Uşaqların sağlam psixoloji və emosional mühitdə böyüməsi cəmiyyətin gələcəyi üçün ən vacib amillərdəndir. Təəssüf ki, bu gün bir çox uşaq ailə içində zorakılığa məruz qalır və bu zorakılıq təkcə fiziki deyil, həm də mənəvi və psixoloji travmalarla müşayiət olunur. Cəmiyyətin şüuraltısında kök salmış “uşağı döyə-döyə adam edərlər” kimi yanlış düşüncələr, həm fərdi, həm də sosial müstəvidə ağır nəticələrə səbəb olur. Ekspertlərə görə, zorakılığa məruz qalmış uşaqlar gələcəkdə ya zorakılıq edən şəxsə çevrilir, ya da həyatları boyunca bu travmalardan əziyyət çəkirlər.
Mütəxəssislərin fikrincə, uşağa şiddət göstərən insanlar özləri şiddət görmüş travmalı insanlardır. Qanunvericilikdə olan boşluqlar, aidiyyəti qurumların fəaliyyətsizliyi və s. bu kimi amillərin cəmiyyəti tənəzzülə aparır.
“Uşaq döyülə-döyülə böyüyər”, “uşağı döyə-döyə tərbiyə edərlər” kimi fikirlər uşaqların döyülməsinin digər şəxslər tərəfindən də normal qarşılanmasına səbəb olur. Döyülən uşaq isə gələcəkdə özü də şiddətə meyilli olur.
Sosioloq Xatirə Gülverdiyevanın sözlərinə görə, belə hadisələr təkcə dağılan ailələrdə deyil, normal ailələrdə də baş verir. Yəni hadisələrin baş verməsində səbəb insan faktorudur:
“Elə tək ana var ki, övladını bütün ailədən yaxşı saxlayır, tərbiyə edir. Elə bütün ailə də var ki, cəmiyyətə üz qarasıdır. İstər qadın, istərsə də kişi ailə həyatı qurmamışdan öncə ailənin nə olduğunu, ata-ananın nə olduğunu öyrənməlidir. Bu gün isə gənclərimiz kor-koranə ailə həyatı qurur”.
Mütəxəssis deyir ki, fərdlər ailə həyatı qurmamışdan əvvəl ailə psxiloqları ilə mələhətləşməli, ailə quracağı şəxsi yaxından tanımalıdır. Bu olmadığı təqdirdə qurulan ailələr boşanma ilə nəticələnir. Arada qalanlar isə hər zaman uşaqlar olur.
“Qanuna görə, əgər ana narkotik aludəçisidirsə və ya hərhansı bir psixoloji xəstəliyi varsa, uşağın himayəsi ona verilməməlidir. Amma görünür sözügedən hadisə, uşaq atasının da maraqları daxilində olmayıb. Belə ailələr Azərbaycan cəmiyyətində saysızdır”- deyən ekspert bildirib ki, belə hadisələrin qarşısını ictimai qınaqla almaq olar.
Ancaq indi ictimai qınaq da o qədər təsirli deyil
Psixoloq Rəvanə Abdullayevanın fikrincə, zorakılığa məruz qalmış uşaqlar gələcəkdə özləri də zorakılıq tətbiq edir: “İnsanların psixikası uşaqlıqdan formalaşır. Sevgi görən sevgi verir, zoraklığa məruz qalan zorakılıq. Döyülən uşaq elə bilir ki, döyməklə istədiyini əldə edə bilər, sevilən uşaq sevgi göstərməklə istəklərinə çatacağını düşünür. Əslində isə uşağa cəmiyyəti tanıda-tanıda böyütmək lazımdır”.
Psixoloq qeyd edir ki, gənclər ailə həyatı qurarkən ailə olmağı dünyaya gəldikləri ailədən öyrənirlər:
“Məsələn; bir gənc qız anasının sevilmədiyini, döyüldüyünü, işgəncələr çəkdiyini görürüsə, bu onun şüuraltında qalır. Nə qədər ailəcanlı olmağa çalışsa da, elə düşünür ki, qarşısındakı kişi işgəncəyə meyillidir, döyə bilər. Həyat yoldaşı ilə səmimi ola bilməyən qadınlar və kişilər normal ailə həyatı qura bilmir. Bu bir müddət sonra boşanma ilə nəticələnir. Və yaxud insanlar ailə həyatı qurmamışdan öncə bir-birlərinə əsl üzlərini göstərmirlər. Bir müddət birgə yaşadıqdan sonra hər ikisi bir-birini tanıyır. Məsələn; hər gün görüşünə səliqəli gələn qadını saçları qarışıq, makiyajsız görür. Və yaxud hər gün ətirlənib qarşında olan kişinin əslində dişlərini yumadığını, corablarını çıxarıb hara oldu atdığını görür. Bu insanları bir-birindən soyudur. Sonra araya maddi problemlər, həyata baxışın fərqliliyi, davranışlar, zövqlərin müxtəlifliyi və s. girir. Sonra isə qadın və ya kişi başlayır yenidən axtarışa”.
Mütəxəssislərə görə, gənclər ailə həyatı qurduqdan bir neçə il – maksimum 3 il sonra övlad haqqında düşünməldir. Çünki bərabər yaşanılan 3 il müddətində tərəflər bir-birini tanımış olur. Bir-birini qəbul etdikdən sonra ailənin möhkəmlənməsi üçün övladın dünyaya gəlməsi daha məqsədə uyğundur. Yəni, gənclər ailə planlaması ilə hərəkət etməlidir.