tv

Uşaqlar vaxtını niyə televiziya qarşısında keçirir?

Baxış sayı: 1. 845

Televiziya kanallarının rəngarəngliyi, internetin, mobil telefonların həyatımıza siraət etməsi uşaqlara da təsirsiz ötüşmür. Bir çox ailələrdə uşaqlar üçün televiziya və internet oyuncaqları kölgədə qoyur. Bununla da uşaq psixoloqları və loqopedlərin tez-tez vurğuladığı ünsiyyət problemləri, özünə qapanma, depressiya, sarsıntı, aqressiv davranış, fobiyalar sürətlə yayılır.

Psixoloq Vəfa Rəşidova bildirib ki, valideynlər övladlarının televiziyada hansı saatda nəyi və nə qədər izləməsinə fikir verməlidirlər: “Bir çox hallarda valideynlər öz işlərindən ötrü uşaqları televizorun, internetin qarşısında buraxırlar. Uşaq da saatlarla televizora baxır, internetdə oynayır. Bu isə uşaqda emosional ləngiməyə, İQ yaşının ləngiməsinə, uşaqda birtərəfli ünsiyyətin formalaşmasına gətirib çıxarır. Çünki uşaq bütün günü televizor qarşısındakı birtəfəli ünsiyyətə öyrəşib. Sabah o, başqaları ilə ünsiyyət qurmaq problemini yaşayacaq. Bunun da qaynağı uşaqların saatlarla televizor, internet qarışında qalmasıdır”.

V.Rəşidova qeyd edib ki, uşaqlar yaşına uyğun filmlərə baxmalıdırlar: “Elə filmlər var ki, uşaqlar onların ağırlıqlarını qaldıra bilmir. Yaşı çox olan insanlar belə hər filmi izləməkdə çətinlik çəkir. Bəzən bir filmin təsiri altında bir-iki həftə qalırıq. Uşaq psixologiyası isə çox həssasdır. Bu, onlarda ağır fəsadlara yol açar. Qorxulu filmlər uşaqlarda fobiyalar yaradır. Uşaqların qorxulu film izləməsi onların beyinlərinə, düşüncələrinə, davranışlarına mənfi təsir edir. Uşaqda aqressiv hərəkətlər qorxudan da yaranır. Çünki uşaqlar əksər hallarda nədən və nə üçün qorxduqlarını valideynləri ilə bölüşmürlər. Ona görə onlar daha çox içlərinə atır, qapanırlar, yataqlarında gizlincə ağlayırlar. Çünki bilirlər ki, valideynlərinə desələr, valideynləri onlara qarşı pis təpki verə, əsəbiləşə bilər. Qorxunu gizlətmələri psixoloji sarsısıntı keçirmələrinə gətirib çıxarır. Bununla yanaşı, uşaqların çox televiziya izləməsi günlük rejimlərinin pozulmasına gətirib çıxarır. Seriallar var ki, gec bitir. Üstəlik gec saatlarda uşağın qorxulu, dəhşət filmləri izləməsi psixologiyasında dərin fəsadlar qoyacaq”.

Psixoloq Mehriban Mütəllimovanın bildirdiyinə görə, televiziya qarşısında şahid olduğu təcavüzkar, vurucu və incidici davranışlar uşağın gözündə adiləşməyə başlayır: “Şiddətə qarşı reaksiya vermir, vicdan və mərhəmət duyğusu formalaşmır. Lakin individuallıqdan asılı olaraq bunun tam əksi, yəni həddindən artıq həssaslığın inkişafı da müşahidə edilir. Haqsızlıq, aclıq, qorxu, şiddət uşağın zehnini davamlı olaraq məşğul edir, daxili çətinliklərinə gətirib çıxarır. Ağlama, aqressiya, depressiya, yuxu və psixosomatik problemlər müşahidə edilə bilər”.

Mütəllimova qeyd edib ki, cizgi filmlərinin bir çoxu, hələ qorxu hissi ilə mübarizə aparmaq bacarıqlarına sahib olmayan kiçik uşağın zehnində qorxu toxumları yetişdirir, onun sosiallaşmasına mənfi təsir göstərir. Həmsöhbətimiz əlavə edib ki, kiçik yaşlı uşaqlar üçün bir şey ya doğrudur, ya səhvdir: “Ya qaradır, ya ağdır. Çox vaxt niyyəti qavraya bilmirlər, nəticəyə baxırlar. Cizgi filminin verdiyi mesaj yaxşıdırsa, amma bu mesaj mənfi səhnələrlə göstərilirsə, uşaq mesajı deyil, hadisələri meyar alır və yenə mənfi istiqamətdə təsirlənir”.

Onun sözlərinə görə, uşaqlar darıxdığı zamam televiziya xaricində edə biləcəyi, özünün oynayacağı məşğuliyyəti olmalıdır. Yəni uşaq “nə etsəm?” deyə fikirləşdiyində televiziya ağılına ən son gəlməlidir.

Psixoloqun fikrincə, ailələr uşaqlarının televiziyadan asılı vəziyyətə düşməməsi üçün lazımı qədər çalışmır: “Televiziya uşağı əyləndirir, məşğul edir. Amma digər tərəfdən də zəhərini yavaş-yavaş təmiz beyinlərində göstərir. Ailələr uşaqlarına televiziya olmadan da əylənəcəklərini göstərməlidir. Birlikdə oyun oynayaraq, idman edərək, bir hobbiylə məşğul olaraq, kitab oxuyaraq, söhbət edərək, bərabər gəzərək və s. Əminəm ki, uşaq ailəsiylə edəcəyi fəaliyyətləri televiziyadan üstün tutacaq”.

O bildirib ki, uşaqların 3 yaşını keçdikdən sonra gündə yarım saat, 5 yaşından sonra 45 dəqiqə, 7 yaşından sonra dərslərini oxuduqdan sonra televiziyanı izləmələri daha məqsədəuyğundur: “4-5 yaşlarında uşaqlar məktəbə hazırlıq xüsusiyyətində, əlifbanı, rəqəmləri saymağı, rəngləri öyrədən proqramlara baxmalıdırlar. Uşaqlar televizordan istifadə qaydalarını öyrənərək kanalları dəyişdirə bilərlər, onları çox vaxt tək buraxmamalısız. 6-7 yaşlarında uşaqlarda yoldaşlıq əlaqələrini qurmaq inkişaf edir. Televiziyadan aldıqları düzgün mesajlar sosiallaşmalarına kömək edə bilər. Uşaqlar paylaşmaq, ədalətli olmaq və s.-i televiziya proqramlardan öyrənə bilərlər. Televiziya, internetdən düzgün istifadə etməklə uşaqların xeyrinə faydalanmaq olar”.

Aynurə MƏMMƏDOVA




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir