bagca

Uşaq bağçalarına yeni yanaşma: tərbiyəçiləri nə gözləyir?

Baxış sayı: 777

2021-ci ilin sonunda “Dövlət məktəbəqədər təhsil sistemində idarəetmənin təkmilləşdirilməsi haqqında” Fərman çərçivəsində dövlət məktəbəqədər təhsil sistemində idarəetmənin təkmilləşdirilməsi, uşaqların məktəbəqədər təhsillə əhatəsinin genişləndirilməsi və təhsilin keyfiyyətinin yüksəldilməsi məqsədilə yerli icra hakimiyyəti orqanlarının tabeliyində olan məktəbəqədər təhsil, dövlət məktəbəqədər təhsil müəssisələri (uşaq evləri istisna olmaqla) Azərbaycan Təhsil Nazirliyinin tabeliyinə verilib. Təhvil-təslim prosesi bir qədər vaxt aparır və indi təhsilin bu seqmentində dəyişikliklər gedir.

Övladları dövlət bağçalarına gedən valideynlər çox vaxt təkcə infrastrukturdan deyil, bəzi müəllimlərin peşəkarlığından da narazılıq edirlər. Zaman-zaman sosial şəbəkələrdə müəllimlərin uşaqlara yarıtmaz münasibətini nümayiş etdirən videogörüntülər yayılır. Məsələn, ilin əvvəlində baş verən hadisəni yada salaq: müəllim üç yaşlı uşağın başına zərbə vurmuşdu. Qadın işdən çıxarılıb, hadisə ilə bağlı materiallar hüquq-mühafizə orqanlarına təhvil verilib.

Lakin bütün hallar ictimaiyyətə məlum olmur və belə bir vəzifəyə yararsız şəxslərin keçidini aradan qaldırmaq üçün mexanizmlərə ehtiyac var. Ola bilsin ki, bir sıra yeniliklərin tətbiqindən sonra vəziyyət müsbətə doğru dəyişsin.

Belə ki, əvvəllər tərbiyəçilər bağçalara həmin müəssisələrin müdirləri tərəfindən işə götürülürdüsə, indi onlar yalnız xüsusi imtahandan keçdikdən sonra orada çalışa biləcəklər. Bundan əlavə, təhsil işçiləri üçün treninqlər və sertifikasiya nəzərdə tutulub.

nadir israfilov

Təhsil Nazirliyi yanında İctimai Şura sədrinin müavini, təhsil eksperti Nadir İsrafilov bir vaxtlar uşaq bağçalarının icra hakimiyyətlərinin tabeliyinə verildiyini və bunun yanlış qərar olduğunu xatırladıb: “İndi onlar yenidən Təhsil Nazirliyinin nəzarətinə keçib. Hansı dəyişikliklərin və yeniliklərin tətbiq ediləcəyi ilə bağlı işlər hələ yekunlaşmayıb. Əlbəttə, təhsil işçiləri üçün təlim lazımdır. Proqramlar və yanaşmalar dəyişir və onların zamanla ayaqlaşması vacibdir”.

“Bağçalarda ancaq müvafiq təhsili olanlar işləyirdi, lakin elə dövr olub ki, məktəbəqədər təhsil sahəsində mütəxəssis olmayanları işə götürürdülər. Kriteriyalara cavab verməyənlər ixtisaslarını artırmalıdırlar. Əsas diqqət müsahibəyə verilməlidir. Tərbiyəçinin uşaq psixologiyasını, fiziologiyasını, metodikasını bilməsi zəruridir. Tərbiyəçinin psixi sabitliyinə diqqət yetirmək vacibdir”, – deyə həmsöhbətimiz bildirib.

İsrafilovun sözlərinə görə, zaman-zaman bu və ya digər bağça müəlliminin uşağı vurması, üstünə qışqırması ilə bağlı məlumatlar yayılır: “Elə insanlar var ki, uşaqlarla işləməməlidir. Tərbiyəçiləri işə götürərkən kadr seçiminə məsuliyyətlə yanaşmaq lazımdır. Bir çox bacarıqların formalaşması, məktəbə hazırlıq məhz uşaq bağçasından başlayır”.

Təhsil eksperti Səbinə Əliyeva mövzuya dair söyləyir ki, hazırda bütün bu məsələlər müzakirə olunur: “Amma məsələ ondan ibarətdir ki, təlimlər formal xarakter daşıyacaq, yoxsa onların nəticələrinə əsasən, kimin uşaq bağçasında işləyəcəyi, kimin işləməyəcəyi ilə bağlı qərarlar veriləcək? Əgər insanın uşaqlarla işləmək həvəsi yoxdursa, öz peşəsini sevmirsə, o zaman nə qədər təlim keçirsən də, heç bir effekt olmayacaq”.

Sebine Eliyeva

Onun sözlərinə görə, hər bir işçi öz üzərində işləməlidir: “Müəllimlər heç də həmişə öz məsuliyyətlərini dərk etmirlər. Elmi fəaliyyətdə nailiyyətləri qeyd etmək asandır, insan amilini ölçmək isə çox çətindir. Təkcə təhsil işçiləri deyil, texniki işçilər və digər işçilər də təlim və sertifikatlaşdırmadan keçməlidirlər. İşin hansı çərçivədə aparılacağını müəyyən etmək, uşaq bağçalarının düzgün işləməsi üçün platforma yaratmaq və ya başqa ölkələrdən nümunə götürmək lazımdır”.

“Məsələn, Avropada uşaqlar bağçalarda yatmırlar, bizdə isə formal olaraq yatırlar, çünki dövlət uşaq bağçalarında uşağın yuxusunu düzgün təşkil etmək üçün kifayət qədər yer və insan yoxdur. Uşaq bağçalarının nizamnaməsinə yenidən baxmaq və onları kateqoriyalara bölmək lazımdır. Yeni reallıqlar yeni yanaşmalar tələb edir. Müasir gənc valideynlər müasir infrastrukturu görür və övladlarına uşaq bağçalarında müasir yanaşmalara uyğun müraciət edilməsini istəyirlər. Bağçalarla valideynlər arasında inam olmalıdır”, – deyə Əliyeva vurğulayıb.

 

Elya Belskaya




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir