VALİDEYN

Uşaq zorakılığı ilə bağlı cəzalar sərtləşdirilməlidirmi? – ARAŞDIRMA

Baxış sayı: 914

Azyaşlılara qarşı törədilən cinayət xarakterli hərəkətlər… Təəssüf ki, Azərbaycanda da belə faktlar var. 57 cinayət işindən 38-in istintaqı başa çatıb, məhkəmələrdə onların heç birində bəraət hökmü oxunmayıb. 19 nəfər barəsində həbs qətimkan tədbiri seçilib.

Bunlar bəlli olan rəqəmlərdir, statistikadır. Bəs üstü açılmayan və yaxud gizlədilən analoji hadisələr? Aysberqin görünməyən tərəfi daha qorxulu olur axı.

Azərbaycan Uşaqlar Birliyinin Sədri Kəmalə Ağazadə belə hadisələrin ört-basdır edildiyini iddia edir: “Qeyri-rəsmi nikahlardan doğulan uşaqlar kifayət qədərdir. Hansısa himayədarların nəzarəti altında olan uşaqlar da var. Bu gün “Roman qrupu” kimi tanınan qaraçıların uşaqları arasında bu faktlara daha tez-tez rast gəlinir. Mən bir dəfə sosial şəbəkədə uşaq zorakılığı ilə bağlı paylaşım edəndə eyni bölgədən 7 qız dayısı oğlu, xalasının əri tərəfindən təcavüzə məruz qaldığını yazdı, amma bu barədə danışmaq istəmədi”.

Cinsi zorakılığa məruz qalan təkcə qızlar deyil, oğlan uşaqları da bu faktlarla bağlı sığınacaqlara müraciət edib. Statistika 12 il ərzində 10 oğlanın cinsi təcavüzə məruz qaldığını göstərir. Uşaqlarla bərabər onların ailə üzvlərinə də psixoloji dəstək verilib, maarifləndirici iş aparılıb: “Üstünlük daha çox qəyyumluğa verilən uşaqlarla işin təşkilinə verilməlidir. Bu İcra Hakimiyyətləri yanında komissiyalar tərəfindən həyata keçirilməlidir. Sahə və uşaq inspektorları fəal olmalıdır. Eyni zamanda sosial işçilər aktivlik göstərməlidir”.

Başqa təkliflər də var – ailə institutlarının yaradılmasının da baş verən cinayətlərin azalmasına kömək edəcəyi deyilir. Buna qismən kömək edəcək amil ailə institutlarının yaradılmasıdır. Hüquqşünas Rafiq Alışoğlu isə düşünür ki, təkcə Bakıda yox, bölgələrdə də ailələrlə təmas olmalıdır: “Bizim universitetləri bitirmiş yaxşı peşəkar sosial işçilər var. Onlar ailələrlə işləməlidir. Problemi öyrənib, psixoloji halların olub-olmadığını, uşaqların cinsi və ya məişət zorakılığına məruz qalıb-qalmadığını öyrənməli, tədbirlər planı hazırlanıb, onların müdafiəsinə təminat verilməlidir. Sosial işçi institutu aktiv fəaliyyət göstərsə, onda ailələr də, cəmiyyət də məsuliyyətini dərk edib, dövlətin nəzarətini hiss edəcək”.

Qanunvericiliklə 16 yaşına çatmayan şəxslə cinsi əlaqədə olma (zor tətbiq etmədən) 3 ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Eyni əməl 14 yaşadək şəxsə edildikdə cəza müddəti 6 ilə qədər uzadılır.

 valideyn

Ekspert Şəmsəddin Əliyev hesab edir ki, yetkinlik yaşına çatmayanların zorlanması həm də fahişəliyə cəlb etmə kimi dəyərləndirilməli və cəza müddəti artırılmalıdır: “Biz fahişəliyə cəlb etməni cinayət məcəlləsinə salmalıyıq. Misal üçün bu əmələ görə saxlanılan şəxsə 3 ildən 6 ilə kimi həbs cəzası verilməlidir. Eyni zamanda kütləvi hal alarsa 5 ildən 8 ilə kimi. Sanksiya olmalıdır. Biz nə qədər sərt addımlar atsaq bir o qədər bu cinayətlərin dəhlizini daralda bilərik”.

Qeyd edək ki, Milli Məclis “Məişət zorakılığının qarşısının alınması haqqında” qanun layihəsi qəbul edilib. Qanunla uşaqların məişət zorakılığından qorunması ilə bağlı müddəalar nəzərdə tutulub, mühafizə orderinin müəyyən edilməsi, zərər çəkmiş uşaqların sosial qayğı ilə təmin edilməsi üçün tədbirlərin görülməsi məsələləri öz əksini tapıb.

Görünən isə odur ki, ya qanunlardan xəbərsizik, ya əməl etmirik, ya da əlavə tədbirlərə ehtiyac var.

Söhbət isə uşaqlardan – gələcəyimizdən gedir.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir