usaqlar

Uşaqlar arasında qısqanclığı necə aradan qaldırmaq olar?

Baxış sayı: 326

Qardaş (və ya bacı) qısqanclığı uşaqların anaya ehtiyacı olduğu dövrlərdə, xüsusilə də, ilk yaşlarda daha çox müşahidə olunur. Bu baxımdan, 2-4 yaş dövrünü uşaqlarda qardaş (və ya bacı) qısqanclığının ən çox müşahidə olunduğu dövr adlandırmaq olar. Xüsusilə də, qardaşlar (və ya bacılar) arasındakı yaş fərqi az olduqda qardaş (və ya bacı) qısqanclığı daha çox müşahidə olunur.

Digər tərəfdən, kiçik yaşlı uşaqlar hisslərini sözlə ifadə etməkdə çətinlik çəkdikləri üçün qardaşlarına (və ya bacılarına) qarşı hiss etdikləri qısqanclıq hissini dəcəllik, şıltaqlıq, yatma və ya yemə problemləri kimi problemlərlə büruzə verirlər. Beləliklə, uşaqlar bu şəkildə həm problemlərini ifadə edir, həm də diqqət mərkəzində olmağa çalışırlar.

Bundan başqa, doğum yaxınlaşdıqca anada yorğunluq və halsızlıq halları müşahidə olunduğu üçün ananın uşağa əvvəlki kimi diqqət göstərə və ya vaxt ayıra bilməməsini də qısqanclığa səbəb olan əsas amillərdən saymaq olar.

Qısqanclığın digər səbəbləri arasında isə ailənin yeni üzvünün evdəki “tarazlığı pozmasını”, həmçinin, ailənin köhnə üzvünün yeni üzvünü rəqib kimi qəbul etməsini də göstərmək olar. Həmçinin, uşaq hamının ondan daha yaxşı olduğunu və ya hamının ondan daha çox sevildiyini düşündükdə də, qısqanclıq hissi meydana çıxa bilər. Belə olduqda, uşaq atasının və ya anasının sevgisinin artıq onun üzərində olmadığını düşünə və təbii olaraq, hisslərini qısqanclıq şəklində büruzə verə bilər.

Digər tərəfdən, yeni doğulacaq uşaq üçün etdiyiniz alış-verişlər də uşağınızda qısqanclığa səbəb ola bilər. Ona görə də, valideynlər bunun qarşısını almaq üçün aşağıdakı tövsiyələrə əməl etməlidirlər:

1) İlk növbədə, valideynlər qardaşları (və ya bacıları) hələ dünyaya gəlməmiş öz uşaqlarını bu prosesə hazırlamalıdırlar.

2) Valideynlər uşaqlarını sevdiklərini onlara hiss etdirməlidirlər.

3) Həmçinin, valideynlər qətiyyətli davranmalı və qısqanclığı artıracaq hərəkətlərə yol verməməlidirlər.

4) Valideynlər uşaqlarını sakitləşdirmək üçün yeni doğulan qardaşları (və ya bacıları) haqqında “Biz onu yox, səni sevirik” deməməlidirlər.

5) Valideynlər uşağa “Səni də sevirik, onu da! Ancaq onun bizə ehtiyacı var” mesajını düzgün çatdırmalıdırlar.

6) Valideynlər uşaqların öz aralarında yaşadıqları problemlərin həllində bitərəf qalmalıdırlar.

7) Valideynlər yeni qardaşı (və ya bacısı) doğulan uşağa “Sən artıq böyük qardaşsan (və ya bacısan)” deməməlidirlər.

 

Ayün Vəliyeva




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir