aile

Uşağın inkişafında əsas yük kimin üzərinə düşür?

Baxış sayı: 526

Ailədə uşağın hərtərəfli inkişafı və şəxsiyyət kimi formalaşması asan məsələ deyil. Bəzən müəyyən bir nəticə əldə etmək üçün böyük səy və səbir etmək lazım gəlir. Şəxsiyyətin formalaşmasının sosial institutu kimi ailə böyük əhəmiyyətə malikdir.

Yalnız ailədə bir insan sonrakı həyat üçün lazım olan bacarıqları inkişaf etdirə bilər. Mütəxəssislər hesab edirlər ki, özünü inkişaf etdirmə bacarıqlarına yiyələnən uşaq, güclü təcrübə və özünütəsdiq etmədən tam inkişaf edir. Valideynlər mənəvi təcrübə edirlərsə və ya sadəcə başqa bir şəkildə özləri üzərində işləyirlərsə, oğul və ya qızın həyatda həqiqətən uğurlu bir insan olmaq şansları var. Şəxsiyyət inkişafı həmişə bir çox amillərin təsiri altında tədricən baş verir və bu məsələdə ata-ananın üzərinə böyük məsuluyyət düşür. Unutmaq olmaz ki,valideynlərin uşaqlarla münasibəti yeniyetməlik, gənclik yaşı dövründə də onların formalaşmasında əhəmiyyət kəsb edir.

Maraqlıdır, görəsən, uşağın inkişafında əsas yük kimin üzərinə düşür? Uşağın şəxsiyyət kimi formalaşmasında ata yoxsa, ana daha çox məsuliyyət daşıyır?

aile

Məsələyə münasibət bildirən uşaq psixoloqu Kəmalə Baxış deyir ki, uşaqların inkişafında 3 əsas amil rol olynayır:

genetika, mühit, tərbiyə. Onun sözlərinə görə, bu 3 faktor ayrı-ayrılıqda uşaqların inkişafını şərtləndirir: “Alimlər sübut ediblər ki, ağıl atandan genetik olaraq qıza, anadan isə oğula ötürülür. Yəni, loru dildə desək, kimin qabında nə varsa odur.  İkincisi mühitdir ki, bu, uşağın gələcək inkişafına ciddi təsir edir. Üçüncüsü isə tərbiyədir və tərbiyə metodunu düzgün seçmək valideynlərin üzərinə düşən əsas məsuliyyətdir. Əgər uşaqların ata və anaları daima işdədirlərsə, uşaq ya bağçada, ya da dayə yanında qalır və biliyi də onlardan alır. Əgər ana evdədirsə, bu məsələ ilə bağlı ana məşğul olmalıdır. Ya özünün savadı varsa, uşaqla birbaşa özü məşğul olur, ya da kənardan peşəkar mütəxəssis xidmətindən istifadə edir. İndi hər cür imkan var ki, analar öz övladlarını formalaşdırsınlar. Əslində, bu proses hələ hamiləlik dövründən başlamalıdır. Ana uşaqların inkişafı ilə bağlı müxtəlif kitablar almalı, məlumatlar toplamalıdır. Təcrübəmdə olub ki, bəzən yanıma uşaq gətirirlər, uşaq artıq 3-cü sinifdə oxuyur, amma nə doğru-düzgün hərfləri, nə də rəngləri tanımır. Açığı, necə olur ki, ailədə belə bir qüsur yaranır, onu mən də anlamıram. Əslində, uşaq hətta ana bətnində də təlimlənir. Onun eşitdiyi səslər, musiqilər, ona müraciət olunan səslər və s. hər biri ciddi təsir alətləridir. Bir məqamı da vurğulayım ki, uşaqların ilk 7 ili analarla bağlıdır. Növbəti 7 il atalarla bağlıdır və uşaq hər iki dövrü normal yaşayıbsa, yəni “ana dövrü”, “ata dövrü” yaxşı keçibsə, bu halda yeniyetməlik dövründə heç bir fəsadlar olmur”.

Mütəxəssis vurğulayıb ki, valideynlər uşaqların həm “ana dövrü”nü, həm də “ata dövrü”nü normal yaşamasına xüsusi diqqət yetirməlidirlər: “Bu, bütün dünyada belədir və hər iki dövrü normal keçirən uşaqlar növbəti dövləri də problemsiz keçirirlər. Bəzən elə olur ki, müəyyən səbəblərdən uşaq “ana dövrü”nü yaxşı keçirə bilmir, məsələn, ana doğuş zamanı dünyasını dəyişir, ata nə etsə də, həmin boşluğu doldura bilmir. Bu halda neyləsək də o uşaqda psixoloji travma yaranacaq. Bəzən isə uşaqlar ilk 7 ili normal yaşayır, növbəti 7 illik dövrdə isə valideynlər boşanırlar. Bu halda “ata dövrü” olmadığından boşluq yaranır və həmin insan yeniyetməlik dövründə ciddi problemlər yaşayır. Yəni, uşaqların inkişafında, şəxsiyyət kimi formalaşmasında nə ana atanı, nə də ata ananı əvəz edə bilər. Hər ikisi bərabər rola malikdir. Bu rolu da valideynlər çalışmalıdırlar ki, layiqincə yerinə yetirsinlər. Tutaq ki, ailə bərabər oturub hansısa intellektual oyunu izləyir. Bu özü ailənin birlikdə zaman keçirməsi baxımından müsbət haldır. Bəzən görürsən ki, bütün ailə televiziyanın qarşısında oturur, oyunun gedişatında ata sualların əksəriyyətini cavablandırır, anadan isə səs çıxmır. Uşaq soruşur ki, ana niyə ata sualların çoxuna cavab verir, sən cavab verə bilmirsən? Ana uşağın sualını cavablandırmamış ata dərhal o tərəfdən müdaxilə edir və deyir ki, ananın başı nə gəzir o suallara cavab versin və s. kimi cümlələr işlədir. Təbii ki, bu durum uşaqlara psixoloji cəhətdən təsir göstərir. Biz unutmamalıyıq ki, uşaqlar həm fizioloji, həm də psixoloji olaraq ilk 7 illərini analarla bağlı olurlar. Növbəti 7 ildə isə uşaqların tərbiyəsində ataların rolu xüsusi çəkiyə malik olur. Bu dövrlərə diqqət edən ailələrin uşaqları da gələcəkdə sağlam düşüncəli, normal psixologiyaya malik olurlar”.

aile

Məsələyə münasibət açıqlayan psixoloq Aida Nəbiyeva hesab edir ki, uşaq tərbiyəsində ilk növbədə psixoloji iqlimin sağlam olması vacibdir. Onun sözlərinə görə, uşağa qoyulan normalar mütləq əvvəldən müzakirə olunmalıdır ki, ata-ananın fikirləri üst-üstə düşsün:

“Yəni ananın dediyi sözü ata inkar edərsə, bu zaman uşağın düzgün tərbiyəsindən söhbət gedə bilməz. Uşaqların nitqi, danışıq tərzi, söz ehtiyatı belə valideyn davranışı ilə birbaşa bağlıdır. Əgər valideyn övladı ilə kobud danışırsa, uşaq da dostları ilə, ümumilikdə ətrafdakılarla söhbət edərkən həmin danışıq tərzindən istifadə edəcək. Əlbəttə, bu da həmin uşaq haqqında xoş rəy yaratmayacaq. Yəni, valideynlər davranışları ilə övladlarına nümunə olmalıdırlar. Tutaq ki, ata övladına böyüklərə hörmət etməyi tövsiyə edir, amma o özü evdəkilərə və ya həyətdəki qocaya xoş münasibət göstərmir. Ətrafındakılara laqeyd olan bir valideynin övladına ədəb dərsi keçməsi mənasızdır. Uşaqların tərbiyəsində nənə və babanın rolu əvəzsizdir. Onların danışdıqları nağıllar uşağın düçüncələrinə, davranışlarına birbaşa təsir edir”.

Onun fikrincə, oğlan və qız tərbiyəsində, onların inkişaf ında elə də ciddi fərq qoyulmamalıdır: “Uşaqlara qarşı ümumi davranışlar müəyyən yaş dövrünə qədər eyni olmalıdır. Böyüyəndən sonra cinsi tərbiyədə müxtəlif formada yanaşılmalıdır. Bizim ailələrdə qız və oğlan tərbiyəsində qəribə bir yanaşma var, oğlana hər şey olar, amma qıza yox. Nəticədə qızlar çəkingən, olur, oğlanlar isə istədiyini edə, istədiyi formada davranırlar. Bundan əvvəlki nəsli təhlil edərkən görürük ki, qızlar analarından, oğlanlar isə atalarından çəkinir. Ünsiyyət var, amma səmimiyyət yoxdur. Nə qədər ki, səmimiyyət, dostluq yoxdur, onlar arasında həmişə problem oalcaq. Nəticədə uşaq dərdini danışacağı başqa birini tapacaq və kim təminat ver bilər ki, həmin insan kifayət qədər güvənilirdir. Valideynlə dost olmayanlar xarici mühitə can atır, ailədən uzaqlaşır. Ev onlar üçün yalnız yemək, yatmaq, pul götürmək yeri olur. Biz bununla bağlı valideynlərə tövsiyə verəndə isə xüsusilə atalar deyir ki, mən övladımla dost ola bilmərəm, çünki bu zaman o mənə hörmət etməz”.

Ekspert vurğulayır ki, istər qız, istər oğlan övladı olmasına baxmayaraq, valideynlər hər iki uşağa yetərincə diqqət ayırmalıdırlar: “Bəzi vərdişləri uşaqlara kiçik yaşlarından aşılamaq lazımdır. Tutaq ki, onlara tapşırıq verin. O da dərk etsin ki, ona nəsə tapşırılıb və bunu mütləq etməlidir və əvəzində o mükafat və ya alqış alacaq. Bağçaya getməyən uşaqlarda məsuliyyət hissi də az olur. Ən azından orada uşağa tapşırıqlar verilir, hətta hədiyyə alarkən də diqqətli olmalı və yenə də məsuliyyət unudulmamalıdır. Eyni zamanda, uşaqlara hər gün yeni hədiyyə almaq doğru deyil. Bir gəlincik, maşın alanda bir neçə ay ona imkan yaradın ki, o, oyuncağı dərk etsin. Digər bir vacib məqam isə onunla bağlıdır ki, Azərbaycan ailələrində ata işə gedən, pul qazanan, fikirlərinə qarşı heç bir söz deyilməyən, övladın birbaşa ünsiyyət qurmadığı bir şəxs kimi tanınır. Yəni, ailə üzvləri nə düşünür-düşünsün yalnız onun qərarı əsasdır. Övladın tərbiyəsinə birbaşa qarışmır, bütün məsuliyyət də ananın üzərinə düşür. Hansısa problem yaşananda o, sadəcə, günahı başqalarında axtarır, özü nə qədər məsuliyyət daşıyır bunu düşünmür. Bir sözlə, bizdə atalar məsuliyyətdən qaçır. Təkcə ana tərbiyəsi yetərli deyil. Hər bir valideyn bir psixoloq qədər bilikli olmalı və övladın inkişafında rol oynamalıdır”.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir