Uşaqla keyfiyyətli vaxt keçirmək uşağın emosional və intellektual inkişafı üçün çox vacibdir. Bunun üçün ilk növbədə uşağın fiziki və emosional ehtiyacları qarşılanmalıdır. Bu fiziki və emosional ehtiyaclarıı qarşılamaq üçün bəzi məqamlar var.
Uşaqların fiziki və emosional ehtiyaclarını dəstəkləyən məqamlar hansılardır?
Uşaq doğulduğu andan valideynlərinin həm fiziki, həm də emosional diqqətinə ehtiyac duyur. Körpənin bezini dəyişdirmək, qidalandırmaq, bütün ehtiyaclarını ödəmək fiziki maraqdır; Körpə ilə oynamaq, onu güldürmək, sevdirmək, sığallamaq, müxtəlif hərəkətlər etməyə məcbur etmək körpənin emosional ehtiyaclarını ödəməkdir. Yalnız bu fiziki və emosional ehtiyaclar qarşılandıqda körpə valideynlərlə sağlam və təhlükəsiz münasibət qurur və bu əlaqənin böyüdükcə də davam etməsini arzulayır, yəni valideynləri ilə vaxt keçirib dünyanı kəşf etmək istəyir. Fiziki və emosional ehtiyacları adekvat ödənilməyən, ana və atanın varlığına yad olan körpə onlarla vaxt keçirməyə ehtiyac duymur, bu körpə ana və ataya güvənsiz bağlanır. Bir sözlə, uşaqla keyfiyyətli vaxt keçirmək üçün ilk növbədə uşaqla valideyn arasında güvənli bir bağlılıq olmalıdır.
Uşaqla keyfiyyətli zamanı necə keçirmək olar?
Siz ayrı bir işlə məşğul olarkən, uşaq başqa işlə məşğul olarkən keyfiyyətli vaxt sərf olunmur. Uşaqla keyfiyyətli vaxt keçirməyin təməl qaydası “ünsiyyət”dir. Bunun üçün uşaqla təkbətək ünsiyyətdə olmaq lazımdır; Onu dinləməli, göz təması qurmalı və birlikdə fəaliyyət göstərməlisiniz.
Sadəcə söhbət etmək həm də keyfiyyətli vaxt keçirmək deməkdir. Siz ona öz gününüz haqqında danışa biləcəyiniz kimi, məktəbdəki gününün necə keçdiyini və dostları ilə münasibətlərinin necə olduğunu sizə izah edəcək suallar verə bilərsiniz. Bu yolla uşaq öz hisslərini və düşüncələrini ifadə etməyi, eyni zamanda dinlədiyini və dinlədiklərinə uyğun cavab verməyi öyrənir ki, digər insanlarla ünsiyyəti xeyli yaxşı olsun, ünsiyyət qurmaqda çətinlik çəkməsin.
Övladınızdan hisslərini soruşa bilərsiniz, məsələn, onu əsəbiləşdirən və ya sevindirən şeylər haqqında..Uşağın öz hisslərini ifadə etməsi üçün bu cür söhbətlər vacibdir. Hisslər və düşüncələr, eləcə də empatiya hissinin inkişafı üçün lazımdır.
Uşaqla birlikdə edilə biləcək fəaliyyətlər kimi, uşağın maraqlandığı şeylər, məsələn, birlikdə gəzintiyə çıxmaq, piknik etmək, oyunlar oynamaq (qutu oyunları, ev işləri və s.), birlikdə idman etmək ( basketbol, voleybol və s.). Beləliklə, uşaq maraqlarının nəzərə alındığını, ona görə də özünün də vacib olduğunu anlayır və özünə inamı inkişaf edir.
Bunlarla yanaşı, bir neçə suallardan ibarət oyun da sizlərə təklif edəcəm. Belə olduqda ailə üzvləri bir birini daha yaxından tanımış olacaqdır. Yaş həddi: 6+
Gəlin həmin suallara diqqət edək:
1) Sevmədiyin və dəyişdirmək istədiyin bir xüsusiyyətini de
2) Ananla fərqli olduğun 2 xüsusiyyətini de
3) Bu ailənin yumoristi kimdir?
4) Bir heyvan olsan nə olardın?
5) Boş zamanında nə edirsən?
6) Məyus olduğunu necə ifadə edirsən?
7) Sehirli çubuğun olsa idi, bu ailə üçün nə edərdin?
8) Ailədə etdiyiniz və zövq aldığınız şey nədir?
9) Narahat olduğunda kiminlə bölüşürsən?
10) Ailəcə bir iş görməyə başlasanız, nə edərdiniz?
11) Ən son nə zaman xoşbəxt oldunuz?
12) Bu hədər ərzində nələr etmisən? Ailənlə bölüş
13) Ən sevdiyin ailə dəyərləri hansılardır?
14) Bu anda yanında oturan insandan nə eşitmək istəyərdin?
15) Qarşında oturan insanın ən bəyəndiyin xüsusiyyətini de
16) Ən yaxşı dostunun adını de
17) Qarşındakı bir heyvan olsa idi, hansı heyvan olardı?
18) Gözlərini bağla və dərin nəfəs al
19) Ailədə kim gizli qapı güdər?
20) Bir bitki olsan nə olardın?
Sizə ailəlikcə cavablaya biləcəyiniz sualları qeyd etdim.
Psixoloq Zümrüd Haqverdiyeva
“Bilmed” Psixoloji Nitq və Reabilitasiya mərkəzi