Azərbaycanda keçən il və bu ilin ilk üç ayı ərzində intihar edən uşaqların sayı açıqlanıb. Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin İnformasiya və Analitik araşdırmalar şöbəsinin müdiri Elgün Səfərovun bildirdiyinə görə, ölkədə 2014-cü ildə 50, 2015-ci ilin ilk üç ayı ərzində 8 uşaq intihar edib.
Şöbə müdirinin fikrincə, ölkədə uşaqların intiharına səbəb olan spesifik problemlər daha çox erkən nikah, məişət zorakılığı, təhsildən yayınma, valideynlərin boşanması, baxımsızlıq kimi hallardır. E.Səfərov hesab edir ki, intiharın ən böyük səbəbi ailə münaqişələridir. “Depressiv vəziyyətlər də intihara gətirib çıxarır. Qızların intiharına erkən nikahlar təsir edir. Oğlan uşaqlarının intihar hallarında isə təhsil və digər sahələrdə uğursuzluğun olması, valideynləri və ətrafı ilə şəxsi münasibətlərinin normal olmaması kimi faktlara daha çox rast gəlinir”.
Səfərov bildirib ki, belə hallarla mübarizə aparmaq üçün yeni reabilitasiya mərkəzləri açılmalı və maarifləndirmə işləri gücləndirilməlidir: “Bu istiqamətdə olan maarifləndirmə işləri nəinki valideynlər və uşaqlarla, cəmiyyətin bütün təbəqələri ilə aparılmalıdır”.
Komitə rəsmisi intihar hallarına oğlanlar arasında daha çox rast gəlindiyini qeyd edir. Onun sözlərinə görə, intihar hallarına daha çox 17-19 yaş arasında olan gənclərdə rast gəlinir.
Azərbaycanda intihar halları fərdi şəkildə və çox az olduğundan əsas səbəbi təyin etmək çətindir. Ümumilikdə götürdükdə əsas səbəb münaqişəli ailələrdir.
E.Səfərov onu da bildlirib ki, dəfələrlə intihara cəhd edən uşaqlar da var: “Belə hallarda isə hadisə baş verən yerlərdə yerləşən qurumların işindən çox şey asılıdır. Sahə müvəkkili, icra hakimiyyətinin əməkdaşları bu işlə məşğul olmalıdır, ehtiyac olsa, intihara cəhd edən şəxsi icra hakimiyyəti pulsuz psixoloqla təmin etməlidir”.
“Uşaq QHT Alyansı”nın İdarə Heyətinin sədri Nazir Quliyevin sözlərinə görə, uşaq intiharları nəinki Azərbaycanda, bütün dünyada qlobal məsələyə çevrilib və getdikcə artmaqdadır. “Bir uşağın intiharı belə böyük problemdir. Təcrübələr göstərir ki, uşaqların intihara cəhd etməsi daha çox sosiallaşmaması, özünə qapanma ilə bağlıdır. İntihara cəhd etmək ağır bir məsələdir. Bunu böyük insanlar belə edə bilmir çox zaman. Amma uşaqlar sosiallaşmadan kənar qaldıqda, özünəqapanma baş verdikdə yeganə çıxış yolu kimi intiharı görürlər”.
N.Quliyevin fikrincə, internetin uşaqların üzünə açıq olması da intihar səbəblərindən hesab edilə bilər. Çünki uşaqlar internet vasitəsilə intihar yollarını öyrənirlər. “Onlar intiharın yolları, intihar edənlər və ya intiharla bağlı videolara baxmaqla intiharı düşüncələrində adiləşdirirlər. Digər bir problem isə uşaqların hədsiz informasiya alması ilə bağlıdır. Qapalı mühitdə qalma, internetə çıxış uşaqları intihara sürükləyir”.
Müsahibimiz hesab edir ki, uşaq intiharlarında valideynlərin də böyük rolu var. Uşaqlarını başa düşmək istəməyən, onların problemləri ilə maraqlanmayan valideynlərin övladı son olaraq intihara əl atır. “Valideyn övladı ilə təmasda olmursa, onun problemləri ilə maraqlanmırsa, uşaq özünü cəmiyyətdə lazımsız varlıq kimi hiss edir. Və vəziyyətdən çıxış yolu kimi intihara əl atır”.
İntihara cəhd edən uşaqların bəzilərinin ailəsinə diqqət yetirən zaman görmək mümkündür ki, onlar yaxşı təhsil alır, maddi problem yaşamır və ailədə gərginlik yoxdur. Belə intiharların əsas səbəbi psixoloji problemdir. “Mənə elə gəlir ki, uşaq intihar etmək üçün uzun zaman hazırlaşır. Uşaq intiharlarının qarşısının alınması üçün bütün cəmiyyət çalışmalıdır. Bu, bir qurumun işi deyil. Məncə, uşaq intiharlarının qarşısının alınması üçün uşaqların internetə girişini qadağan etmək lazımdır. Uşaq cinayətkarlığı intihara, uşaq zorakılığı ilə bağlı məsələlərə diqqət edəndə son olaraq gəlib internet üzərinə çıxırıq. Həddsiz informasiya almaq uşaqlara pis təsir edir”.
Bəzi təhsil ocaqlarında psixoloq ştatı olsa da, məktəb psixoloqlarının fəaliyyəti yox dərəcəsindədir. Həmsöhbətimiz bildirir ki, uşaqları intihardan qorumaq üçün məktəb psixoloqlarının işinə daha çox diqqət ayrılmalıdır. Onların işi gücləndirilməlidir, məktəb psixoloqları uşaqlarla yaxından maraqlanmalıdırlar. “Uşaqlar üçün əlçatan psixoloqlar olmalıdır. Uşaqlarla psixoloji iş gücləndirilməlidir”.
Qeyd edək ki, ölkədə 2010-cu ildə 51, 2011-ci ildə 28, 2012-ci ildə 60, 2013-cü ildə isə 71 uşaq intihar edib.
İradə Cəlil