Konul Bagirova

Uşaq və yeniyetmələrdə yuxu pozuntusu

Baxış sayı: 328

Yuxu – beynin fəaliyyəti normasının minimal səviyyəyə enməsi və ətraf mühitdə olan reaksiyaların azalması ilə müşahidə olunan təbii fizioloji prosesdir. Yuxuda anabolizm (sintez) səviyyəsi artır, katabolizm (parçalanma) isə enir. Normal yuxu dövrü təxminən hər 24 saatdan bir olur. Bu dövr sirkadiyan ritmi (gecə və gündüzün dəyişməsi) adlanır.

 

Uşaqlarda yuxu rejimi necə olmalıdır?

Uşaqların ehtiyacı olan yuxu müddəti dəyişkən ola bilər. Valideynlərin ən vacib vəzifəsi uşaqlarına erkən yaşda düzgün yuxu rejimini qurmaqdır.

 

Yaşlara görə normal yuxu müddətləri:

0-3 ay: 14-17 saat

4-11 ay: 12-15 saat

1-2 yaş: 11-14 saat

3-5 yaş: 10-13 saat

6-13 yaş: 9-11 saat

14-17 yaş: 8-10 saat

Hazırda demək olar ki, əksər uşaq və yeniyetmələrdə yuxu pozuntusu hallarına tez-tez rast gəlinir. Xüsusilə körpə və azyaşlı uşaqlarda bu hal özünü daha çox biruzə verir. 0-3 yaş aralığındakı uşaqlarda qaydasında olan yuxu, uşaq inkişafının ən önəmli amillərindən biridir. Uşaqların fiziki inkişafını təmin edən böyümə hormonu (somatotropin) daha çox yuxu prosesi zamanı ifraz olunur.

 

Yuxu rejimi düzgün olmadıqda hansı problemlər yaranar?

Gecələr yata bilməyən uşaqlarda böyümə hormonu əksik ifraz olunduğu üçün həmin uşaqlarda sümük, sinir sistemi və fiziki orqanların inkişafında ləngimələr yaranır. Daha az yatan uşaqlarda narahatlıq, emosional pozğunluqlar, diqqət və konsentrasiya pozğunluqlarına gətirib çıxarır. Bu da öz növbəsində uşaqlarda davranış problemlərinin, yaddaş zəifliyinin və öyrənmə geriliyinin yaranmasına səbəb olur. Hətta elə uşaqlar var ki, gecələr oyaq qalır, oynayır, yeyir, içir, səhər açılanda isə yuxuya gedir və axşam saatlarına qədər yatır. Təbii ki, bu hal valideynlərə yaratdığı çətinliklə bərabər, uşaqların özlərinin sağlamlığına da ciddi şəkildə zərər verir.

 

Bəs uşaq və yeniyetmələrdə yuxu pozuntusu zamanı dərman istifadəsi düzgünldürmü?

Bəzən valideynlər yanlışlığa yol verərək uşaqda yuxu problemini müşahidə edəndə bəzi yuxu gətirici dərmanlardan istifadə edirlər. Bu səhv yanaşmadır! Əgər yuxu probleminin altında başqa bir orqanik səbəb yoxdursa, bu cür dərmanlar uşaqlara verilməməlidir! Hətta bitki tərkibli olsa belə. Uşağın yatmaması, təbii ki, hansısa səbəblə əlaqədardır və həmin səbəbi araşdırmaq lazımdır. Həmin dövrlər uşaqlarda beyin inkişafının aktiv vaxtlarıdır. Yuxu dərmanları mərkəzi sinir sisteminə təsir etdiyi üçün gələcəkdə uşaqlarda bəzi nevroloji problemlər yarada bilər. Həddindən artıq telefon və televizor istifadəsi də uşaqlarda yuxu pozğunluqlarına səbəb ola bilər. Yatmazdan əvvəl telefon və televizor kimi texnoloji qurğular beyini aktiv saxladığı üçün insan gec yuxuya gedə bilər. Yuxu pozuntusu xüsusilə yeniyetmələrdə davranış pozuntularına (əsəblilik, aqressiya və s.) zəmin yaradır.

Yuxu pozuntularının aradan qaldırılması üçün yuxu gigiyenasına əməl etmək məsləhətdir. Yuxu gigiyenasına aşağıdakılar daxildir:

Otağı sakit, qaranlıq və rahat saxlamaq

Sadə bir yuxu rutini tətbiq etmək (məsələn, yuxudan əvvəl tualetə getmək)

Yataqda qalmaq vaxtını məhdudlaşdırmaq

Yatmazdan təxminən 3 saat əvvəl ağır yemək yeməmək və ya çox maye içməmək

Televiziya və telefon kimi yayındırıcı şeyləri aradan qaldırmaq

Dərmanlardan çəkinmək

Ardıcıl bir yuxu rejimini qorumaq

Mütəmadi olaraq idman etmək

Yatmazdan əvvəl isti vanna qəbul etmək və ya ilıq süd içmək məsləhətdir.

 

Könül Bağırova

Refleksoloq, Reabilitoloq




2 şərh “Uşaq və yeniyetmələrdə yuxu pozuntusu

  1. Sevinc Hətəmova

    Yazını oxuyarkən, uşağımın yuxu rejimi ilə bağlı daha diqqətli olmalı olduğumu anladım. Xüsusilə 0-3 yaş arası dövrdə yuxunun əhəmiyyətini vurğulamaq çox yerində olub. Bəzən düşünürəm ki, uşağım gecələr çox oyaq qalır, amma yuxu rejimini nizama salmaq üçün necə bir yanaşma tətbiq etməliyəm, fikrini daha yaxşı başa düşdüm. Uşağım üçün yatmazdan əvvəl telefon və televizordan uzaq durmaq kimi sadə qaydalara riayət etməyi daha çox diqqətə alacağam.

    Cavabla
  2. Eldar müəllim

    Təhsil sahəsində çalışan biri olaraq, mən uşaqların fiziki və zehni inkişafı üçün düzgün yuxu rejiminin vacibliyini çox yaxşı anlayıram. Yuxu pozğunluqlarının dərmanla həll edilməsinin doğru olmadığını oxumaq, çox düzgün bir yanaşmadır. Uşaqların beyninin inkişafı üçün yuxu müddətinə ehtiyacı olduğu da aydın şəkildə izah olunub

    Cavabla

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir