Uşaqlar nə vaxt yatmalıdırlar?

Baxış sayı: 2. 009

Valideynlərin çətinlik çəkdikləri mövzulardan biri də uşaqlarda yatma vərdişinin formalaşdırılmasıdır. Bu məsələ valideynlərlə uşaqları, hətta ana və atanı qarşı-qarşıya gətirir.

Doğrudanmı, bu məsələni həll etmək bu qədər çətindir?

Uşaqlar nə vaxt yatmalıdırlar?

“Vaxtında” yatmayan uşağın üstünə qışqıraraq yatırtmaq uğur sayıla bilərmi?

Hər axşam eyni problemləri yaşamamaq üçün nə etməliyik?

Bu suallara verəcəyimiz cavablar məsələni problem olmaqdan çıxaracaqdır.

Başdan başlayaq. Bu məsələni həll etmək bu qədər çətindirmi?

Xeyr. Əsla. Əslində, uşağı yatırtmaq o qədər asandır ki. Necə?

Əvvəla, uşağın yatmaq vaxtını biz yox, onun bioloji saatı təyin etməlidir. Bioloji saat üzərində məcburiyyət olmaz. Olsa da, əks-təsirini daha sonra göstərər.

İkincisi, əgər övladımızın hansısa bir saatda yatmasını istəyiriksə, bu saat həm anormal vaxt olmamalıdır (məsələn, saat 20:00, məsələn, saat 21:00. Bu saatlarda uşağın necə yuxusu gəlsin?!), həm də vücudun müəyyənləşdirilən saata uyğunlaşması üçün bir neçə gün səbir etməliyik. Ta ki, bioloji saat özünü həmin vaxta qədər tənzimləsin.

Üçüncüsü, əgər uşaq 22:00-da yatmalıdırsa, saat 22:00 olan kimi atanın zəhmli səsi eşidilməməlidir: “Tez ol, get yat”.

İnsan robot və ya əl oyuncağı deyil ki, yatış düyməsini basan kimi dərhal yatsın. Uşağın yatmaq üçün hazırlaşmağa vaxtı olmalıdır. Bu vaxt ona verilməsə, aqressivləşər və hüzursuz, küskün bir şəkildə yatar. Halbuki yatarkən də hüzurlu olmalıdır uşaq.

Bundan başqa, uşağın yatağa uzandıqdan sonra da yatmaq üçün vaxtı olmalıdır. Əgər yataq otağında iki qardaş bir-biri ilə söhbət edirsə, o biri otaqdan müdaxilə gəlməməlidir: “Sakit olun! Yatın! Bax məni gətirtməyin ora!”

Nə olar ki, qardaşlar bir-biriləri ilə iki kəlmə söhbət edib, sonra yatsalar? Dünyada yatağa uzanan kimi bir kəlmə kəsmədən yatan neçə valideyn var? Niyə öz etdiyimiz şeyləri uşaqlarımıza qıymırıq?

İnanın, narahat olmağa dəyməz. Bir az danışıb, təbii şəkildə, yəni insan kimi yuxuya gedəcəklər.

Dördüncüsü, uşağın yatmaq vaxtı gələndə evdə buna paradoks təşkil edəcək bir mənzərə olmamalıdır. Əgər qonaq otağında işıqların hamısı yanır, ata-ana oturub fındıq yeyə-yeyə televizora baxırlarsa, o uşaq yatmağa necə getsin? Bu, ona qarşı amansız bir zülm olmazmı? Bu cür şən və “oyaq” atmosferdən ayrılmaq çox çətindir. Və heç bir normal insan bu ab-havanı qoyub, yatmağa getmək istəməz. Getsə, onu müayinəyə aparmaq lazımdır.

Beşincisi, uşağı təkbaşına yatmağa göndərmək onun ruh sağlamlığı baxımından doğru deyil. Ana da uşaqla birlikdə onun otağına getməli və ən azı yarım saat onunla vaxt keçirməlidir. Əlbəttə, bu vaxt ərzində uşağı zorla yatırtmağa çalışmaq yerinə, onunla aram-aram söhbət edə, başını tumarlaya, onunla birlikdə yatma atmosferinə bürünə bilər. Uşaq yalnız bu zaman anasından süzülən sevgi ilə hüzurla yuxuya gedəcəkdir.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir