Yadınızdadırsa, ötən ay 10 yaşlı Nuray Bayramzadənin himayəsində olduğu xalasından alınaraq atasına verilməsi ilə bağlı h ər birimizi sarsıdan, cəmiyyətdə böyük əks-səda yaradan bir olay baş vermişdi. Qanuni qüvvəyə minmiş məhkəmə qərarını icra etməyə çalışan icraçılar və uşağın atası tərəfindən 10 yaşlı uşağa qarşı zor tətbiq edilməsinin, onun fikri və istəyi nəzərə alınmadan xalasından alınaraq müvəqqəti olsa da atasına verilməsinin şahidi olmuşduq.
Bu olay uşaq hüquqlarının qorunması və uşağın üstün mənafeyinin rəhbər tutulması ilə bağlı ölkə qanunvericiliyində mövcud olan boşluqları və problemləri bir daha gündəmə gətirdi.
Lakin bu olayın iki tərəfi vardır, bir tərəfdə illərdi uşağına qovuşmaq istəyən və bunun üçün bütün məhkəmə instansiyalarında çəkişən ata durur, digər tərəfdə anasının ölümündən sonra xalası ilə qaldığından ona ana kimi bağlanmış və bu səbəbdən ona tamamilə yad olan atasının yanına getmək istəməyən 10 yaşlı uşaq.
Əlbətdə ki, bu olay bir çox suallar yaradır. İlk suallardan biri kimi insanın ağlına bu uşağın hansı səbəbdən öz doğma atasını 10 yaşına çatanadək görə bilməməsi, onunla ünsiyyətdən məhrum edilməsi gəlir.
Nikahın pozulmasından sonra uşağın hər iki valideyni görmək və ünsiyyət etmək hüququ nədən təmin olunmamışdır?
Nikahın pozulmasından sonra digər valideyni görmək və ünsiyyət etmək hüququnun məhdudlaşdırılması uşağın üstün mənafeyinə cavab verirdimi?
Cəmiyyətin əsas özəyi olan ailə nədən qorunmurdu?
Cavabında isə nikahın pozulmasından sonra valideynlər və qohumlar arasında münasibətlərin kəskin olması və bu subyektiv yanaşmanın, şəxsi qərəzliyin, uşağa dair qərar qəbul edən insanların sui-istifadə etmə imkanlarının qarşısını almaq üçün qanunvericilikdə kifayət qədər preventiv mexanizmin olmaması durur.
Rəsmi statistikaya görə Azərbaycanda 2016-cı ildə 11295 uşaq valideynlərindən birinin qayğısı olmadan böyüyür.
Rəsmi statistikaya görə 2012-ci ildə Azərbaycanda nikahı pozulan ailələrin sayı 11087 nəfər olub. Bunun nəticəsində 5637 nəfər uşaq bir valideynsiz yaşamaq məcburiyyətində qalıb. 2016-cı ildə Azərbaycanda rəsmi şəkildə boşanan ailələrin sayı ötən illərlə müqayisədə xeyli artıb. Belə ki, 2016-ci ildə 13114 ailə rəsmi şəkildə dağılıb. Nəticədə 11295 uşaq valideynlərindən birinin qayğısı olmadan böyüməli olub. Göründüyü kimi 2012-ci illə müqayisədə 2016-cı ildə 5658 uşaq bir valideyninin qayğısından məhrum olub. Rəqəmlərin belə artması mövcud durumda uşaq hüquqlarının nə dərəcədə təmin olunması məsələsini yenidən gündəmə gətirib.
Günün böyük problemlərindən biri də valideynlərin ayrılması zamanı digər valideynə qarşı mənfi hisslərin formalaşması üçün uşaqlara edilən psixoloji təyziqlərdir. Bəzən ananın ataya, yaxud əksinə atanın anaya qarşı mənfi fikirləri uşaqların da mənəvi cəhətdən zədə almasına gətirib çıxarır. Belə hallar baş verirsə, uşaqlar hansı zərbələri ala bilər? Yaxud uşaqları bu cür zərbələrdən qorumaq üçün hansı addımlar atılmalıdır?
