usaq otagi

Uşaq otağını dizayn edərkən əsas prinsiplər - "EVİN İŞİ"

Baxış sayı: 460

Uşaq otağını dizayn edərkən, evin digər sahələri kimi, otağın böyüklüyü, döşəməsi və divarları da mütləq nəzərə alınmalıdır. Bu faktorlara uyğun olaraq, uyğun mebel və aksesuar seçimini həyata keçirmək çox vacibdir. Məkanın dizaynı bir bütün olmalı, hər bir detal bir-birini tamamlamalıdır. Otağın ümumi atmosferini yaratdıqdan sonra xalça, işıqlandırma, pərdə və digər dekorativ elementləri seçərək zövqə uyğun kiçik aksesuarlarla otağın dizaynını tamamlaya bilərsiniz. Beləliklə, “Gencaile.az” saytının “Evin işi” rubrikaslnda məhz bu barədə danışacağıq.

 

Uşaq otağında mebel seçimi edərkən nələrə diqqət etmək lazımdır?

Uşaq otağının dizaynı zamanı mebel seçimi xüsusi diqqət tələb edir. Uşağın fiziki və psixoloji inkişafını dəstəkləyən mebellər seçilməlidir. Mebel seçiminə başlamazdan əvvəl bəzi əsas prinsipləri nəzərə almaq lazımdır. Bu prinsiplər, həm estetik baxımdan, həm də funksionallıq baxımından uşağın ehtiyaclarına uyğun olmalıdır.

 

Konseptini təyin edin

Uşaq otağını dizayn edərkən ilk addım olaraq, konsepti müəyyənləşdirmək lazımdır. Bu zaman, uşağınızın zövqünü və maraqlarını nəzərə almaq çox vacibdir. Otağın konsepti, onun bütün dekorativ elementləri ilə uyumlu olmalıdır. Məsələn, övladınızın cizgi film qəhrəmanlarına marağı varsa, bu temaya uyğun mebellər və aksesuarlar seçilə bilər. Ya da uşağınızın idmanla maraqlanmasını nəzərə alaraq, idman mövzulu bir otaq dizayn edə bilərsiniz.

Konseptin təyini, həmçinin otağın rəng seçimini, pərdə və xalça seçimini asanlaşdıracaq. Konsept müəyyənləşdikdən sonra, bu istiqamətdə mebel və digər dekorativ elementlər seçiləcəkdir.

 

Hissə-hissə deyil, dəst alın

Uşaq otağı üçün mebel seçərkən, mebeli dəst halda almaq çox faydalıdır. Bu, otağın ümumi dizaynının uyğunluğunu təmin edəcək və seçiminizi asanlaşdıracaq. Uşaq otağında mebel dəsti aldıqlarınızda, məsələn, yataq, geyim dolabı, yazı masası, kitab rəfi və digər mebel hissələri bir-biri ilə ahəngdar olacaq. Bu da otağın vizual estetik quruluşunu gücləndirəcək.

Mebel dəstindəki elementlərin bir-birini tamamlaması, otağın daha nizamlı və estetik görünməsini təmin edir. Həmçinin, hər bir detalın bir-birinə uyğun seçilməsi, aksesuarların və rənglərin də asanlıqla uyğunlaşdırılmasını təmin edir. Bu, həm də otağın daha funksional olmasına kömək edəcək.

 

Rənglərə diqqət edin

Uşaq otağında rənglərə xüsusi diqqət göstərilməlidir. Rənglər həm böyüklərin, həm də uşaqların psixologiyasına təsir edir. Uşağın ruh halını və davranışlarını formalaşdıran rəng seçimi çox önəmlidir. Məsələn, çəhrayı rəng sevgi və mərhəmət hissini yaradır. Bu rəng daha çox qız uşaqlarının otağında istifadə edilir. Lakin psixoloqlar bildirir ki, çəhrayı rəng yalnız qız uşaqları üçün nəzərə alınmamalıdır. Rəngin müsbət enerjisi, həm oğlan, həm də qız uşaqlarına təsir edir.

Narıncı rəng, aktivliyi və xeyirxah ruhu simvollaşdırır. Bu rəng, enerjili və hərəkətli uşaqların otaqları üçün uyğundur. Sarı rəng isə öyrənməyə marağı artıran, pozitiv və işıqlı bir rəngdir. Sarı rəngli otaqlar, övladınıza yaradıcı düşünmə və öyrənmə üçün stimul verə bilər.

Bənövşəyi rəng isə yaradıcılığı və intellektual inkişafı təşviq edir. Bu rəng, övladınızın yaradıcılığını dəstəkləyən bir atmosfer yaradır və onun təxəyyülünü inkişaf etdirir. Əgər uşağınız sakit təbiətlidirsə, onun otağında ağ rəngdən istifadə edə bilərsiniz. Ağ rəng, sakitlik və nizam hissi verir və uşağın psixoloji vəziyyətinə müsbət təsir göstərir.

 

Öyrədici işarələr və aksesuarların əhəmiyyəti

Uşaq otağının dizaynında həm də tədris və öyrənmə prosesini təşviq edən işarələr və aksesuarlar çox vacibdir. Uşağınızın təxəyyülünü inkişaf etdirmək və ona yeni məlumatlar vermək üçün otağında təhsil və öyrənmə ilə bağlı elementlər olmalıdır. Məsələn, otaqda müxtəlif rəngli və maraqlı şəkillər, hərflər, rəqəmlər, və ya dünyanın xəritəsi kimi təhsil alətləri uşağınızın diqqətini çəkə bilər və öyrənməyə həvəs yaradacaq.

Eyni zamanda, uşaqların yaradıcılığını dəstəkləmək üçün otağında rəssamlıq materialları, kitablar və digər intellektual fəaliyyətləri təşviq edəcək elementlər yerləşdirilə bilər. Bu, uşağın yaradıcı düşünməsini və yeni şeylər öyrənməsini stimullaşdıracaq.

 

Hazırladı: MƏTİN




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir