Uşaq Hüquqları Konvensiyası dünyada 2 dövlət istisna olmaqla, bütün dövlətlər tərəfindən təsdiq olunmuş, dünya səviyyəsində ən geniş qəbul olunmuş insan hüquqları alətidir. Konvensiya uşaqların insan hüquqlarının bütün növlərini – mülki, siyasi, iqtisadi, sosal və mədəni – bir sənəddə birləşdirir. Konvensiya BMT Baş Assambleyası tərəfindən 20 noyabr, 1989-cu il tarixində qəbul olunmuş və 1990-cı ilin sentyabrında qüvvəyə minmişdir. Konvensiyanın 41 maddəsində 18 yaşdan aşağı hər bir uşağın insan hüquqlarına hörmət olunması və müdafiə edilməsi təsvir edilir.
Hamıya məlum olan bir məsələdir ki, nikah pozularkən uşağın hansı valideynin yanında saxlanılmasından asılı olmayaraq, digər valideynin uşaqla ünsiyyətinə şərait yaradılmalıdır. Yaradılmadığı təqdirdə isə, həmin valideyn məhkəmə qaydasında uşaqla ünsiyyət günlərini tələb etmək hüququ vardır. Lakin, uşaqların qohumlarının, yəni nənə, baba, bacı qardaş və digər qohumların bu hüquqdan yararlanmasını nadir hallarda görürürk.
Buna görə də sual yaranır, boşanmadan öncə və ya sonra “Baba, nənə, qardaş, bacı və digər qohumlar” uşaqla görüşə bilərmi?
Adətən çox hallarda müşahidə edirik ki, valideynlərdən birinin (ər və yaxud arvad) istər boşanmamışdan öncə, istərsə də, boşanmadan sonra qarşı tərəfin qohumları ilə uşaq (uşaqların) görüşünə maneələr yaradır və bu görüşün həyata keçirilməsini istəmir.
Bu halda, qarşı tərəfin bunu tələb etməsi doğrudurmu? Bu məsələni Azərbaycan Respublikasının qüvvədə olan Ailə Məcəlləsi tənzimləyir.
Belə ki, Ailə Məcəlləsinə əsasən, baba, nənə, qardaş, bacı və digər qohumlar uşaqla ünsiyyət hüququna malikdirlər. Valideynlər (onlardan biri) uşağın yaxın qohumları ilə ünsiyyətinə etiraz etdikdə müvafiq icra hakimiyyəti orqanı valideynlərin (onlardan birinin) bu ünsiyyətə mane olmamağını tələb edə bilər. Valideynlər (onlardan biri) müvafiq icra hakimiyyəti orqanının qərarına tabe olmadıqda, uşağın yaxın qohumları və ya müvafiq icra hakimiyyəti orqanı uşaqla ünsiyyətdə olan maneəni aradan qaldırmaq üçün iddia ilə məhkəməyə müraciət edə bilər. Məhkəmə uşağın rəyini və marağını nəzərə almaqla mübahisəni həll edir. Məhkəmənin qərarına əməl etməyən valideyn Azərbaycan Respublikasının mülki-prosessual qanunvericiliyinə uyğun məsuliyyət daşıyır.
Ümumiyyətlə Azərbaycan Respublikasının qanunvericiliyində uşaq hüquqları ilə bağlı məsələ hansı qaydada tənzimlənir?
Azərbaycan qanunvericiliyi uşaqların həyat və sağlamlığına, mənəviyyatına təhlükə törədə biləcək işlərə cəlb edilməsini qadağan edir. Ölkəmizin Əmək Məcəlləsinə əsasən, uşaqların işə qəbul edilməsi üçün minimum yaş həddi 15 yaş müəyyən edilib. Bu yaşa çatmamış uşaqlarla bağlanılan əmək müqaviləsi etibarsız sayılmaqla, belə müqaviləni bağlayan işəgötürən inzibati məsuliyyətə cəlb edilir. 15 yaşdan 18 yaşadək işçilərin əməyindən istifadə ilə bağlı onlar üçün əmək şəraiti, iş və əmək məzuniyyəti vaxtı, müddəti və s. baxımından əlavə təminatlar, güzəştlər müəyyən olunub.
Uşaq əməyini istismar edən işəgötürənə hansı cəza tətbiq edilir?
15 yaşından 18 yaşınadək olan şəxslərlə əmək müqaviləsi bağlanarkən onların valideynlərindən və ya övladlığa götürənlərdən (qəyyumlarından) birinin və yaxud qanunla onları əvəz edən şəxslərin yazılı razılığı alınmalıdır. Əmək qanunvericiliyini pozan işçi, işəgötürən və digər şəxslər Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş hallarda müəyyən edilmiş qaydada məsuliyyətə cəlb edilirlər. İnzibati Xətalar Məcəlləsinə əsasən əmək qanunvericiliyinin pozulmasına görə müvafiq icra hakimiyyəti orqanı tərəfindən tətbiq edilən cərimələrdən toplanan vəsaitin 18 faizi müvafiq icra hakimiyyəti orqanının işçilərinin sosial müdafiəsinin gücləndirilməsi və maddi-texniki bazasının yaxşılaşdırılması məqsədi ilə həmin orqanın hesabına köçürülür. Bu vəsaitdən istifadə qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Həmçinin, İnzibati Xətalar Məcəlləsinə əsasən, işəgötürən tərəfindən 15 yaşına çatmamış şəxsin işə cəlb edilməsinə görə vəzifəli şəxslər 1000 manatdan 1500 manatadək məbləğdə, hüquqi şəxslər 3000 manatdan 5000 manatadək məbləğdə cərimə edilir. Həmçinin, işəgötürən tərəfindən uşaqların onların həyatına, sağlamlığına və ya mənəviyyatına təhlükə törədə bilən fəaliyyətə cəlb edilməsinə görə vəzifəli şəxslər 3000 manatdan 4000 manatadək məbləğdə, hüquqi şəxslər 10000 manatdan 13000 manatadək məbləğdə cərimə edilir.
Uşaq hüquqlarını özündə əks etdirən əsas qanunvericilik hansıdır?
İlk öncə qeyd edim ki, Azərbaycan Respublikasının “Uşaq hüquqları haqqında” qanunun 24-cü maddəsinə əsasən, Uşaqların yaşına, səhhətinə, ümumtəhsil və peşə hazırlığı səviyyəsinə uyğun olaraq əmək hüququ vardır və Uşaqların əmək hüququnun yaranmasının və həyata keçirilməsinin şərtləri Azərbaycan Respublikasının əmək qanunvericiliyi ilə müəyyən edilir.
Əmək Məcəlləsinə nəzərdən keçirərək görə bilərik ki, uşaq əməyindən istifadəyə dair həssas yanaşma və məhdudiyyətlər mövcuddur. Bu da ilk öncə ondan irəli gəlir ki, Azərbaycan dövləti həm milli mənəvi dəyərlərə, həm də beynəlxalq müqavilələrdən irəli gələn tələblərə hörmətlə yanaşır və ona riayət edir. Belə ki, “Uşaq əməyinin ən pis formalarının qadağan edilməsinə və onların aradan qaldırılması üçün təcili tədbirlərə dair” Konvensiyaya (onun müddəalarını tamamlayan 190 nömrəli Tövsiyə daxil olmaqla) qoşulmaq barəsində Azərbaycan Respublikasının qanununa qoşulmaqla, orada göstərilən tələbləri qəbul edir və ölkədaxili qanunvericilikdə tətbiq edir. Konvensiyaya uyğun olaraq, bir sıra məhdudiyyətlər və uşaq əməyinin 10 pis formaları göstərilmişdir.
18 yaşdan aşağı uşaqların törətdiyi cinayətə görə Konvensiyanın 40-cı maddəsində qeyd edilir ki, Cinayət qanunvericiliyini pozmuş hesab edilən və ya onu poz-maqda təqsirləndirilən hər bir uşaq onun təqsiri qanuna əsasən sübuta yetirilməyincə təqsirsizlik prezumpsiyasına, müdafiəsini həyata keçirərkən hüquqi yardım göstərilməsi, şahid ifadələri verməyə və ya təqsiri boynuna almağa məcbur edilməkdən azad olmaq, uşağın şəxsi həyatına tam hörmət edilməsi, onların yaşı, vəziyyəti və rifahına uyğun olaraq rəftar edilməsi hüququna malikdir. 18 yaşından aşağı uşaqlar tərəfindən törədilən cinayətlərə görə heç bir ölüm cəzası və ya azadlıq imkanları olmadan ömürlük həbs cəzası tətbiq edilmir.
Qeyd edək ki, bu nəinki Konvensiyanın, həmçinin Azərbaycan Respublikasının qanunvericiliyində də, daha dəqiqliyi ilə desək Cinayət Məcəlləsində yer alır.
Vəkillər Kollegiyasının üzvü, Vəkil Qumru Eyvazova