Ağlamağın da öz dili var. Çünki uşaqlar öz istəklərini ağlamaqla bildirirlər. Bundan başqa, ağlamaq uşağın ağ ciyərlərinin inkişafında da mühüm rol oynayır. Ancaq həddindən artıq ağlamaq uşağın qan təzyiqinin artmasına və ürək döyüntülərinin sürətlənməsinə gətirib çıxarır. Nəticədə, uşağın qanındakı oksigen azalır.
Uşaqlar gündə orta hesabla 1-4 saat ağlayırlar. Bu rəqəm anadangəlmə xəstəliyi olan uşaqlarda isə daha çoxdur. Digər tərəfdən, əgər uşaq həddindən artıq sakitdirsə, bu da onda hər hansı bir xəstəlikdən xəbər verir.
Uşaqlar həmişə eyni cür ağlamırlar. Buna görə də, mütəxəssislər onları müəyyən qruplara ayırırlar. Mütəxəssislərə görə, uşaqlar acdıqda bir cür, yorulduqda başqa cür, xəstələndikdə isə tamam başqa cür ağlayırlar. Bu mənada uşaqların dilini bilmək anaların işini də asanlaşdırır. Mütəxəssisəär uşaqların ağlamaq formalarını aşağıdakı kimi qruplaşdırırlar:
– Ağrıları olduqda: Uşaqların ağrıları olduqda, əvvəlcə yüksək səslə, həmçinin nəfəs almadan qışqırır, sonra isə içlərini çəkərək ağlayırlar.
– Acdıqda: Düşən-qalxan səs tonu ilə ağlayırlar. Bəzən barmaqlarını əmir, yanaqlarına vurur, anaları onları qucağına götürənə qədər ağlamaqlarını kəsmirlər.
– Narahat olduqda: Əks-səda verən bir səs tonu ilə ağlayırlar. Bu vəziyyətdə də uşaqlar anaları onları qucağına götürənə qədər ağlamaqlarını kəsmirlər.
– Yorulduqda: Uşaqlar yorulduqda aşağı tonda və ritmik bir ahənglə ağlayırlar. Uşaqlar həmçinin, yuxuları gəldikdə də eyni cür ağlayırlar.
– Xəstələndikdə: İnadkar səs tonu ilə ağlayırlar. Uşaqlar təkcə xəstələndikdə yox, altlarını islatdıqda, üşüdükdə və tərlədikdə də bu cür ağlayırlar.