Bəzi fikirlər, məlumatlar var ki, illərlə beynimizdə özünə yer edir, bunun həqiqət olduğuna çox inanırıq.
Halbuki araşdırsaq, uşaq kimi inandırılmağımıza əmin olacağıq. Bizimyol.info 7 belə mifi fərqləndirib.
1) Məşhur sovet şairi Vladimir Mayakovskinin xaricdə yaşayan sevdiyi qadına illərlə gül göndərməsi. Danışırlar ki, guya şair 1928-ci ildə Parisə gedəndə Tatyana Yakovlevaya vurulub, sonradan bu səfərdən əldə edəcəyi qonorarın güllərə sərf olunmasını istəyib. Ötən əsrin 70-ci illərinə qədər qadının mənzilinə mütəmadi gül göndərildiyi deyilir. Təəssüf, burada həqiqət payı azdır. Əlbəttə, onların arasında sevgi macərası yaşanıb. Amma Tatyana Yakovleva 1929-cu ildə fransız diplomata ərə gedib. Deyildiyi kimi, 70-ci illərdə Parisdə olmayıb. Yakovleva hələ 1941-ci ildə ABŞ-a köçübmüş.
2) Mağazalarda pastikdən və kraxmaldan hazırlanmış düyülərin satılması. Sosial şəbəkələrdə buna aid videolar, məlumatlar çox paylaşılır. Amma hələ ortaya konkret sübut qoyan yoxdur. İş orasındadır ki, süni düyünün hazırlanması daha baha başa gəlir.
3) Saqqız mədədə 7 il qalır. Uşaqlıqda bizi bununla çox qorxudurdular. Hərçənd, mədə belə tullantılardan qısa zamanda yaxa qurtarır.
4) Bankomatda PİN-kodu əksinə yığanda polisə xəbər verilir. Yenə sosial şəbəkələrdə uydurulmuş məsələ. Hətta əlavə edirlər ki, belə davransanız, kart blok olunacaq, tezliklə polis özünü hadisə yerinə çatdıracaq. Belə şeyləri uyduranlar heç düşünübmü ki, kiminsə kartının PİN-kodu, məsələn, 6226 olar bilər? Qısası, PİN-kodu əksinə yığanda kart bloka düşmür və polis gəlmir.
5) Gündə 2 litr su içmək lazımdır. Fikir vermisinizsə, hamı 2 litr su içəndə özünü yaxşı hiss etmir. Deməli, tövsiyə məntiqsizdir, maye qəbulu orqanizmə görə dəyişir. Bir vaxtlar ABŞ Milli Akademiyasında günə 1 litr su içmək məsləhət görülürdü. Bunu da qida rasionuna uyğun bildirirdilər. Hər kilokalori 1 litr su tələb edir.
6) Vısotskinin heç vaxt demədiyi ifadə. “Sən çox haqlı ola bilərsən, amma sənin qadının ağlayırsa, bunun heç bir mənası yoxdur”. Eşitmişdiniz? Vladimir Vısotski heç vaxt belə ifadə işlətməyib. Amma onun ayağına yazırlar. Bu ifadə Kirill Tabışevin şeirində yer alıb. Əlbəttə, insanlar bunu Vısotskidən eşitmək istərdi.
7) Heminqueyin ən qısa hekayəsi. Sosial şəbəkələrdə Ernest Heminqueyin belə bir hekayəsi paylaşılır: “Uşaq çəkmələri satılır. Geyinilməmiş”. Heç şübhəsiz, təsiredicidir. Amma amerikalı yazıçı belə hekayə qələmə almayıb. Bu ifadə ilk dəfə 1910-cu ildə ABŞ qəzetlərindən birində görünüb. Onda Heminqueyin 10 yaşı vardı.