Mövzu ilə bağlı fikirlərini bildirən psixoloq İbrahim İbrahimov uşaqların ala biləcək travmalardan bəhs edib:
Valideynlərin uşağa təzyiq kimi bir- biri haqında mənfi təəssürat formalaşdırması.
“Valideynlərin dost kimi ayrılması inkişaf etmiş şüura məxsus davranışdır. Təəssüf ki, bəzən ayrılıq olduğu zaman bunu məntiqi müstəvidə doğru şəkildə edə bilmirlər. Bu zaman ya uşağı atadan, yaxud da anadan ayırmaq istəyirlər. Bəs bu proses uşaq üçün hansı fəsadlar törədə bilər?
Ailədə atası tərəfindən şiddət görən qızlar gələcəkdə özlərini kişi kimi aparmağa çalışacaq ki, qoy əzilən cinsin nümayəndəsi olmasın. Həmçinin atası ilə görüşməyən oğlan anasıyla çox vaxt keçirəcək və kişi davranışlarını az mənimsəyəcək. Atasıyla böyüyən qız qadın davranışlarını az öyrənəcək və s.
Bütün bunlar ondan xəbər verir ki, hər iki valideynin uşağın tərbiyə prosesində iştirakı vacibdir və onlardan hansısa davranışı model almalıdır. Bunların biri əksik olan uşaqlarda tarazlıq pozulur. Bunun üçün valideyn maraqlı olmaldıdır ki, uşaq həm anasıyla, həm də atasıyla ünsiyyətdə olsun. Əks təqdirdə uşağa ziyan vuracaqlar və nəticədə də dolayı yolla özlərinə ziyan vurmuş olacaqlar.
Sanki uşaq bu valideynlərdən hansınısa itirmiş hissinə qapılar. Doğru olan münasibət isə valideynin uşağa başa salmasıdır ki, biz ayrıla bilərik ancaq bu sənlə atanın və yaxud ananın ayrılması mənasına gəlmir. Valideynlərin sağdır. Sadəcə onlar fərqli yerdə yaşayacaqlar və sən istədiyin vaxtı, istədiyin valideynlə görüşə bilərsən. Həmçinin izah olunmalıdır ki, bir- biriylə dalaşan,bir – birini təhqir edən,alçaldan bir ailədə sənin böyüməyin sənin psixologiyan üçün mənfi təsir edə bilər. Hər gün konflikdənsə ayrı yaşamaq və bir- birinə hörmətlə yanaşmaq sənin özünə də olan hörmətini və əsəblərini normada saxlayacaq. Qeyd olunan məsləhətləri mütləq uşaqlara vermək lazımdır. Biz bununla da onların psixoloji zərbə almasının qarşısını ala bilərik.”
Mövzu ilə bağlı suallarımızı vəkil Ruhiyyə İsayevaya da ünvanladıq.
Azərbaycan qanunvericiliyinə əsasən ailə və uşaq hüquqları necə tənzimlənir?
Cəmiyyətin əsas özəyi olan ailə və uşaq hüquqları dövlət tərəfindən müdafiə edilir və dəstəklənir.
Nikah, ailə həyatına hörmət hüququ, uşaq hüquqları milli qanunvericiliklə yanaşı Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə də təsbit olunmuşdur. Azərbaycan Respublikasının Konstitusiyası (12.11.1995), Azərbaycan Respublikasının Ailə Məcəlləsi (28.12.1999), “Uşaq hüquqları haqqında”Azərbaycan Respublikasının Qanunu (19.05.1998), BMT-nin «Uşaq hüquqları haqqında» Konvensiyası (1992), “İnsan hüquqlarının ümumi Bəyannaməsi”, “Mülki və siyası hüquqlar haqqında” Beynəlxalq Pakt, “İqtisadi, mədəni və sosial hüquqlar haqqında” Beynəlxalq Pakt, “İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiya nikah, ailə həyatına hörmət hüququ, uşaq hüquqları ilə bağlı müddəaları nəzərdə tutmaqla yanaşı, həmin hüquqların müdafiəsi ilə bağlı dövlətin pozitiv öhdəliklərini də müəyyənləşib.
“İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 8-ci maddəsinə əsasən hər kəs ailə həyatına hörmət hüququna malikdir. Bu hüquq yalnız həmin maddədə və qanunda nəzərdə tutulan və demokratik cəmiyyətdə zəruri olan hallarda müdaxiləyə məruz qala bilər. Konvensiyanın 7 saylı Protokolunun 5-ci maddəsinə əsasən ər-arvad nikaha daxil olmaq və boşanma ilə bağlı məsələlərdə öz aralarında və uşaqları ilə münasibətlərdə bərabər hüquqlara malikdirlər və bərabər mülki-hüquqi cavabdehlik daşıyırlar.
Azərbaycan Respublikasının Konstitusiyasında da cəmiyyətin əsas özəyi kimi ailənin dövlətin xüsusi himayəsində olması, ər ilə arvadın hüquqlarının bərabərliyi, uşaqların qayğısına qalmaq və onları tərbiyə etməyin valideynlərin borcu olması təsbit edilib.”
Uşaq kimlərə deyilir?
Ailə Məcəlləsinə əsasən 18 yaşına (yetkinlik yaşına) çatmayan və tam fəaliyyət qabiliyyəti əldə etməyən şəxslər uşaq hesab olunurlar.
Bizim araşdıracağımız mövzu uşaqların valideynləri ilə görüş hüququ ilə bağlıdır. Bu mövzu kifayət qədər aktual və problemli sahə kimi hər zaman mətbuatın da gündəmini zəbt edir.
Uşağın hansı hüquqları vardır və valideynlərin bu hüquqların təmin edilməsində rolu nədir?
Azərbaycanın ailə qanunverciliyinə əsasən uşaq öz valideynləri tərəfindən tərbiyə olunmaq, öz maraqlarının təmin olunması, hərtərəfli inkişafı, onun ləyaqətinə hörmət olunması hüququna malikdir.
Ər-arvad ailədə öz münasibətlərini qarşılıqlı yardım və hörmət hissi əsasında qurmalı, ailənin möhkəmləndirilməsi və rifahı üçün birgə fəaliyyət göstərməli, övladlarının inkişafı üçün əlverişli şərait yaratmalı və onların sağlamlığının qayğısına qalmalıdırlar.
Ailə qanunvericiliyinə əsasən ailədə yaşamaq və tərbiyə almaq, öz valideynlərini tanımaq və onların qayğısından istifadə etmək, uşağın maraqlarına zidd olan hallar istisna olmaqla, onlarla birgə yaşamaq hüququ uşaqların hüquqları kimi qeyd olunmuşdur.
Nikahın pozulmasından sonra uşağın digər valideynlə görüş və ünsiyyət hüququ necə tənzimlənir?
Valideynlərinin hər ikisindən və ya birindən ayrı yaşayan uşağın onları tanımaq, habelə bu ona mənfi təsir göstərmirsə, valideynləri ilə ünsiyyətdə olmaq hüququ vardır.
Valideynlər müxtəlif dövlətlərdə yaşadıqda belə və hətta ekstremal hallarda belə (uşaq tutulduqda, həbs olunduqda, saxlanıldıqda, müalicə müəssisələrində yerləşdirildikdə və s.) uşağın qanunvericiliklə müəyyən olunmuş qaydada öz valideynləri və qohumları ilə ünsiyyətdə olmaq hüququ vardır.
Uşaqların yuxarıda qeyd olunan hüquqlarına valideynlərinin nikahının pozulması və ya etibarsız sayılması, valideynlərinin ayrı yaşaması təsir etmir və valideynlər ayrı yaşadıqda belə uşağın onların hər biri ilə ünsiyyət etmək hüququ vardır.
Eyni zamanda da, ailə qanunvericiliyinə və uşaq hüquqlarına dair beynəlxalq hüquq normalarına uyğun olaraq, uşaqlardan ayrı yaşayan valideynin də övladı ilə ünsiyyətdə olmaq, uşaqların tərbiyə və təhsili ilə bağlı məsələlərin həll edilməsində iştirak etmək hüququ vardır.
Uşaqla birlikdə yaşayan valideyn uşağın fiziki, psixi sağlamlığına, onun əxlaqi inkişafına zərər yetirməyən digər valideynlə uşağın ünsiyyətinə mane olmamalıdır.
