Yəqin ki, hər birimiz uşaq vaxtı “Bənövşə, bənövşə”, “Gizlənqaç”, “Yeddi şüşə” oyunlarını oynamışıq. O vaxtı bizə əyləncə kimi gələn bu oyunların əslində, uşaqların fiziki və emosional inkişafına çox böyük təsiri var. Bu mənada, uşaqların oynadığı oyunları da düzgün şəkildə seçməyi bacarmaq lazımdır. Bəs görəsən, yaş dövrünə uyğun olaraq uşaqlar üçün oyunları necə seçməliyik?
Təlimçi Fəxri Məmmədli deyir ki, uşaq erkən yaş dövründə daha çox valideynləri ilə ünsiyyət quracağı oyunlar oynamalıdır: “Biz Təhsil Nazirliyində işlədiyimiz zaman oyunları təsnifatına görə müxtəlif qruplara bölmüşdük. Diqqətin, qavrayışın, təfəkkürün, emosional ünsiyyətin inkişafı və sosiallaşma baxımından oyunlar 6 qrupa bölünür. Əslində, bu qrupların sayını bir qədər də artırmaq olar. Amma ümumi kriteriyalar bu qrupların hər birində cəmlənib. Yəni hər oyun bu xüsusiyyətlərdən birini özündə əks etdirir. Elə oyunlar var ki, hərəkətlidir, həm də uşaqların sosiallaşmasına, yeni sözlər öyrənməsinə yardımçı olur. Əslində, uşaqların hansı oyunları oynaması onların yaş dövründən asılı olan məsələdir. Yəni istənilən yaşda istənilən oyunu oynamaq düzgün deyil. Uşaqların inkişaf mərhələsinin ilk pilləsində valideynləri ilə bağlı olan oyunlar oynaması tövsiyə edilir. Ümumiyyətlə, ilkin mərhələdə uşaqların valideynlərlə birgə fəaliyyəti onun nitqinə, emosional zəkasına və təfəkkürünə, o cümlədən, valideynləri ilə arasında olan bağların möhkəmlənməsinə kifayət qədər təsir göstərir”.
Müsahibim deyir ki, növbəti mərhələdə uşaqların əhatəsi daha da genişlənir. Ona görə də, daha çox kollektiv oyunlara üstünlük verilməlidir: “Müəyyən mərhələdən sonra, adətən, 4 yaşında uşaqların bağça dövrü başlayır. Bu zaman uşaq, ailə üzvlərindən başqa yeni insanlar tanımalıdır. Valideynlərlə yanaşı, bu dövrdə uşaqlar parkda öz yaşıdları ilə oynamaq istəyir. Bu, onların ünsiyyət tələbatının ödənilməsi baxımından da çox mühümdür. Daha sonra isə uşaqların məktəb dövrü gəlir. Bu dövrdə uşağın əhatəsi bir qədər də genişlənir. Ona görə də onların oynadığı oyunlar da dəyişir. Biz xarici ölkələrdə təlim keçərkən müxtəlif yaş qrupları üzrə işləyirdik. Orada hər yaş qrupu üçün tamam fərqli oyunlar oynanılırdı. İlkin yaş dövrlərində kiçik oyuncaqlarla oynanılan oyunlar tövsiyə edilir. Bu mərhələdə daha çox hansısa əşyaları gizlədib uşaqlardan onu tapmağı istəyirik. Bu da onların diqqətini yoxlamaq üçündür. Belə oyunlar adətən, bağçaya getməyən uşaqlar üçün nəzərdə tutulur. Həmçinin, parkda olarkən ağac qozalarının yığılması tapşırılır. Bu zaman uşaqlar həm təbiət qoynunda olur, həm də ətraf mühitlə bağlı müəyyən bilgilər qazanır. Əslində, sadə şeyləri belə, valideyn öz uşağı üçün oyun halına sala bilər. Uşağı öyrədərkən və tərbiyə edərkən bunu oyun halına çevirə bilmək öz əlimizdədir. Bu halda həm uşaqlar əylənir, həm də onlara verilən tapşırıqları asanlıqla qavraya bilir”.
Həmsöhbətim bildirdi ki, uşaqlarla oyun oynayarkən onlara öz dəyərlərimizi aşılmalıyıq: “Uşağa nəyisə öyrətmək üçün oyunlardan istifadə ən yaxşı üsullardan biridir. Amma hətta oyun olsa belə, biz onlara doğru və dürüstlüyün fəlsəfəsini izah etməliyik. Onları başa salmaq lazımdır ki, oyunu uduzmağın heç bir əhəmiyyəti yoxdur, bu sadəcə əyləncədir. Çünki bəzən uşaqlar oyunu qazanmaq xatirinə cığallıq edir, yaxud yalan danışır. Ona görə də uşaqlarımıza öz dəyərlərimizi aşılayan oyun növlərini seçməliyik. Diqqət və qavrayışın inkişafı baxımından bir neçə oyunu, məsələn, “Yaqub deyir ki”, “Sehrli çubuq” oyunlarını misal göstərmək olar. Sosiallaşma baxımından «Donma», “İp atlama” oyunları da uşaqların sevimli oyunlarından sayılır. Yaş qrupu artdıqca oyunların xarakteri də bir qədər dəyişir. Önəmli olan bu mərhələdə onların komanda və fərdi şəkildə işləmə bacarığını daha da artırmaqdır. Amma oyun oynayarkən bəzi məqamlara diqqət etmək lazımdır. Ən kiçik detal belə, uşaqların psixologiyasına mənfi təsir göstərə bilər. Bəzən bir uşaq dəfələrlə eyni oyunu uduzur və qanı qaralır. Bu zaman ona başa salmaq lazımdır ki, bu sadəcə bir oyundur və buna görə pis olmağa dəyməz. Növbəti oyunlarda onun qalib olacağı bir oyun seçmək daha məqsədəuyğun olar. Təfəkkürün inkişafı ilə bağlı maraqlı oyunlar çoxdur. Bu oyunların əsas xüsusiyyətindən biri də uşaqların hərəkətdə olmasıdır. Hərəkətli oyunlar həm də uşaqların enerjisinin düzgün şəkildə paylanmasına müsbət təsir göstərir. Sonda onu da qeyd edim ki, oyunların seçimi zamanı maksimum diqqətli olmaq lazımdır. Çalışmalıyıq ki, oyun oynayarkən onlara öz sevgi və dəyərlərimizi aşılayaq. Əsas məqsəd uşaqları əyləndirməkdir. Biz böyüklər sadə dildə uşaqlara nələrisə öyrətməli, onların vaxtının yaxşı keçməsinə çalışmalıyıq”.
Şəbnəm Mehdizadə