usaq otagi

Uşaq otağını necə dizayn etməli? – “EVİN İŞİ”

Baxış sayı: 513

Dünyaya yeni gəlmiş körpəsi üçün hazırlıq görmək, çarpayı, araba, pal-paltar almaq hamıya xoşdur.  Amma valideynlər uşaqlarına otaq ayırmaqda tərəddüd edirlər. Ya otaqların azlığından, ya da övladını tək qoymaq istəməyən valideynlər onları elə öz otaqlarındaca yerləşdirirlər. Uşağı ilk günlər tək qoymamaq yaxşıdır, amma buna hazır olandan sonra ayrılmaq həm sizin, həm də körpənizin rahatlığını, sərbəstliyini təmin edər. Beləliklə, “uşaq otağı necə olmalıdır” sualına “EVİN İŞİ” rubrikasında aydınlıq gətirməyə çalışacağıq.

USAQ OTAGI

Bəzən valideynlər otağın gözəl görünməsi üçün onu lazım olandan çox “bəzəyirlər”. Sevindiyinizdən çox şeyə həvəslənə, hər gördüyünüzün lazım olduğunu güman edə bilərsiniz. Amma gəlin soyuq başla düşünək! Həddən artıq əşya və rəng körpəyə yorucu təsir bağışlayır. Nəyin nə üçün olduğunu anlamayan uşağa sıx və darısqal otaq yox, sadə, səliqəli, təhlükəsiz və rahat mühitin olması vacibdir. Bu həm onun, həm də onunla çox ünsiyyətdə olanların əhval-ruhiyyəsinə, psixoloji vəziyyətinə yaxşı təsir edər.

Mebel seçərkən tələsməyin, körpə uşağın otağına çarpayı və paltar şkafından əlavə nə isə qoymağa ehtiyac yoxdur. Mebel uşağın oyun sahəsini məhdudlaşdırmamalıdır. Uşaq mebeli çoxfunksiyalı olmaqla yanaşı, körpənin rahatlığını təmin etməlidir. Qeyri-adi üslub, geniş siyirmələr, nərdivanlar, açılıb-bağlanan hissələr həm valideyinlərin rahatlığını təmin edər, həm də uşaqların oyun oynaya bilmələri üçün kifayət qədər yer qalmasına şərait yaradar.

Mebelin hazırlandığı taxtanın, eləcə də taxtanın rənglənməsi üçün istifadə olunan boyanın toksik olub-olmadığını bilmək lazımdır. Mebelin kənarlarında çıxıntılara diqqət edin, iti olmasın.

İmkan varsa, yaşa uyğun mebel seçin, uşaq öz çarpayısına çıxmağı, mebelinin qapı və siyirmələrindən istifadə etməyi bacarmalıdır.

Mebel həm də rəngarəngliyi ilə seçilməlidir.

USAQ OTAGI

Rənglər insan, əsas da uşaq psixologiyasına xüsusi təsir göstərir. Dizaynerlər ilk rəng çərçivələrini (qızlar üçün çəhrayı, oğlanlar üçün mavi) qırmağı məsləhət görür.  Tünd olmayan, göy, yaşıl və s rəngin açıq tonlarını seçmək olar. Belə rənglər həm rahatladır, həm də dəbdən düşmür.

Eyni rəngin tonlarından, ya da əksinə, həddən artıq rəngdən istifadə məqsədəuyğun deyil, belə otaqda uşaqda daimi yorğunluq hiss edə bilərsiniz.

Uşaq bir az böyükdürsə, onun özünə seçim imkanı verin. Rəngləri, yatağının formasını seçmək uşağın özünəgüvən hissinin formalaşması prosesində mühüm addım olar.

İşıqlandırma vacibdir. Tavanda nə qədər lampa olsa da, Günəş işığı zəruridir. Qoy balanızı Günün şüaları oyatsın. Qaranlıq otaq görməyə pis təsir edir, başağrısına səbəb olur.

Açıq rəngli pərdələrdən istifadə edin. Otaq çox rənglidirsə, pərdə bir rəngli olsa yaxşıdır.

Material çox vacib amildir. Uşağın paltarlarından tutmuş, mebelinin hissələrinə qədər hər şeyin ekoloji təmiz olmasına çalışın. Uşağın səhhətini nəzərə alın. Məsələn, elə uşaqlar var ki, yun döşək onlarda allergiyaya səbəb olur. Yaxud otağa qoyduğunuz bitki uşağın səhhəti üçün zərərli ola bilər. Uşaq sevdiyi əşyadan ayrılmaq istəmirsə, bunun ona ziyanlı olduğunu başa salın.

Döşəmə və xalça seçmək imkanınız varsa, yenə materialın təhlükəsizliyi barədə düşünün. Döşəmə ekoloji zərərsiz materialdan olmalı, asanlıqla təmizlənməlidir.

Xalça uşağı zərbələrdən qoruyur, tozu və mikroorqanizmləri özünə çəkir. Uşaqda allergiyaya səbəb olursa, yerə yuyulması və çırpılması asan olan başqa döşəmə salın.

Yaradıcılıq məkanı daim öyrənməkdə olan uşaqlar üçün çox önəmlidir. Uşaqlar körpəlikdən çəkir, kəsir, düzəldir və bu yaratdıqlarını harasa yapışdırmağı, divarda, çərçivədə görməyi sevirlər. Divarın korlanmasını istəmirsinizsə, otağı bir tonla rəngləyib, iri lövhə (iki uşaq varsa, iki iri lövhə) asa bilərsiz. Bu lövhədə uşaq istədiyi hər şeyi- xəritəsini, rəsmlərini, fotolarını, gündəliyini, təqvimini, özünün proqramını asa bilər və bunun üçün kimsədən icazəyə ehtiyacı olmaz.

Oyuncaq. Körpənin otağına ona lazım olan, təhlükəsiz (hissələri ayrılmayan, uşağın udmayacağı və uşağı zədələməyən) oyuncaqlar qoyulmalıdır. Tüklü oyuncaqlar məsləhət görülmür, çünki tozu və mikroorqanizmləri özünə yığır.

Kəndirli, torbalı oyuncaqlar uşağın təhlükəsizliyi baxımından tövsiyyə edilmir.

usaq otagi

Əşyaları uşaq böyüdükcə, onun öz seçiminə uyğun olaraq artıra bilərsiz.

Təhlükəsizlik məqsədilə elektrik keçiricilərini yuxarıda, uşağın əli çatmayan yüksəklikdə yerləşdirin, aşağıdadırsa qoruyucu qapaqla bağlayın.

Pəncərələrə dəmir barmaqlıq vurmaq olar. Uşağın üstünə çıxa biləcəyi əşyaları pəncərədən uzağa qoyun.

Körpənin çarpayısı olan yerdə divara ağır şey asmaq olmaz. Çarpayının kənarları uşağın aşa bilməyəcəyi yüksəklikdə olmalıdır. Yataqda əlavə yastıq, yorğan qoymayın, körpə boğula bilər. (bala.az)




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir