ushaq sheiri

Uşaq şeirləri

Baxış sayı: 21. 961

Məktəblinin inşası

anam istəyir müəllim olum onun kimi

atam deyir, balam olacaq

ürək həkimi
babam istəyir olum vəkil
nənəm boyumu oxşayır:
“inşallah, balam olar hakim”

çaşıb qalsam da bu işə
seçməliydim bir peşə
yazmalıydım inşada

müəlliməm soruşdu
ay maşallah, hardan gəlib ağlıma
olum kosmonavt
inşamı lövhədə söylədiyim vaxt
dedim:
istəmirəm dəysin bir-birinə
hamı bizdə
bircə kosmonavt yox ailəmizdə.

(Sevinc Pərvanə)

 

Dəcəl Totu

Ay Totunun anası
Var bu günün xatası.
Danışaq siz də bilin,
Totuya baxıb gülün.
Gah bişirir- düşürür,
Anası iş—güc görür.
Nəzər saldı hər şeyə,
Totu çatmasın deyə.
Yığdı stolun üstə,
Totu qalsın ahəstə.
Arxayın paltar yudu,
Totunu evdə qoydu.
Şəkərdi bu , qənddi bu,
Necə də höcətdi bu.
Totu tək qalan zaman,
Evə tutdu bir divan.
Yorğan – döşək , pal-paltar,
Qarışdırdı hər nə var.
Əli stola çatmır,
Axtardığını tapmır.
Süfrəni dartıb, çəkir,
Hər şeyi yerə tökür.
Qab-qacın sınığı,
Hər yan nimçə qırığı.
Əlini kəsir Totu,
Ağlayıb, əsir Totu.
Ana təlaşla gəlir,
Qorxub, gözü bərəlir.
Totunun qanı axır,
Başından şimşək çaxır.
Alt-üst olub mənzili,
Belə söylədi dili.
Hər yan qənd, mürəbbədir,
Burda müharibədir?
Ay səni, dəcəl Totu,
Törətdin əngəl Totu.

(İradə Gülfir)

 

Dovşan və canavar

Qaçırdı boz canavar

Bir dovşanın əlindən
Deyən patrondan asıb
Həmin dovşan belindən.
Boz canavar bağırır,
Köməyinə çağırır.
Yoldan ötüb – keçəni:
– Dovşanda insaf hanı,
Öldürəcəkdir məni!
Dovşanın keyfi sazdı.
Yellənən qulaqları
Hərəsi bir palazdı.
Dovşan qurdu haqladı,
Quyruğundan saxladı.
Gəldi boz qoç, ağ qoyun,
Başlandı min cür oyun.
Oynaqla ha, oynaqla!
Çoban gəldi çomaqla.
Canavarı götürüb
Bir qazana basdılar.
Qaldırıb bu qazanı,
Gur tonqaldan asdılar.
Qışqırırdı canavar:
– Ölürəm mən, ay havar.
Deyirdi: – Ürəyimdə
Qalmasın qoy bir arzu.

Heç olmasa son dəfə
Verin bir körpə quzu.
Çəkim onu dişimə
Çıxıb gedim işimə.
Kəlbətin gətirdilər,
Çəkdilər dişlərin.
Dedilər qoy bu gündən
Tərgitsin işlərini.
Sonra qazan qaynadı,
Qoyun, keçi oynadı.
Meşəyə düşdü haray
Çaldılar, çağırdılar.
Vay dədəm vay, nənəm vay,
Bu boyda yalan olar?!

 

Qonaqlar getdi

Qonaq gəlmişdi.

Ilhamə gilə
Qız yuxusundan,
Durmayıb hələ.

Anası gəlib
Oyatdı onu.
Verdi geysin tez
Çiçəkli donu.

Ilhamə ancaq
Onu geymədi.
Dedi: ─Yaxşı don
Seçərəm indi.

O, donlarını
Geyirdi bir-bir
Nədənsə onlar
Xoşuna gəlmir.

Ətəyi sarı
Cibli donu var.
Onu geyinib
Gələnə qədər
Getdi qonaqlar.

(Aləmzar Əlizadə)

 

Ayxan həkim

Bir gün kiçik Ayxanın

xəstələndi nənəsi.
Onun yanına gəldi
şirin, dəcəl nəvəsi.

Qulaq asdı nənənin
köksündə ürəyinə.
Nəbzini yoxlayaraq
əl qoydu biləyinə.

Sonra qaşların çatıb
Ayxan çox fikrə getdi.
Həkimsayağı durub
Nənə ilə söhbət etdi.

– Yeməlisən çoxluca,
Konfet, şokalad, banan,
Səndə xəstəlik yoxdur,
Tez sağalarsan, inan!

(Mənsurə Qaçayqızı)




5 şərh “Uşaq şeirləri

    1. Naməlum adam

      Mənim üçün bilirsinizmi neçə şeir lazımdır kinoya çəkilmək üçün gözəl şeir əgər şeiri bəyənmədilər şeiri hətta danışıq qabiliyyətini onda məni kinoya cekmeyecekler yeni kinomuza baxın yayda başlayır Selena kimi uşaq seriali

      Cavabla
  1. Naməlum adam

    Yaxşıdır😁😁😁😁😁😁😁😁😁🤣🤣🤣🤣🤣😂😂😂😂😂😂😂

    Cavabla

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir