usaq otagi

Uşaq otağına hansı bitkiləri qoymaq olar, hansıları yox?

Baxış sayı: 2. 248

Uşaq otağındakı güllər və bitkilər uşağa müsbət təsir göstərir. Bir çox otaq bitkiləri zəhərli maddələri, tozu özünə çəkir və ən əsası fitonsid (fitonsidlər — bitkilərin əmələ gətirdiyi, bakteriyaların, mikroskopik göbələklərin, ibtidailərin böyüməsini və inkişafını saxlayan bioloji aktiv maddələr) xüsusiyyətlərə malikdirlər. Fitonsid bitkilər olan məkanlarda havada olan patogen mikroorqanizmlərin miqdarı 50% aşağıdır. Bu cür bitkilərə aiddir: kalanxoe, sitrus bitkiləri (limon, portağal, mandarin), xlorofitum, dəfnə, spatifillum, əzvay (aloe), aspidistra, hibiskus, mərsin, ətirşah, rozmarin, evkalipt. Bu bitkilərin yarpaqlarında nəfəsalmaya yaxşı təsir edən efir yağları var.

1. Lakin bu bitkilərin bəzilərinin allergik xüsusiyyətləri ola bilər. Məsələn, ətirşahın allergiyaya səbəb olma halları məlumdur. Yüksək rütubət bitkilərə faydalı olsa da, çox vaxt uşaqlar üçün ziyanlıdır.

2. Bilməlisiniz ki, adətən allergiyaya səbəb bitkinin özü yox, böyük filodendronlar olan taxta çəlləklərdə və ya sarmaşıqlar üçün nəm mamırla örtülmüş dayaqlarda olan kifdir.

3. Otaq bitkiləri zərərvericiləri, müxtəlif göbələklər də çox vaxt allergiyaya səbəb olur. Uşaq otağı üçün bitkilər təmiz və sağlam olmalıdır!

4. Uşaq otağı üçün bitkini xüsusi diqqətlə seçmək lazımdır. Bəzi geniş yayılmış dekorativ bitkilər, məsələn, diffenbaxiya, aqlaonema, südləyənin bir çox növlərinin tərkibində allergiyaya səbəb olan zəhərli şirə var.

5. Quşüzümünün meyvələri zəhərlidir, alokaziyanın şirəsində alkaloidlər və sianid turşusu var, oleandrın bütün hissələri çox zəhərlidir, çiçəklərinin iyi isə bihuş edə bilər. Sinadeniumun tərkibindəki süd şirəsi dərini qıcıqlandırır, qızartı və şiş əmələ gətirir. İddia edirlər ki, şirə gözə düşdükdə kor olmaq olar.

6. Uşaq otağında hər kəsə yaxşı tanış olan çiçəkləyən bitkiləri yerləşdirmək daha düzgündür: şlümbergera, bənövşə, beqoniya, fuksiya (sırğagülü), xınagülü. Bütün bunlar zəhərli deyil, qulluğu sadədir və gözəl görüntüyə malikdirlər.

7. Uşaq otağı üçün tikanlı kaktuslar, xırda, tökülən yarpaqları olan bitkilər, tünd qoxulu güllər uyğun deyil.

8. Uşaqlar araşdırmağı, yoxlamağı xoşlayırlar. Bir yaşında uşaq ona maraqlı gələn hər şeyi ağzına aparır. Heç yaxşı olmaz ki, bu, zəhərli şirəli südləyən yarpaqları, dekorativ bibərin qırmızı meyvələri və ya quşüzümünün giləmeyvələri olsun.

9. Uşaqlar gəzməyi öyrəndikdə əllərinə keçən hər şeydən tutmağa çalışırlar. Güllər üçün hündür altlıqlar asanlıqla aşa bilər, ona görə də uşaq otağı üçün uyğun deyil.

10. Nəzərə alın ki, monstera kimi iri bitkilər uşağın sağlamlığına heç bir ziyan vurmasa da, gecə qaranlıqda divara düşən “vahiməli” kölgəsi ilə qorxuda bilər. Uşaq otağı, ümumiyyətlə, uşaqlar yaşayan ev üçün bitki seçiminə məsuliyyətlə yanaşın!




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir