Son günlər ard-arda müxtəlif səbəblərdən baş verən uşaq ölümləri hər kəsi dəhşətə gətirdi. Bu xəbərləri oxuyan və izləyən hər kəs bircə anlıq özünü həmin valideynlərin yerinə qoyub qəlbinin necə buz kəsdiyinin şahidi oldu. Hər kəs bir səbəb, bir müqəssir axtarmağa başladı. Əksəriyyət valideyn səhlənkarlığından bəhs edərək acılı ailələrin acısını daha da artırdı. “Allah heç kimi övlad acısı ilə sınamasın”, – deyib qətiyyətlə “bu hadisə sanki heç vaxt başımıza gəlməz” kimi düşünmək asandır.
Əslində toxunmaq istədiyim məqam, bunun səbəblərini və profilaktik tədbirlərini araşdıraraq səhvlərimizi görüb bu hadisələrin bir gün bizim də başımıza gəlməməsinin qarşısını almaqdır. Burda bir neçə faktor var:
Uşaqdakı xarakter faktoru: Genetik keçən hədsiz hərəkətlilik, diqqət yayınıqlığı bir sözlə, el arasında dəcəllik deyilən hiperaktivlik problemi əslində çox ciddiyə alınmalıdır. “Atası və ya anası da belə idi, keçib gedər”, – deyə düşünülməməlidir. Hiperaktiv uşaqlar hədsiz hərəkətli olduğu üçün onlarda özlərini qoruma instinkti zəif inkişaf etmişdir. Onlar tez-tez hündür yerlərdən özlərini atır, təhlükəli oyunları sevir, mebellərin üzərində gəzirlər. Hətta yatarkən belə, çox hərəkətli yatırlar. Bunun üçün onlar ən çox yaralanan uşaqlar sırasındadır.
Cizgi film faktoru: Diqqət etsəniz görəcəksiniz ki, qəza nəticəsində baş verən uşaq ölümlərinin yaş aralığı 1-6 yaş arası uşaqlardır. Bu dönəmdə idrak proseslərindən biri olan təxəyyül yüksəkliyi uşaqlarda ətrafda olan informasiyaları fərqli və real qəbul etməsinə gətirib çıxarır. Heç də aqressiv saymadığımız ən sadə misal “Tom and Jerry” cizgi filmidir. Bu tip cizgi filmlərində sujet xəttinin olmaması, bir seriyada pişiyin yanması, birində 5 hissəyə bölünməsi, digərində isə elektrik keçirib qaralması gələn seriyalarda pişiyin tam sağlam olması təəssüf ki, azyaşlılara mənfi örnək olur. Uşaqlarda “Mən də yansam, haradansa özümü atsam, uçsam heç nə olmaz” məntiqini formalaşdırır.
Valideynlər arasında iş bölgüsünün düzgün paylanmaması faktoru: Mükəmməliyyətçi ailələrdə böyüyən bizlər qurduğumuz ailədə də mükəmməliyyətçi təfəkkürünü davam etdiririk. Xüsusən də evin xanımı həyat yoldaşını evə pul qazanıb gətirməkdən savayı hər bir məsuliyyətdən uzaq tutur. Bu, çox vaxt təbii şəkildə baş verir. Kişinin bazardan aldığı ərzağın qiyməti, keyfiyyəti ilə razılaşmayan qadın bazarlığı özü etməyə başlayır, kişi zamanla buna alışır və bu vəziyyət ona daha rahat gəlir. Nəsə alıb evdə müzakirə mövzusu olmaqdansa qadının alması daha münasib görülür. Zamanla əksər məsuliyyətləri öz üzərinə götürən xanım (uşaq tərbiyəsi, kommunal xərclər, ev alış-verişi) bütün günü gərgin iş rejmində olur. Və nəticədə onun uşaqlara ayıracaq zamanı kiçilməyə başlayır. Çox zaman bu tip xanımlar 40 yaşından sonra nevrozla rastlaşılırlar.
Biznes faktoru: Dünya ölkələrində təhlükəsizliklə bağlı qısametrajlı film və ya animasiyalı video çarxların çəkilməsi bu istiqamətdə təbliğatın aparılması çox böyük tövfə verir. Belə video roliklərin çox da qazanc gətirməməsi video çarxların və ya verilişlərin azlığına, hətta yoxluğuna gətirib çıxarır. Əslində bu tip verilişlər olmalı və bu verilişlərdə yol hərəkəti qaydalarının pozulması zamanı yarana biləcək qəza hadisəsi animasiya şəklində yayımlandığı kimi, qaz sobasının üzərində isti tavanın hansı istiqamətdə qoyulmasından tutmuş, pəncərənin yaxınlığında üzərinə çıxılması mümkün olmayan hansı əşyaların qoyulmasına qədər hər şey izah olunmalıdır.
Sonda isə onu qeyd etmək istərdim ki, hadisə baş verəndən sonra onun həll yollarını araşdırmaqdansa, bu cür bədbəxt hadisələrdən qorunmaq, ondan sığortalanmaq üzərində daha çox düşünmək lazımdı. Bu ki, heç zaman gec deyil. Allah heç bir valideyni övladı ilə imtahana çəkməsin!
Narınc Rüstəmova