qanuni nümayəndəsi verə bilər. Hər iki halda ərizə-anketdə 15 yaşdan 18 yaşadək olan vətəndaşın imzası olmalıdır.
Vətəndaşın əl-barmaq izlərinin götürülməsi, habelə Beynəlxalq Mülki Aviasiya Təşkilatının (İCAO-nun) tələblərinə uyğun fotoşəklinin çəkilməsi pasportu verən orqanda həyata keçirilir. 15 yaşı tamam olmamış vətəndaşlardan əl-barmaq izi götürülmür.
Ümumvətəndaş pasportunun dəyişdirilməsinə gəlincə, ümumvətəndaş pasportunun etibarlılıq müddəti bitdikdə, yaxud vətəndaşın soyadı, adı, atasının adı dəyişdikdə və ya pasport, o cümlədən onun elektron daşıyıcısı (çip) yararsız hala düşdükdə pasport dəyişdirilməlidir.
Dövlət rüsumunun məbləğinə gəlincə, Azərbaycan vətəndaşlarına xaricə getmək hüququ verən ümumvətəndaş pasportlarının verilməsinə və ya dəyişdirilməsinə görə on iş günü müddətində verildikdə və ya dəyişdirildikdə, yaxud Azərbaycan vətəndaşının və ya onunla gedən şəxslərin təcili müalicəsi, yaxud xaricdə yaşayan yaxın qohumunun ağır xəstəliyi və ya ölümü ilə bağlı hallarda iki iş günü müddətində verildikdə və ya dəyişdirildikdə:
· bir yaşınadək uşaqlar üçün – 10 manat
· bir yaşından üç yaşınadək uşaqlar üçün – 20 manat
· üç yaşından on səkkiz yaşınadək uşaqlar üçün – 30 manat
· on səkkiz yaşına çatmış vətəndaşlara – 40 manat
– beş iş günü müddətində verildikdə və ya dəyişdirildikdə:
· bir yaşınadək uşaqlar üçün – 20 manat
· bir yaşından üç yaşınadək uşaqlar üçün – 40 manat
· üç yaşından on səkkiz yaşınadək uşaqlar üçün – 60 manat
· on səkkiz yaşına çatmış vətəndaşlara – 80 manat
– bir iş günü müddətində verildikdə və ya dəyişdirildikdə:
· bir yaşınadək uşaqlar üçün – 40 manat
· bir yaşından üç yaşınadək uşaqlar üçün – 80 manat
· üç yaşından on səkkiz yaşınadək uşaqlar üçün – 120 manat
· on səkkiz yaşına çatmış vətəndaşlara – 160 manat
Qeyd edək ki, ümumvətəndaş pasportunda, o cümlədən onun elektron daşıyıcısında göstərilən məlumatlarda səhv müəyyənləşdirildikdə, həmin pasport təqdim edildiyi vaxtdan bir gün müddətində dövlət rüsumu alınmadan dəyişdirilir.
Şəxsiyyət vəsiqəsinin və pasportun itirilməsinə və ya qəsdən korlanmasına görə İnzibati Xətalar Məcəlləsinin 331-ci maddəsinə əsasən 30 manat miqdarında cərimə edilir.