Uşağın ailədə valideynləri ilə birgə yaşamaq, onlardan qayğı görmək hüququ vardır. Qanunvericiliklə nəzərdə tutulmuş hallardan başqa valideynlərin istəyinə zidd olaraq uşağı onlardan ayırmaq qadağandır.
Uşaqlarından ayrı yaşayan valideynlər valideynlik hüququnun həyata keçirilməsi və uşaqla ünsiyyətin qaydası haqqında yazılı saziş də bağlaya bilərlər. Valideynlər razılığa gələ bilmədikdə isə, mübahisə onların (onlardan birinin) tələbi sasında Yerli İcra Hakimiyyətinin Qəyyumluq və Himayə Orqanlarının iştirakı ilə məhkəmə tərəfindən həll edilir.
Uşaqla ünsiyyət etməklə yanaşı uşaqdan ayrı yaşayan valideyn öz uşağı haqqında tərbiyə və müalicə, sosial müdafiə və digər müvafiq müəssisələrdən məlumat almaq hüququna da malikdir. Yalnız uşağın həyat və sağlamlığı üçün valideyn tərəfindən təhlükə olduqda bu cür məlumat verilməsindən imtina edilir.
Hətta qəyyumun (himayəçinin), uşağın valideynləri, yaxın qohumları ilə ünsiyyət uşağın maraqlarına cavab vermədiyi hallardan başqa, uşağın onlarla ünsiyyət saxlamasına icazə verməmək hüququ yoxdur.”
Məhkəmənin qərarını könüllü icra etməyən valideynləri hansı cəza gözləyir?
Məhkəmənin qətnaməsinə əməl etməyən valideynə qarşı mülki-prosessual qanunvericiliyə uyğun ölçü götürülür. Bu qətnaməyə qəsdən əməl edilmədikdə, məhkəmə uşaqdan ayrı yaşayan valideynin tələbi ilə uşağın üstün mənafeyi və rəyi nəzərə alınmaqla onun həmin valideynə verilməsi haqqında qətnamə qəbul edə bilər.
Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumu “Valideynlərin və digər qohumların uşaqla ünsiyyətdə olmaq hüquqları ilə əlaqədar qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 28 oktyabr 2011-ci il tarixli, 6/2011 № li Qərarda məhkəmələrə valideynlərin və digər qohumların uşaqla ünsiyyətdə olmaq hüquqları ilə bağlı işlərə baxarkən aşağıdakı çox faydalı tövsiyyələr vermişdir:
Uşaqların cəmiyyətdə, ailədə xoşbəxt, məhəbbət və anlaşma şəraitində sağlam böyüməsini təmin etmək dövlətin qarşısında duran mühüm vəzifələrdən biridir.Uşaqlardan ayrı yaşayan valideynlərə uşaqlarla ünsiyyət üçün elə vaxt və müddət müəyyən edilməlidir ki, o, qanunla nəzərdə tutulan valideynlik hüquqlarını real və maneəsiz həyata keçirə bilsin. Məhkəmələr nəzərə almalıdırlar ki, uşaqla ünsiyyətdə olmaq istəyən valideynin iddiasının formal təmin edilməsi, uşaqla ünsiyyət üçün simvolik və əlverişsiz müddət müəyyən edilməsi yolverilməzdir. Məhkəmələrin diqqətinə çatdırılsın ki, qanunvericilik uşaqlarla ünsiyyət hüququnun birbaşa məhkəmə müdafiəsi qaydasını yalnız ayrı yaşayan valideynlərə aid etmişdir. Məhkəmələr uşaqla ünsiyyətdə olma vaxtını müəyyən edərkən işin bütün hallarını, o cümlədən ailədə neçə uşağın olmasını, onların yaşını, bağçaya, yaxud məktəbə gedib-getməməsini, səhhətini, hansı valideynə daha çox bağlılığını, onun mənəvi, psixi və fiziki inkişafına təsir edən digər amilləri nəzərə almalıdır. Tərəflərin qarşılıqlı münasibətləri, işin faktiki halları nəzərə alınmaqla məhkəmənin qətnaməsində uşaqla görüşün (ünsiyyətin) yeri, vaxtı, hansı şəraitdə keçirilməsi, eyni zamanda görüşdə iştirak edən şəxslərin dairəsi göstərilə bilər.
Valideynlərindən biri xarici ölkədə yaşayan uşaqlar onunla necə əlaqə saxlaya bilər?
Vəkil Ruhiyyə İsayeva:
“Valideynlərdən biri başqa dövlətdə yaşadıqda uşaqların onunla ünsiyyətdə olması hallarına xüsusi diqqət verilməlidir. BMT-nin “Uşaq hüquqları haqqında” Konvensiyasının 9-cu maddəsinin 3-cü bəndi — iştirakçı dövlətlər valideynlərinin birindən və ya hər ikisindən ayrı yaşayan uşağın hər iki valideyni ilə müntəzəm əsasda şəxsi münasibətlər və birbaşa əlaqələr saxlamaq hüququna hörmət bəslənilməsini, bu münasibət və əlaqələrin uşaqların maraqlarına zidd olmamasını təsbit etmişdir. BMT-nin «Uşaq hüquqları haqqında Konvensiyası»nın 10-cu maddəsinin 2-ci bəndi rəhbər tutularaq qeyd olunur ki, dövlətlərarası siyasi münasibətlər deyil, hər bir dövlətin uşaqların və valideynlərin hüquqlarına hörmət bəsləməsi prinsipi əsas götürülməlidir.
Qanunun tələbinə görə uşaq ekstremal hallarda da (tutulduqda, həbs olunduqda, müalicə müəssisəsinə yerləşdirildikdə və sair) qanunvericiliklə müəyyən edilmiş qaydada öz valideynləri və qohumları ilə ünsiyyətdə olmaq hüququna malikdir.
Odur ki, dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. Azərbaycan Respublikasının normativ hüquqi aktları və müvafiq orqanların qərarları uşaq mənafelərinə zidd olmamalı və onların icrası uşaqların həyatına, inkişafına və tərbiyəsinə zərər gətirməməlidir.”
Uşaqların valideynlərindən əlavə daha kimlərlə görüşmək hüququ var?
Vəkil Ruhiyyə İsayeva:
“Qanunun tələbinə görə baba, nənə, qardaş, bacı və digər qohumlar uşaqlarla ünsiyyət hüququna malikdirlər. Valideynlər (onlardan biri) uşağın bu və ya digər qohumları ilə ünsiyyətinə etiraz etdikdə müvafiq icra hakimiyyəti orqanı valideynlərin (onlardan birinin) bu ünsiyyətə mane olmamasını tələb edə bilər. Valideynlər (onlardan biri) müvafiq icra hakimiyyəti orqanının (yerli icra hakimiyyətlərinin qəyyumluq və himayə orqanlarının) qərarına tabe olmadıqda, uşağın yaxın qohumları və ya müvafiq icra hakimiyyəti orqanı uşaqla ünsiyyətdə olan maneəni aradan qaldırmaq üçün iddia ilə məhkəməyə müraciət edə bilər. Məhkəmə 10 yaşına çatmış uşağın fikrini və marağını nəzərə almaqla mübahisəni həll edir.”
Qanunun mövcud bəndinə misal olaraq bir nümunəni təqdim edirik.
Qanunla qeyd olunduğu kimi uşaqların baba və nənələri ilə də görüşmək hüququ var.
Bəs , praktikada bu necə tənzimlənir. Hansı problemlərə rast gəlinir? Bunu aydınlaşdırmaq üçün bir neçə ildir ki, nəvəsi ilə görüşə bilməyən Qurbanzadə Tofiqlə əlaqə saxlayıb. Onun sözlərinə görə oğlu ilə keçmiş gəlini artıq 3 ildir ki, boşanıblar. Amma qarşı tərəf onun nəvəsi ilə görüşünə müxtəlif bəhalərlə şərait yaratmır:
“ Nəvəmin artıq 9 yaşı var. Keçmiş gəlinimiz bizim uşaqla görüşümüzə mane olurdu. 2014- cü ildə məhkəməyə müraciət etdik. Məhkəmə görüş üçün vaxt təyin etdi. Amma qarşı tərəf müxtəlif bəhanələrlə buna mane oldu. Uşağın anası uşağı bizdən qaçırır. Uşaq bu gün psixoloji təsir altındadır. Ona görə də atası və bizimlə görüşdən qaçır.
Keçən il martın 2-də uşaqla maraqlanmaq üçün oxuduğu məktəbə getdik. Bir neçə dəfə getsək də, uşağı orada tapa bilmədik. Bir müddətdən sonra biz yenidən görüşlə bağlı müraciət etdik. Buna baxmayaraq bu günə kimi bizə uşağı göstərmirlər. Biz yalnız icra məmurunun köməkliyi ilə həmin insanlarla əlaqə saxlaya bilirik. Yoxsa, bizə cavab vermirlər. Mən keçmiş gəlinimin uşağı ilə bizim evimizdə yaşaması üçün də şərait yaratdım. Lakin qarşı tərəf 2014-cü ildən çıxan məhkəmə qətnaməsini bu günə kimi yerinə yetirmir.
Göründüyü kimi icrada böyük problemlər var.
Uşaqların hansı hallarda valideynləri ilə görüşünə qadağa qoyula bilər?
Uşaq valideynləri və qohumları ilə ünsiyyətdə olmaq hüququna malikdir. Valideynlər ayrı yaşadıqda uşaq onların hər biri ilə ünsiyyət hüququna malikdir. Eləcə də, uşağın valideynləri və qohumları da, uşaqla ünsiyyət hüququna malikdir. Lakin, uşağın fiziki, psixi sağlamlığına, onun əxlaqi inkişafına zərər yetirilən hallarda, valideynlərin və qohumların uşaqla görüşməsi qadağan olunmalıdır. Çünki, onların bu hüquqları uşaqların mənafeyinə zidd həyata keçirilə bilməz.
Hüquqşünas Məhərrəməli Həmidovun sözlərinə görə, valideynlər və qohumlar öz hüquqlarından sui-istifadə etdikdə, uşaqlara qarşı məişət zorakılığı ilə bağlı hərəkətlər törətdikdə, psixi pozğunluq, xroniki alkoqol və narkomaniya xəstəsi olduqda, uşaqların sağlamlığına və ya həyatına qarşı qəsdən edilmiş cinayət törətdikdə və uşağla kobud davrandıqda, Dövlət valideynlərin və qohumların bu hüquqlarına müdaxilə edərək, onlara uşağla görüşməylərinə icazə verməməlidir.
“Azərbaycan Respublikası Ailə Məcəlləsinin 60.2-ci maddəsində də göstərilir ki, valideynlik hüquqlarını həyata keçirərkən valideynlər uşaqların mənəvi inkişafına, fiziki və psixi sağlamlığına xələl yetirməməlidirlər.
Uşağın həyat və sağlamlığının təhlükədə olması, onun həyatına, sağlamlığına və ya mənəviyyatına təhlükə törədə bilən valideyn və qohumlarla ünsiyyətə cəlb olunması barədə məlumatı olan hər kəs bu barədə uşağın faktiki olduğu yerin İcra Hakimiyyətinə məlumat verməyə borcludur. Dövlətin müvafiq qurumu bu cür məlumat aldıqda uşağın hüquqlarının və qanuni mənafelərinin müdafiəsi üçün dərhal zəruri tədbirlər görməlidir.”
Göründüyü kimi Azərbaycanda uşaqların hüquqlarının müdafiəsinə yönəlmiş, beynəlxalq təcrübəyə istinad edilmiş qanunlar var. Buna baxmayaraq həmin qanunların işləmə mexanizmində müəyyən ləngimələr var. Bundan əlavə mühüm problemlərdən biri də uşaqların və valideynlərin öz hüquqlarını yaxşı bilməməsi ilə bağlıdır. Hesab edirəm ki, bunun da əsasında ibtidai təhsil dayanır. Təklif edirəm ki, uşaqlara məktəbdə hüquqları, azadlıqları barədə qısa məlumatları özündə əks etdirən məlumatlar verilsin. Məsələn bunu dərsliklərə uşaq hüquqları bölümü və mövzu kimi əlavə etmək olar. Çünki hüquqlarını bilən uşaq daha güclü olur. Güclü uşaqlar da Azərbaycanın gələcəyi deməkdir.
Miri Məcidli