usaq

Uşağın aqressiyasının arxasında nə gizlənir?

Baxış sayı: 426

Uşaq yaşıdını itələyir, “səndən nifrət edirəm!” – deyə bağırır, oyuncağını yerə çırpır… Böyüklərin ilk reaksiyası adətən eynidir – qınamaq və cəzalandırmaq. Bu davranışlar bir çoxuna dərhal “pis hərəkət”, “kapriz”, yaxud “uşağın manipulyasiya cəhdi” kimi görünür. Lakin əslində, uşaq agresiyasının kökündə tamamilə fərqli və çox dərin bir səbəb dayanır – kəskin acizlik və dözülməz frustrasiya.

Beləliklə, bununla bağlı məlumatları sizə təqdim edirik:

 

Uşaq içindəki fırtına ilə bacarmır

Uşaq güclü bir emosiya, reallaşmayan bir istək və ya çətin bir vəziyyətlə qarşılaşdıqda, bunun öhdəsindən gəlmək üçün kifayət qədər alətə malik olmur. Onun beyni – xüsusilə impulsları idarə edən və problemi həll edən prefrontal korteks – hələ inkişaf mərhələsindədir.

Bu zaman uşaqda əsas instinkt – “vur və ya qaç” – işə düşür.

 

Yıxılmış qüllə – uşaq üçün bir dünya çöküşüdür

Təsəvvür edin: uşaq qurduğu blok qülləsi bir daha yıxılır. Valideyn yalnız isterika və dağılan oyuncaq hissəciklərini görür. Amma uşaq üçün bu, dünyanın dağılmasıdır, məqsədinə çata bilməməkdən yaranan acizlik hissidir. Onun qəzəbi – ümidsizliyin çarəsiz qışqırığıdır.

 

Ağlamayan şagirdin tək müdafiəsi – aqressiyadır

İbtidai məktəb şagirdi ikilik qiymət alır. Ağlamaq əvəzinə müəllimə kobud cavab verir, ya da sinif yoldaşını incidir. Onun içində isə fərqli hisslər qarışıb:

Utanma – “mən bacarmıram”

Qorxu – “valideynlər məni danlayacaq”

Acizlik – “bu mövzunu başa düşmürəm”

Uşaq bu həssaslığını ifadə etməyə söz tapa bilmir – ona görə də hücum edir.

 

Qapını çırpan yeniyetmə sadəcə “ədəbsiz” deyil

Təqdir və dəstək əvəzinə davamlı tələb görən yeniyetmə, qapını çırpır, üzünü çevirir. Bu reaksiya – sadəcə bir əxlaq problemi deyil, toplanmış inciklik, ədalətsizlik hissi və ifadə edilməmiş emosiyaların partlayışıdır.

Sanki deyir: “Hər kəs məndən gözləyir, bəs mənim hisslərim nə olacaq”?

 

Aqressiya – S.O.S siqnalıdır

Bu davranış – “pis xarakter” deyil. Bu, uşağın dil tapmadığı daxili fırtınaya qarşı son çıxış yoludur. O sanki deyir:

“Mən içimdə baş verənlərlə bacarmıram! Başqa çıxış yolum yoxdur”!

 

Nə etməli? – Cəza yox, anlayış və dəstək

Uşağın qəzəbinin arxasında gizlənən bu acizliyi görmək – onu həqiqətən anlamağın və dəstək verməyin açarıdır.

Ən doğru yanaşma:

Səbirli olmaq

Davranışın arxasındakı səbəbi anlamağa çalışmaq

Uşağı duyğularını tanımağa və qəbul olunan yollarla ifadə etməyə öyrətmək

Çünki uşaq aqressiyasının əsl cavabı – qorxuya yox, anlayışa ehtiyacdır.

 

Xədicə Əfqan




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir