Qorxu insan həyatının ayrılmaz tərkib hissəsidir. Hər bir insanda qorxunun olması təbiidir. Qorxu hissi insanların dəhşət hesab etdiyi hisslərdir. Tədqiqatlar nəticəsində qorxu hissini yaradan səbəblərin müxtəlif olması ilə əlaqədar 100-dən çox qorxu növü ayırd edilmişdir. Qorxular həm böyük, həm də kiçik yaşlarda müşahidə olunur.
1-3 yaşlarında müxtəlif elektrik əşyalarının (tozsoran, mikser, fen və s.) səsindən, göy gurultasından, ata-anadan ayrı qalmaqda, böyük obyektlərdən qorxu yaranır.
3-4 yaşndakı uşaqlarda real hadisələrlə yanaşı xəyallar da qorxu mənbəyi sayılır. Bunun səbəbi uşağın inkişaf etməkdə olan xəyalının gücüdür. Buna görə də ağıllı və bacarıqlı uşaqlarda qorxular daha qabarıq şəkildə özünü büruzə verir.
5-6 yaşlı uşaqlar nağıllardakı mənfi obrazlardan- div, əjdaha, canavar, cin, şeytan, cadugərdən, tək yatmaqdan, tanış olmayan səslərdən qorxurlar. Baxdıqları cizgi filminin təsirindən uzun müddət çıxa bilmirlər.
7-16 yaşda isə məktəb qorxusu, uğursuzluq, təbii fəlakət (zəlzələ, sel, tufan, vulkan püskürməsi), yaralanmaq, xəstəlik kimi qorxular yaranır.
Hədsiz emosional uşaqlar qorxuların yaranmasına daha meyilli olurlar. Qayğı çəkmədən böyüyən uşaq sonradan qarşılaşdığı çətinliklərlə təkbaşına bacara bilmir. Təhlükə ilə qarşılaşdıqda qorxu yaranır. Ətrafını kəşf etmək imkanından uşağı məhrum etmək, onu bütün təhlükələrdən qormaq yolunda olan maneələri aradan qaldırmaq- bunlar uşaqda qorxuları yaradan səbəb kimi çıxış edir. Ailədə tək tərbiyə olunan 5-7 yaşlı uşaqlarda qorxuya daha çox təsadüf olunur. Bağçaya, məktəbə getdikdə başqaları ilə ünsiyyətə girməkdə çətinlik çəkirlər. Yanında valideynlərinin olmaması onlarda inamsızlıq və narahatlıq yaradır. Sözlə qorxutma halları, sərt davranış, fiziki cəzalarla müşahidə olunan belə mühit həmin uşaqlarda yeni qorxuların yaranmasına münbit şərait yaradıt.
Uşağa qarşı laqeydlik və diqqətsizlik bir çox qorxuların yaranmasına yol açır. Bu adətən uşağın doğulmasına hazır olmayan və yaxud oğlan doğulmasını gözləyən, amma qız olan (əksinə də ola bilər) ailələrdə baş verir. Belə uşaqlar mənəvi təklik hiss edir, özlərinə qapanırlar. Öz dünyasında yaşadıqlarına görə hər şeydən qorxmağa başlayırlar. Belə uşaq başqa uşaqlarla və böyüklərlə ünsiyyət qurmur, saatlarla cizgi filminə baxır.
Ən çox rast gəlinən uşaqlıq qorxuları hansılardır?
– Ani səslər qarşı qorxular;
– Tanımadığı insanlara qarşı qorxular;
– Su qorxusu;
– Qaranlıq qorxusu;
– Ata və ananı itirmə qorxusu;
– Ailədə yeni bir uşağın doğulmasına qarşı duyulan qorxu;
– Ayaqyolu və hamama girmə qorxusu;
– Kütlə içinə girmə qorxusu;
– Məktəb qorxusu və s.
Uşaqları qorxuya görə tənbeh etmək, qorxunu qorxutmaqla aradan qaldırmağa cəhd etmək valideynlərə tövsiyyə olunmur. Qorxunu tez-tez müzakirə etmək olmaz.
Uşaqlar qorxunu ağlayaraq, sevdiklərini qucaqlayaraq (ana-ata), əşyaların arxasında, evin bir küncündə gizlənərək və ya sözlə ifadə edə bilər. Uşağın başını sığallamağın, qucaqlamağın “sən böyüksən”, “sən güclüsən”, “sən bacarıqlısan” kimi ifadələrin işlədilməsi qorxusuna qalib gəlməsinə səbəb ola bilər. Əgər övladınız “qaranlıq otaqda cin var” söyləyirsə ona gülməyin, “gəl birlikdə gedək, baxaq görək cin haradadır” deyin. Övladınızın qorxusu ilə zarafat etməyin, başqalarına söyləyib onu utandırmayın.
Əgər uşağınızın qorxuları onun gündəlik həyatına təsir etmirsə müalicəyə ehtiyac yoxdur, lakin ictimai fəaliyyətdə geriləmə, yaşıdlarından fərqlənmə ilə özünü büruzə verirsə mütləq mütəxəssislərdən dəstək alın. Uşaqlarda qorxunun səbəbləri tapılmalı və aradan qaldırılmalıdır. Qorxu kiçik yaşlarda aradan qaldırılmadığı zaman bir sıra problemlərə – əqli gerilik, hiperaktivlik, əsəbilik, yuxusuzluq, özünə qapanma və s. yol açır. Əgər uşağınız qorxuları ilə üzləşməyə hazır deyilsə onu məcbur etməyin. Onu dinləyin və anlayışla qarşılayın. Uşağınızın qorxusunun keçici olduğunu özünüzə xatırlatmağı unutmayın.
NARINC UŞAQ PSİXOLOGİYA MƏRKƏZİ-nin Pedaqoq – psixoloqu Gülnar Orucova
narinc.az