usaqlar

Yeniyetmə idmanı: növü necə seçməli? – PSİXOLOQ TÖVSİYƏSİ

Baxış sayı: 858

İdman uşaqların təkcə fiziki deyil, eyni zamanda psixoloji sağlamlığının təməlidir. Xüsusən də, yeniyetmə yaşda olanların idmana yönləndirilməsi çox vacibdir.

Bu, hər şeydən əvvəl valideyn üçün övladının pis vərdişdən uzaq durması, sabahının sağlam olması baxımından önəmlidir.

Kiçik yaşlarında idmana getmək mənlik dəyərini artırır
İdmanla məşğul olmaq insanda kiçik yaşlarından özünəinam formalaşdırır, onu bir şəxsiyyət kimi yetişdirir, mənlik dəyərini artırır. Bəzi idman növləri düşünmə bacarığını genişləndirir, hadisələri öncədən sezmə qabiliyyəti yaradır. Həm də yeni fəaliyyət növlərini sınamaq baxımından idman vacibdir. Çünki bununla uşaqlar yeniliklər axtarır, rəqabət aparmaq hissində olurlar ki, bu da özünüinkişafda faydalı hesab edilir.

İdman uşaqlarda liderlik bacarığı da formalaşdırır. Liderlik məsuliyyət deməkdir ki, bunun da hər bir insanın həyatına mütləq böyük təsiri var. Həmyaşıdları ilə daim ünsiyyət qurmaq uşaqlarda liderlik xüsusiyyətinin artmasına gətirib çıxarır. Bu, ən çox da kollektiv idman növlərində tələb olunan əsas meyarlardan biridir. Çünki istənilən komandanın məşqçisi ilə yanaşı, bir liderinin olması nəticələrinə də birbaşa təsir göstərir.

Liderliklə yanaşı, dostluğu formalaşdırır – idman
Daim eyni uşaqlarla idman etmək, bir yerdə vaxt keçirmək uşaqlarda dostluq bacarığı da yaradır. Böyüklər kimi, azyaşlılar arasında da özünə qapanıqlar olur. İdman, ünsiyyət, daim münasibətdə olmaq onların bu probleminin həlli yönündə böyük rol oynayır. Bütün bunların dostluq qurmaqda ciddi faydası var. Keçilən məşqlər uşaqlarda bir-birinə bağlanma, inam və sosiallaşma yaradır. Nəticədə onlar uzunmüddətli dostluqlar qura bilirlər.

Psixoloqlar hesab edir ki, yeniyetmə və gənclər müasir dövrdə fiziki görünüşə böyük önəm verirlər. Xüsusən də, gəncləri bədən quruluşları narahat edir, mənfi düşüncədə olurlar, özgüvənləri aşağı düşür. Bəlli yaşdan sonra bunu qaydaya salmaq üçün fədakarlıqlar edir, xüsusi idman proqramları ilə fiziki durumlarını yaxşılaşdırmağa çalışırlar. Halbuki kiçik yaşlardan idmanla doğru şəkildə məşğul olmaq həm insanda təbii yolla fiziki görünüş yaradır, həm də özünəinam formalaşdırır. İdman mütəxəssisləri də məsləhət görürlər ki, kiçik yaşlarındakı uşaqlar sabahın idmançısı olmaq üçün ilkin olaraq üzgüçülük, gimnastika və atletika ilə məşğul olmalıdırlar. Çünki bundan sonra onlar sevdikləri növü rahatlıqla seçə bilirlər.

Bu günün yeniyetmə idmançısı, sabahın hazır əsgəri
Hər idman növünün öz qaydaları, tələbləri var. Onunla məşğul olanlar həm də qaydalara əməl etməyi, çərçivəsindən çıxmamağı öyrənir. Bu vərdiş insanı intizamlı vətəndaş kimi yetişdirir, həyatı boyu hər addımını atdığı zaman bu barədə öncədən düşünməyə vadar edir. Hətta onlar sabahın əsgəri olaraq Vətəni qorumağa da tam hazır vəziyyətdə yollanırlar.

Uşaqlıqdan idmanla məşğul olmaq bəlli yaşa gəldikdə də sağlam, gümrah qalmağa xidmət edir, digərləri ilə müqayisədə bədəndə ağrıları azaldır, beyni daim inkişafda saxlayır. İdmanın insan həyatına müsbət təsiri düşündüyümüzdən də çoxdur. Məsələn, stressdən uzaq tutur, qayğını unutdurur, yuxu rejimini qaydaya salır, artıq çəkidən xilas edir, ürəyi gücləndirir, özünü yüngül və enerjili hiss etdirir, qan təzyiqini aşağı salır. Bir sözlə, idman sağlamlığın və gümrahlığın rəhmidir.

İdman növünü valideyn seçməli deyil
İdman uşaqların gələcək həyatında müxtəlif variantlardan istifadə edən, daim yeniliklər axtarmaq qorxusunu aradan qaldıran vasitədir. Radikal dəyişikliklər etmək asan deyil. Təbii ki, valideynin övladını hansısa idman növünə məcbur qoyması doğru deyil. Etiraf edək ki, bu cür problemlər bütün dünyada mövcuddur. Məsələn, hansısa uşağın boksa həvəsi var, ancaq valideyn öz marağını üstün tutaraq onu futbola yazdırmaq qərarına gəlir. Bu isə bəzi hallarda uşaqda özünəinamı, qərar vermə bacarığını azaldır. Bir çox idman ölkəsində isə durum fərqlidir. Məsələn, uşaq hansısa idman növünə valideynin və özünün istəyi ilə yazıla bilməz. Onlara qan qrupuna, fiziki göstəricisinə uyğun olaraq bölmələrə yazılmaq məsləhət görülür. Ölkəmizdə gimnastikanı seçmək istəyənlərdən də bunlar tələb olunur. Bu da ondan irəli gəlir ki, bədii gimnastika daha ecazkar hesab olunduğu üçün çoxları qızlarının bu idman növü ilə məşğul olmasını istəyir. Lakin bəzi valideynlərlə söhbətdə sonradan fikirlərinin dəyişdiyinin şahidi oluruq. Onlar mentalitetimizə uyğun olaraq idman gimnastikası və ya gimnastikanın digər növünün qızlarda bədən quruluşuna təsir etdiyini düşünürlər. Ancaq sonradan uşağının, həqiqətən də, burada özünü tapdığının şahidi olaraq, sevincini gizlətmirlər.

Psixoloq valideyn istəyi ilə uşağın idman növünü seçməsinə qarşıdır
Psixoloq Vüqar Xəlilovun fikrincə, uşağı hansısa idman növünə yazdırdıqda onun bacarıq funksiyalarına da diqqət yetirmək şərtdir: “Bəzən valideyn deyir ki, mənim oğlum futbolçu və ya güləşçi olmalıdır. Ancaq övladının həm özünün, həm də bədən funksiyalarının həmin idman növünə uyğun gəlib-gəlmədiyini düşünmür. Təəssüf ki, hələ də bu fikirdə olan insanlar var. Uşağın boyu, çəkisi, cəldlik dərəcəsi və bir çox xüsusiyyətləri onun hansı növə uyğun olduğunu təxmin etmək üçün kifayət etməlidir. Uşağı düzgün yönləndirmək onun gələcək həyatında böyük uğurlar əldə etməsinə ciddi təkandır. Hətta ən düzgün təməldir desək, yanılmarıq. Bunu edərkən də mütləq uşağın fikirlərini dinləmək, ona doğru istiqaməti xoş münasibətlə vermək vacibdir. Ata və ya ananın özü bacarmadığını uşağının reallaşdırmasını istəməsi onu uçuruma sürükləyə, onda idmana nifrət yarada bilər. Bu bir növ öz həyatını kompensasiya etmək deməkdir. Belədə övladı qatıldığı ilk yarışda uğursuz nəticə əldə etdiyi zaman bədbinlik yaranır. Bu cür valideynlərin psixoloqlara müraciəti daha çox olur. Onlara verilən ilk məsləhət istənilən nəticədən sonra uşağa dəstək olmaq, onu ruhdan salacaq hərəkətlərə yol verməməkdir”.

Xəlilov bildirir ki, artıq Azərbaycanda bir çox qurumlarda, o cümlədən orta məktəblərdə psixoloqlar fəaliyyət göstərir. Bu təcrübə idman bölmələrində də tətbiq edilsə, bundan qazanan Azərbaycan gəncliyi və idmanı olacaq: “Çünki belə olacağı halda psixoloq uşağa gəldiyi idman növünü sevdirəcək, onun daha həvəslə işləməsi üçün lazımi məsləhətləri verəcək. Psixoloqun idman növlərində fəaliyyətinin digər faydası isə məcburiyyətdən bölmələrə yazılan uşaqları düzgün istiqamətləndirməkdir”.

Psixoloq onu da qeyd edib ki, valideyn yeniyetmə idmançıların psixoloji hazırlığını düzgün qursa, əlavə köməyə ehtiyacları qalmaz. Onlar bunun üçün əvvəlcə uşağa psixoloji dəstək verməyi özləri öyrənməli, ardınca hər bir yanaşmada uşağın məşğul olacağı vərdişə sevgi yaratmalıdır.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir