usaqlar

Uşaqlar dost seçimini necə edirlər? – VALİDEYNLƏRİN MENYUSUNA

Baxış sayı: 1. 779

Cəmiyyətdə var ola bilmək, bütün problemlərə sinə gərə bilmək, həyatımıza, yaşantımıza bir az da maraq qata, sevincimizi və kədərimizi bölüşə biləcəyimiz yaxınlara, ən çox da sadiq dostlara ehtiyacımız var. Bəzən valideynlərimizə deyə bilmədiklərimizi belə dostlarla bölüşürük. Dostluqlar isə asan yaranmır, daha dəqiq ifadə etsək, asan qazanılan dostluqların ömrü uzun olmur. Bizdə bir el məsəli var: “dostunu göstər, sənin kim olduğunu deyim”. Çünki çevrəndəki insanlar bir növ sənin pasportundur.

 

Valideynlər, diqqət!

Psixoloqlar deyir ki, yoldaşlıq və dostluq əlaqələri çox önəmlidir. Ona görə də valideynlər övladlarının bu duyğuları öyrənməsini, doğru dostlar seçməsini və həqiqi dostluqlar qurmasına diqqət göstərməlidirlər. Həyatımız boyu dost dediyimiz insanlar çox olur. Əvvəllər uşaqlıq (baxça, məhəllə və məktəb) yoldaşlığı sonralar gənclik (institut və iş yoldaşları) ilə əvəzlənir.

Təxminən 3 yaşına qədər oyun oynamaq üçün başqa uşaq, dost axtarmayan və daha çox öz oyuncaqları ilə oynamağı sevən uşaqlar 3 yaşından sonra dosta-yoldaşa maraq göstərir. Övladımız bu yaşda bəzi uşaqlara qarşı mülayim olur, bəzilərinə aqressiv münasibət göstərir və dostluğa da beləcə başlayır. 3-6 yaş dövründə uşaqlar məktəbəqədər təhsil zamanı və ya yaşadığı mühitdə özünə oyun yoldaşları, dostlar tapır.

Övladınızın başqa bir uşaqla oynayarkən daim savaşdığını görəndə onları tənbehləmək və dostlaşmalarına cəhd etmək lazım deyil. Psixoloqlar deyir ki, uşaqlar yaşca kiçik olsalar da, onlarda hissetmə daha güclüdür. Əgər bir uşaqla durmadan savaşırsa, onda bunun səbəbini tapmaq lazımdır.

 

Valideyndən dost olarmı?

Dövrümüzdə bir çox valideyn “övladımın dostu mənəm” deyə düşünərək övladının çevrəsində yaşıdlarının olmasına izin vermir. Belə düşünən valideynlər özlərini haqlı sayır, indiki cəmiyyətdə də belə ana və atalar örnək göstəricisi kimi ifadə edilir. Bu cür valideynlər hər dəqiqə övladlarının yanında olmağa çalışır, hər addımda dostların zərərindən bəhs edir, pis yoldaşların əhatəsində zərərli vərdişlərə qurşanan yaşıdlarını misal çəkir. Uşaqlarının pis vərdişlər öyrənib zərər görməsindən çəkinən valideynlər hesab edirlər ki, bu yolla övladlarını bütün zərərli vərdişlərdən qoruya bilərlər.

Bütün bunların nəticəsində uşaq və yeniyetmələr yaşıdları ilə aralarında həmişə sədd qoyurlar, ətraflarındakı bütün yaşıdlarını ona zərər verəcək zənn edirlər. Belə uşaqlarda güvən hissi zəif olur.

Təbii ki, bunları yazmaqda məqsədimiz belə valideynlərin pis nümunə olmasını demək deyil, əksinə, bu, lazımdır. Psixoloq Aydın Əsədov deyir ki, övladımızın dostu, yoldaşı olmağa çalışmalıyıq, amma aşırı dərəcədə yox.

“Övladımıza dostlar seçməyə, yeni yoldaşlarla münasibət qurmağa imkan yaratmalıyıq. Daima valideyn qoruması altında olan uşaqlar heç vaxt həyatda özünü təsdiq edə bilmir. Çünki əminlik hissi olmur. Ətrafında bir-iki tanıdığı olur, amma onlarla dost deyil, sadəcə tanış biri kimi münasibət saxlayır.

Valideynlər həmişə çalışırlar ki, övladlarının ətrafında savadlı, bilikli və tərbiyəli ailə uşaqları olsun. Bu normal istəkdir. Amma çalışmaq lazımdır ki, bu kimi dostları övladınız özü seçsin. Yəni, siz onu nə cür insanlarla dost olmaq barədə doğru yönləndirə bilsəniz, o da sizin ürəyinizcə olan dostlar seçəcək”.

 

Yeniyetmə və gənclərin ayrı yaşamaq istəyi

Yetkinlik dövrünə qədəm qoyan bir yeniyetmə üçün dost hər şeydən və hər kəsdən önəmli olur. Evdə onu tənqid edən, daima nəsihət verən ailədənsə, dostu ilə zaman keçirməyi üstün tutur. Yeniyetmələrin çoxu bu yaşda olanda dostları ilə bir evdə yaşamağı arzulayır. Əksər hallarda valideynlər buna etiraz edir, icazə vermir.

Pedoqoqlar bildirir ki, əgər yeniyetmə və gənc, ailədə uşaq yaşından normal tərbiyə alıbsa, həyatın hər üzünü tanıyırsa, zərərli vərdişlərin insan həyatındakı təsiri barədə məlumatı varsa və iradəsi güclüdürsə, heç vaxt yalnış yola düşməz. Psixoloqlar isə hesab edir ki, övladınızın istəklərinə ilk addımda qərarınızı bildirməyin, öncə düşünün və daha sonra bu istəyin ona zərərli və ya xeyirli tərəflərini anladın. Övladınız sizin qərarınızın səbəbini başa düşəndən sonra aranızda heç bir problem olmayacaq.

 

Sosioloq Əhməd Qəşəmoğlu deyir ki, valideynlər heç bir halda övladına mənfi təsir edəcək bir addım atmazlar, valideyn məsləhəti hər yaşda yararlıdır: “Mən öz təcrübəmdən bilirəm, valideynlərim zamanında mənim çevrəmlə yetəri qədər maraqlanmasaydı və məni həddən artıq sərbəst buraxsaydı, pis çevrəyə düşə və bu gün cəmiyyətdə qazandığım yerimə sahib ola bilməzdim. Hesab edirəm ki, valideyn yönləndirməsi vacibdir”.

 

Sosioloq: “İnsan sosial çevrəsini qurandan sonra dosta ehtiyac duyur”

Sosioloq deyir ki, uşaqlar o zaman həqiqi dostluqlar qura bilər ki, o öz şəxsiyyətini dərk etsin: “Bu prosses isə yeniyetməlik dövründə, 15 yaşdan etibarən başlayır. 20 yaşınadək belə davam edir. Bu prossesə ətraf mühit, yaşadığı ölkə və cəmiyyət də böyük təsir edir.

Təbii ki, insan, ömrünün axırına qədər dostlar qazanır, müxtəlif yaşlarda yeni dostları olur, amma ümumilikdə götürəndə 15-20 yaş arası qazanılan dostluqlar ilk olduğu üçün önəmi də çox olur. İnsan gərək öncə özünü bir şəxsiyyət kimi təsdiqləsin və sosial aləmini qursun, bundan sonra onun necə dosta ehtiyacı olduğu, kimlərlə dostluq edə biləcəyi məlum olur”.

Əhməd Qəşəmoğlu bildirir ki, bəzi xalqlarda lap qədimdən bəri tərbiyə prosesinə ciddi təsir edən bir təcrübə var: “Deyilir ki, uşağa 5 yaşına qədər toxunmaq və nəsə diqtə etmək doğru deyil. Mən bu məsələ ilə razılaşmıram. Valideyn övladına hər yaşda nəzarət etməlidir.

Bu, o cəmiyyətlərə aid ola bilər ki, orda hər şey normal olsun, heç bir pis vərdiş olmasın. Amma indi zamanın özü pisdir, zərərli vərdişlər harda olsa insanı yaxalayır. Həm valideynin, həm də müəllimlərin borcudur ki, bu məsələdə daha diqqətli olsunlar, uşaqları kənar təsirlərdən mümkün qədər qorumağa çalışsınlar”.

Qızla oğlanın dostluğu şəxsiyyətin dəyişməsinə təsir edirmi?

Bu gün ən çox müzakirə edilən mövzulardan biri də iki cinsin dostluğudur. Forumlarda, sosial şəbəkələrdə, eləcə də yeniyetmələrin öz aralarında həmişə bu barədə qızğın mübahisələr gedir.

Maraqlıdır ki, məktəbəqədər təhsil müəssisələrində – baxçalarda kiçik yaşlı uşaqlar seçim etmirlər, oğlan və ya qız fərq etmir, kiminlə dostlaşsa, sözü tutsa, onunla da oynayır, yoldaşlıq edir. Amma bu seçim çox vaxt məktəbdə dəyişir.

Birinci sinifdən qızlar qızlarla, oğlanlar isə oğlan uşaqları ilə dostluq edir. Bizim cəmiyyətdə oğlanlarla oturub-duran qıza və yaxud da əksinə, qızlarla yoldaşlıq edən oğlanlara dırnaqarası baxırlar. Psixoloqlar bu duruma birmənalı yanaşmırlar.

Belə ki, qızların uşaqlıqdan oğlanlarla yoldaş olmasının tərəfdarı olan psixoloqlar bunu cinslər arasındakı həmrəylik və barışığın təməli hesab edir. Amma bir çox psixoloqlar da deyir ki, kiçik yaşlarından qızlarla oturub-duran oğlanın düşüncəsində, psixologiyasında müəyyən qədər uyğunluq yaranır. Ya da əksinə, oğlanlarla dostluq edən qızlar “oğlansayağı” olur.

Amma bu, hər uşağa aid edilmir, şəxsiyyət anlayışı tamamən fərdi olduğundan psixoloqlar bu məsələdə yekdil rəy bildirmirlər. Elə uşaqlar var ki, özünü bir şəxsiyyət kimi təsdiqləməmiş dostlaşdığı əks cinsdən olan yaşıdlarında həvəs göstərdiyi xarakterlər olur və bu da onun özünü təsdiqləməsinə mane olur.

Amma elə uşaqlar da var ki, yaşından asılı olmayaraq özünü tez tanıyır və nə istədiyini, kim olmaq istədiyini yardım olmadan da anlaya bilir. Belə uşaqların əks cinsdən olan yaşıdları ilə dostluqları da normal olur.

 

Pedaqoq: “Davranışın kökündəki səbəb ailədən qaynaqlanır

Pedaqoq Aidə Eyyubova deyir ki, indi məktəbli qızlarla oğlanlar arasında çox isti münasibət var: “İndi uşaqlar öncəki kimi düşünmürlər. Bizim zamanımızda oğlanlar oğlanlarla, qızlar da qızlarla dostluq edirdi. İndi qızlarla oğlanlar rahatca dostlaşırlar və bəzən gərəkdiyindən də yaxın münasibətdə olurlar”.

Pedaqoqdan əks cinslə dostluq edən uşağın davranışlarındakı fərqlə bağlı münasibətini də öyrəndik: “Hesab etmirəm ki, oğlanla dostluq edən qızların hamısı oğlansayağı, qızlarla dostluq edən oğlanların “qız kimi” olur. Fikrimcə, bu, uşaqların ailədə aldığı tərbiyədən, ətraf mühitdən və birbaşa olaraq uşağın psixologiyasından asılıdır.

Oğlanların yetişdirilməsində, tərbiyə edilməsində ataya daha çox ehtiyac olur. Çünki oğlan uşağı anasından hər şeyi soruşa bilmir və bu zaman atasının anlayışına ehtiyac duyur.

Aidə Eyyubova onu da əlavə etdi ki, qız və oğlanlar istər fiziki imkanları baxımından, istərsə də, düşüncə tərzinə görə bir-birindən fərqlidir: “Böyümə və tərbiyə müddətində bu fərqlilik mütləq diqqətə alınmalı, lakin ayrı-seçkilik edilməməlidir. Valideyn hər uşağa onun cinsinə uyğun davranmalıdır.

Biz pedaqoqlar tədrisdən öncə ilk belə şeylərə diqqət edirik. Qız şagirdlərlə daha diqqətli davranırıq, amma oğlanlarla da gərəkli münasibəti qururuq. Onların arasındakı münasibətə isə daha çox diqqət göstəririk. Çünki onlar bir sinifdə təhsil alırlar və aralarındakı uyğunluq və münasibət normal olmalıdır”.

İstənilən halda yoldaşlıq və dostluğa həyatımızın hər kəsimində gərək duyuruq və bu dostluqların bizə zərər verməməsi, sonradan peşmanlıq hiss etməmək üçün “yüz ölçüb bir biçmək” məsəlinə uyğun davranmaq da gərəkdir. Atalar demişkən, “dost dosta tən gərək, tən olmasa gen gərək”…




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir