Uşaqlara cəza olsun deyə mükafat vermək olarmı?

Baxış sayı: 1. 477

Uşaq dinc durmayıb, dəcəllik edib, siz də əsəbiləşib ona cəza vermək istəyirsiniz, verirsiniz də. Ya döyürsünüz, ya da necə deyərlər, dişinizin dibindən çıxanı deyirsiniz. Əslində bu cəza tədbirləri tamamilə yanlışdır. Uşağı döyəndə, təhqir edəndə bu durum ona psixoloji cəhətdən mənfi təsir göstərir, onu ruhən sarsıdır. Demək, uşağı döymək, acılamaq tərbiyə üsulu deyil, onu başa salmaq lazımdır. Bəlkə, belə bir yol seçmək daha doğru olardı: uşaq suç işləyibsə, onu cəzalandırmaq əvəzinə, mükafatlandırmaq. Söylənənlərə rəğmən, bir misal çəkək: 4-5 uşaq bir nəfərin qapısının qarşısında hər gün taqqıltı salıb onu narahat edirlərmiş. Ev sahibi uşaqların yanına gəlib, onlarla söhbət edir və aralarında belə bir sövdələşmə olur: “Siz hər gün bəlli bir saatda gəlib taqqıltı salın, mən də əvəzində sizə pul verim”. Uşaqlar bu anlaşmadan çox sevinirlər və ertəsi gün deyilən saatda qapıya gəlib, sevimli “peşələri” ilə məşğul olurlar. Ev sahibi çıxıb onlara danışdıqları kimi pul verir. Uşaqlar sevinə-sevinə evlərinə dönürlər. Ertəsi gün yenə eyni vaxtda gəlirlər. Ev sahibi yenə uşaqları mükafatlandırıb yola salır, lakin onun evdən hər dəfə gec çıxmasına uşaqlar bərk əsəbiləşirlər. Növbəti dəfə də ev sahibi uşaqların yanına gec gəlir və onlara artıq anlaşdıqları miqdarda deyil, həmin pulun yarısını verə biləcəyini bildirəndə əsəbiləşən uşaqlar bu təklifi qəbul etmir və bir daha o qapıya ayaq basmayacaqlarını bildirirlər. Beləcə, bu, “mükafatlandırma üsulu” öz müsbət nəticəsini verir, uşaqlar döyülmədən, təhqir edilmədən bezdirici vərdişlərindən əl çəkirlər.

Uşağa cəza verdikdə o, daxilən özünü əzilmiş, sınmış hiss edir və onda cəza verənə qarşı nifrət oyanır. Cəza tamamilə kənar bir tərbiyə metodu və təzyiqdir. Ona görə də övladlarınızı pis, zərərli vərdişlərdən çəkindirib, onu düzgün tərbiyələndirmək üçün sərt cəza tədbiri seçməyin, daha doğrusu, döymək, təhqir etmək əvəzinə başa salın, onunla öz aranızda qarşılıqlı anlaşma yaratmağa çalışın.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir