Valideynləri narahat edən, əslində, cəmiyyətin problemlərindən biri olan kiçik yaşlı uşaqların Azərbaycan dilində cizgi filmlərini baxmaq istəməməsidir. Bəs buna səbəb nədir?
Loqoped-Defektoloq İlahə Fərzəliyeva bildirir ki, uşaq türk dilində cizgi filmini seyr etməyi sevirsə, o bu filmlərə öz ana dilində də baxa bilər. “Lakin valideynlər bildirirlər ki, onların övladları türk dilində cizgi filminə baxmağı xoşlasalar da, həmin filmləri Azərbaycan dilində seyr etmək istəmirlər. Bu hansı səbəbdən yaranır? Bunun səbəbi dildirmi?”, – deyə o qeyd edir.
Mütəxəssis deyir ki, bir uşaq cizgi filmlərinə türk dilində baxırsa, o bu filmləri öz ana dilində də izləyə bilər. “Əslində buna səbəb filmlərin tərcümə və səsləndirməsində emosianın olmamasıdır. Eyni zamanda, filmdəki dialoqlar monoton olunduğu üçün uşaqlar belə filmlərə baxmağı sevmirlər”, – deyə Fərzəliyeva bildirir.
Doğrudan da, uşaqlar emosional hərələkləri və danışıqları sevirlər. Hətta bu cür hərəkətlər azyaşlıların gülüşünə də səbəb olur. Uşaqları sevindirmək və onlara sevdikləri tərzdə dilimizi sevdirmək isə qloballaşan dünyada cəmiyyət qarşısında duran vacib məsələlərdən biridir.
Əslində, bu təkcə fərd olaraq valideynlərin deyil, ümumi cəmiyyətin problemidir. Uşaqlarda kiçik yaşdan öz ana dilinə rəğbət yaratmaq üçün bütün mümkün vasitələrdən istifadə edilməlidir. Buraya televiziyada uşaq verilişləri, barəsində danışdığımız cizgi filmlərinin rəgləri, tərcüməsi, səsləndirilməsi, keyfiyyətli rəsmlərin olduğu kitabçalar və s. daxildir. Təbii ki, bu, uşaqların öz ana dilini mükəmməl bilməsi ilə yanaşı, gələcəkdə onların digər xalqların dillərini də öyrənməkdə çətinlik çəkməməsinə səbəb olur. Öz dilini bilməmək isə nə qədər dünyəvi elm sahibi olsa belə, ictimaiyyət arasında insanda çatışmazlıq kompleksi yaradır.
Övladlarımızı öz dilimizdə sevək, oxşayaq, onlara dilimizi sevdirək. Öz dili olmayan xalq assimliasiyaya məhkumdur.