usaq

Uşağımıza necə sərhəd qoymalıyıq?

Baxış sayı: 996

Uşaqların dünyanı daha yaxşı tanıması üçün ailə daxilində qoyulan sərhədlərin əhəmiyyəti böyükdür. Ən azı ona görə ki, uşaqların bütün hərəkətləri bizim qoyduğumuz bu sərhədlərə görə müəyyənləşir. Əgər uşağınızdan sabit hərəkətlər gözləyirsinizsə, necə ata və ya ana olduğunuzu, nəyə necə reaksiya göstərdiyinizi, nəyə icazə verib vermədiyinizi çox dəqiq şəkildə ortaya qoymalısınız. Məsələn, uşaqlar üçün əldə edilən şeydən çox, onun necə əldə edilməsi vacibdir.

Əgər hər hansı bir yol onların istəklərinə daha asan nail olmasına imkan verirsə, təbii ki, uşaqlar həmişə o yolu sınaqdan çıxarmağa çalışırlar. Məsələn, əgər bir uşaq bir şeyi ağlayaraq əldə etməyi öyrənirsə, deməli, bu metoddan həmişə istifadə etməyə başlayır. Hətta bu, tədricən valideyn üçün arzuolunmaz nəticələrə də gətirib çıxarır. Əgər belə hallarla qarşılaşmaq istəmirsinizsə, uşağınıza qarşı mövqeyinizi dəqiq müəyyən edin. Digər tərəfdən, sərhədlərin dəqiq müəyyən olunmasının uşağınızın sizə qarşı münasibətinə müsbət təsir göstərdiyini də unutmayın. Çünki siz nə qədər dəqiq olsanız, “sərhədlərin pozulması” ehtimalı da bir o qədər az olar və uşağınız bütün hərəkətlərində sizin mövqeyinizlə hesablaşmağa çalışar.

Ailem jurnali adlı şəxsin şəkli.

Bir sözlə, sərhədlər təkcə münasibətlərin keyfiyyətini artırmır, valideyn və uşağın vəzifələrini də dəqiq ortaya qoyur. Beləliklə, ailədə qeyri-müəyyənliklər aradan qalxır, ailə daxilindəki problemlər isə minimuma enir. Çünki sərhədlər məlum olduqda hamı nə edəcəyini bilir. Digər tərəfdən, siz uşağınız üçün bir dostdan çox, ata və ya ana olmalısınız. Üstəlik, onun sizi həmişə belə görmək istədiyini də unutmamalısınız. Ailə daxilindəki sərhədlər eyni zamanda təhlükəsizliyimiz üçün də çox vacibdir. Məsələn, sərhədlərini dəqiq müəyyən edən adam başqaları ilə müqayisədə daha sabit təsir bağışlayır və belə adamların etibarlı adamlar kimi tanınması da təbiidir. Buna görə də…

usaqlar

– Ailə daxilində ailə üzvlərinin vəzifələrini dəqiq müəyyən edin.

– Özünüzü yaxşı tanıyın (məsələn, ən çox hansı hərəkətlər ürəyinizcədir).

– Uşağınızı yaxşı tanıyın (məsələn, ən çox hansı hərəkətlər ürəyincədir).

– Nə olursa-olsun, sabit hərəkət etməyə çalışın.

– Qəbul edəcəyiniz qərarları ailənizlə bir yerdə qəbul edin.

– Ata ananı, ana isə atanı ön plana çıxarsın (məsələn, “Bu məsələni anan daha yaxşı bilər” kimi).

– Uşağınızdan necə valideyn olduğunuzu öyrənin (məsələn, sizin hansı hərəkətinizdən razıdır, ya da razı deyil).

– Uşağınız üçün həmişə yaxşı model olmağa çalışın.

– Nə olursa-olsun, sözünüzlə işiniz bir olsun.

– Və bir də unutmayın, bir məsələni şişirtmək nə qədər təhlükəlidirsə, onu ört-basdır etmək də bir o qədər təhlükəlidir.

 

 

Məsudə Sultan




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir