Uşaq “yox” deyirsə – PSİXOLOQ TÖVSİYƏSİ

Baxış sayı: 1. 420

Kiçik yaşlı uşaqları təhlükə və arzuedilməz davranışlardan qorumaq üçün “xeyr” sözü tez-tez deyilir. Lakin çox vaxt uşaqlar da “yox” sözünü işlədir. Türkiyəli psixoloq Əhməd Yılmaz tez-tez “yox” deyən uşaqlar haqqında danışıb. Həkim bildirib ki, bu cür uşaqları nəyəsə məcbur etmək olmaz. “Gencaile.az” Aile.lent.az-a istinadən mütəxəssisin bununla bağlı valideynlərə məsləhətlərini təqdim edir.

Valideynlər uşaqlarını təhlükədən qoruyur, uşaqlar isə onların istəklərini yerinə yetirmədikləri üçün ərköyünlük edir. Bu zaman valideynin uşağa hər hansı müraciəti “yox” cavabı və istəksizliklə qarşılanır: “Uşaqla valideyn arasında narazılıq daha çox yemək vaxtı meydana çıxır. Ana uşağı yedirtmək istəyir, uşaqsa imtina edir, “yox” deyir. Bu zaman valideyn uşağa nəvaziş göstərir, öpür. Bu halda da uşaq inad edərək ağzını açmır. Barmaqla sayılacaq qədər valideyn uşağın bu istəyinə hörmətlə yanaşır və onu məcbur etmir. Nəzərə alın ki, uşaq da bir şəxsiyyətdir, seçimləri var və hörmətlə yanaşmaq lazımdır”.

“Yox” sözü “mən bunu etmək istəmirəm” deməkdir. Bir çox ailələr uşaqları etiraz etsələr belə, onlara zorla istədiklərini etdirirlər və bir müddət sonra uşaq üçün bu sözün bir mənası qalmır. Uşaq “onsuz da “yox” desəm də, istədiyim olmayacaq”, – deyə düşünməyə başlayır: “Bir çox valideynlər uşaq “yox” dedikdə ondan küsər, sevmədiklərini, incidiklərini, kədərləndiklərini bildirərək, onları romantik dilemma qarşısında qoyurlar. Bu cür hallarda uşaqlar “yox” deməkdən çəkinirlər, düşünürlər ki, bu söz onlarla ata-anası arasında əlaqələri qırır, bununla valideynlərini incidirlər. Bəlkə kiçik yaşlarda bu, əhəmiyyətsiz kimi görünə bilər. Lakin uşaq yetkinlik dövrünə gəldikdə bu, onların həyatlarında ciddi problemlərə səbəb ola bilər”.

Yetkinlik dövründən uşaqların çevrəsi genişlənir. Bu dövrdə hər kəsin qarşısına hər cür insan çıxa bilər. İctimai fəallığı yüksək olan uşaqlarsa dost qazanmağa daha çox meylli olur, çevrələrinin geniş olmasına can atırlar: “Məhz uşaqlıqdan “xeyr” deməyi öyrənməyən uşaqlarda bir xaraktersizlik, üzüyumşaqlıq yaranır. Bu halda yetkinlik yaşında qarşısına çıxan pisi və yaxşını ayıra bilməyən uşaq “xeyr” deməyi bacarmır. Nəticədə isə pis dostlarının cəmiyyət tərəfindən xoş görülməyən davranışlar – cinayət, spirtli içkilər, maddə təklifi, siqaret, şiddət və s.-ə də etiraz edə bilmir. Çünki bu halda yoldaşlarını itirməkdən, onların gözündə alçalmaqdan, gücsüzlüklə ittiham edilməkdən qorxur. Nəticədə, “xeyr” deməkdən çəkinirlər və bu cür pis davranışlara meyl edərlər”.

Psixoloq sonda bir daha vurğulayır ki, uşaqları “xeyr” dedikdə valideynlər buna hörmətlə yanaşmalıdır. Uşaq istəmədiyini qarşı tərəfə rahat şəkildə ifadə edə bilməlidir: “Onlara sərhəd qoymalarını öyrədərək, yanlarında olmadığımız zamanlarda özlərini qorumalarını təmin etmiş olarıq. İcazə verin uşaqlar özləri özlərini qorusunlar”.

 




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir