hamile

Uşaq yaşında “ana” ola bilməyənlər

Baxış sayı: 524

Dövlət Statistika Komitəsinin azyaşlılar arasında abort statistikasına əsasən, 2022-ci ildə Azərbaycanda 15-19 yaş qrupları arasında 2100 abort qeydə alınıb. Onlardan 15-17 yaş aralığında olanların sayı 100, 18-19 yaş aralığında olanların sayı isə 2 min olub. Bu rəqəmlər arasında xüsusilə, 100 yetkinlik yaşına çatmayan qızın abort statistikası ciddi narahatlıq doğurur. Bəs bu artımın səbəbi nədir? Uşaqlar arasında abortların qarşısını almaq üçün nə etməliyik?

 

Uşağı “ər evinə” yola salırlar

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, uşaq məsələləri şöbəsinin məsləhətçisi Şəbnəm Cəfərova deyir ki, komitə tərəfindən tibb müəssisələrindən kənarda doğuş faktlarına nəzarətin gücləndirilməsi ilə bağlı tədqiqat işləri aparılır. Səbəblər isə müxtəlifdir: “Biz, bu təhlilin nəticəsindən görə bilirik ki, burada ilk növbədə ailə faktoru rol oynayır. Erkən dövrdə uşağı “ər evinə” yola salırlar. Təbii ki, hamiləlikdə uşağın bədəni yetkin olmadığı üçün ana bətnində döl yaxşı inkişaf etmir, qan dolaşımında problemlər yaranır, bəzən də müxtəlif infeksiyalarla mübarizə aparırlar. Nəticədə, abort etməyə məcbur olurlar. Hətta, bəzi hallarda dölün tələf olması ilə yanaşı, ana ölümü də qeydə alınır. Burada sosial-iqtisadi şərait və ananın məlumatlılığının az olması böyük rol oynayır. Biz də dövlət orqanı olaraq səbəblərin aradan qaldırılması üçün çalışırıq”.

 

Məsələnin kökündə valideyn məsuliyyətsizliyi dayanır

Mütəxəssis deyir ki, abort edən uşağın psixoloji vəziyyətinin diqqətdə saxlanılması çox əhəmiyyətlidir. Çünki o yaşda cinsi münasibətə girən uşaqlar bunun hamiləliklə nəticələnə biləcəyini düşünmürlər: “İlk növbədə ailə ilə iş görülməlidir. Əgər uşaq normal mühitdə böyüsə, valideynin diqqət və nəzarəti olsa, bu addımı ata bilməz. Həm erkən nikahlarda, həm də uşağın cinsi münasibətdə olmasının kökündə valideyn məsuliyyətsizliyi dayanır. Bu halın baş verməsinə səbəb olan hər kəs qanun qarşısında cavab verməlidir”.

“Uşaqlarımızın tərbiyəsini pozur, onları ayıldırsınız”

“Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalova isə düşünür ki, cinsi münasibətlərin təbliği, filmlərdə, seriallarda cinsi həzlə bağlı müzakirələr uşaqları buna sövq edir. M.Zeynalovanın sözlərinə görə, ən böyük problem cinsi tərbiyənin verilməməsidir: “Bizdə ənənəvi olaraq valideynlərlə uşaqlar arasında baryerlər var. Valideyn öz qızı ilə belə məsələləri müzakirə edə bilmir. Hətta, məktəbdə belə müzakirə edəndə əksər valideynlər qarşı çıxırlar ki, uşaqlarımızın tərbiyəsini pozur, onları ayıldırsınız. Vəziyyət o qədər pisdir ki, QİÇS-lə bağlı maarifləndirmə tədbirlərini müəllimlər cürət edib keçə bilmir. Çünki valideynlər məktəbə gəlir, müəllimləri ittiham edirdilər ki, uşaqları yoldan çıxarırsınız. Valideyn özü də “Uşaqla aramızda pərdə olmalıdır” arqumenti ilə bu məsələ ilə məşğul olmur. Uşaqlar belə məlumatlara ancaq sosial şəbəkələrdə çatırlar. Bu da azyaşlılarda böyük maraq doğurur. İnkişafa, təhsilə, yaradıcılığa deyil, daha çox cinsi həzzə meyl edirlər. Bu, təhlükəli tendensiyadır. Hətta, bir çox hallarda zorakılıqla bağlı hadisələr də cinsi uyğunsuzluqla daha çox qabardılır”.

 

Bu hallar əsasən təcavüz nəticəsində olur

Mütəxəssis bu statistikanın erkən nikahların nəticəsi olduğuna inanmır: “Bunlar əsasən zorlama, təcavüz nəticəsində olur. Bir çox hallarda isə erkən cinsi münasibətlərin həzzinin təbliği nəticəsində uşaqlar gizli şəkildə münasibətdə olur, hamiləlik zamanı valideynlər xəbər tutur və uşağın dünyaya gəlməsinin qarşısını almağa çalışırlar. Bəli, cinayət məsuliyyətinə cəlb edilməmək üçün erkən nikah arqumenti də var. Yəni, erkən nikahın təşkilatçıları bunun qanunsuz olduğunu bilir və uşaq dünyaya gəldikdə qeydiyyatı aparılıb, hadisə aşkarlanmasın deyə, gizlin abort edirlər. Amma bu, çox azdır”.

Səbəb cinsi inkişaf haqqında məlumatlılığın olmamasıdır

Ümidli Gələcək Sosial Təşəbbüslər İctimai Birliyinin İcraçı direktoru Kəmalə Aşumova deyir ki, uşaqlar arasında abortların yayılmasının səbəbi cinsi inkişaf haqqında məlumatlılığın olmamasıdır: “Biz neçə illərdir ki, Elm və Təhsil, Səhiyyə nazirlikləri ilə birlikdə məktəblərdə mütəmadi təlimlər keçir, xüsusilə də, qızlarla söhbətlər edirik. Lakin əsaslı tədris həyata keçirilmir. Reproduktiv sağlamlıqla bağlı hələ də qanun layihəsinin qəbul olunmaması bu halların yaranmasına gətirib çıxarır. Yəni, uşaqlar inkişaf dövrünə addım atdıqca, cinsi inkişafla bağlı maarifləndirilməlidir”.

 

Hər şey uşaqlar üçün çox əlçatandır

Mütəxəssis deyir ki, müasir dövrdə uşaqları yalnız ailəsi deyil, sosial şəbəkələr də formalaşdırır: “Onlar sosial şəbəkələrdə gördüklərini anlamadan, təhlil etmədən tətbiq edir, bu kimi hadisələrlə rastlaşırlar. İnternet vasitəsilə zorakılıqlar da baş verir, intim münasibətlər də formalaşır. Çünki hər şey uşaqlar üçün çox əlçatandır. Təəssüf ki, bu faktlar erkən yaşda abortların sayının artmasında rol oynayır. Biz uşaqlar və yeniyetmələrlə təhsil ocaqlarında təlimlər keçməli, reproduktiv sağlamlıq, cinsi inkişafla bağlı tədrisə köklənməliyik”.

 

Məsuliyyət həm də valideynlərin üzərinə düşür

Həmsöhbətimizin sözlərinə görə, bu tendensiyanın qarşısının alınmasında ən böyük məsuliyyət valideynin üzərinə düşür. Valideynin övladlarının üzərində sevgisi, qayğısı, diqqəti olmalıdır: “Uşaq və yeniyetmə ailədə görə bilmədiyi sevgini, qayğını, diqqəti ətrafda tapmağa çalışır. Təəssüf ki, ətraf mühit hər zaman uşağa yararlı olmur. Arzuolunmaz hamiləlik, erkən yaşda abortların olmasının əsas səbəbi valideyn sevgisizliyindəndir. Valideynlərin övladları ilə ünsiyyətlərini düzgün formada qurması övladının gələcək taleyinə təsir edir. Hər şeyi məktəbin üzərinə atmaq düzgün deyil. Ana qızı ilə, ata oğlu ilə dost olmağı bacarmalıdır. Onun yaşına uyğun olaraq dost kimi məsləhət verməsi mütləqdir. Təəssüflər olsun ki, ətraf mühit, xüsusilə informasiya bolluğu uşaqların psixologiyasını ələ alır. Məsuliyyət tək məktəbin, tədrisin deyil, həm də valideynlərin üzərinə düşür”.

 

Aygün ƏZİZ




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir