Davranışından asılı olmayaraq uşaqlar, böyüklərin – müəllimlərin, qonşuların, valideynlərinin və s. kobudluğu ilə qarşılaşa bilər. Uşaqlar özlərindən böyük olanların nəzakətdən kənar davranışlarına necə reaksiya verməlidirlər? Onlara qışqıran, kobudluq edən böyüklər bunu hansı səbəbdən edir?
Psixoloq Yuliya Tokarçuk: “Təəssüf ki, gündəlik həyatda insan tez-tez digər insanların kobudluğu və nəzakətsizliyi ilə üzləşməli olur. Əksər vaxtlar böyüklər belə davranış əks etdirə bilirlər, hədəfdə ən yaxın adamlar olur. Böyüklər bəzən alışmış, öyrəşmiş ola bilirlər, amma uşaqlar buna hazır deyillər. Təhsil prosesində böyüklərin səlahiyyəti həmişə mühüm rol oynayır, buna görə bir çox uşaqlar qışqıran müəllim və ya valideyn ilə qarşılaşa bilirlər.
Belə vəziyyətlərin qaçılmazlığını başa düşərək, uşaqlara başa salmaq lazımdır ki, ona hansı hallarda, nə kimi davranış olarsa buna etiraz etsin. Məsələn, uşaqlar bilməlidir ki, ona əl qaldıran, nalayiq ifadələr işlədən böyüklərə qarşı məsafəli davransın. Birlikdə kitab oxuyarkən, izlədiyiniz bir filmi və ya sadəcə, həyatınızdakı situasiyaları müzakirə edərkən, uşağınıza başa sala bilərsiniz ki, hətta böyüklər də səhv edə bilər.
Bir insanla qarşılıqlı əlaqə qurmaq bacarığı uşaq üçün ünsiyyətin mühüm əsasıdır. Hər hansı bir insandan – həkimdən, qonşudan, mağaza işçisindən sizə ünvanlanan kobud və ya nəzakətsiz ifadələri eşitdikdən sonra ona kobudluqla cavab vermək lazım deyil, ən yaxşısı təmkinli davranmaq və mümkünsə mədəni formada qarşılıq bildirmək övladınıza öyrədəcəyiniz ən yaxşı davranışdır”.
Klinik psixoloq Anastasiya Savina: “Kobud insanlarla ünsiyyət qurmaq nəinki uşaqlar, böyüklər üçün də asan deyil. Yetkinlərin ilk etdiyi səhv də uşağı belə insanlardan təcrid etməkdir. Bu, doğru deyil. Bizim həmişə kiminlə ünsiyyət quracağımızı, kiminlə qurmayacağımızı seçmək imkanımız olmur. Gələcəkdə uşaq oxşar vəziyyətlərlə qarşılaşarsa, kobud insanlarla ünsiyyət qurmalı olarsa necə davranacağını bilməyəcək. Birincisi, uşağa izah etmək lazımdır ki, biz bəzi zamanlarda bir insanın niyə bizə qarşı kobud davrandığını başa düşməyə bilərik. Həmişə yaxşı davranan, yaxşı ünsiyyət quran insanlar olmaya bilər, bəzi hallarda kobud, aqressiv insanla məcburi ünsiyyət qura bilərik. Ona başa salmalıyıq ki, o insanın xarakteri və ya düşdüyü mühit onu belə edir, uşağın bunda heç bir günahı yoxdur.
İkincisi, yaş saxtakarlıq, fırıldaqçılıq, aqressiv davranış və ya kobudluq üçün bəhanə deyil. Uşaqlar erkən yaşlardan şəxsi sərhədlərin formalaşmasına diqqət yetirməyi öyrənməlidir. Uşaq başa düşməlidir ki, onun hansı haqları var və özünü necə qorumalıdır. Əlbəttə ki, əvvəlcə bir yetkin insanın köməyinə ehtiyac duyacaq, lakin bu, şəxsi sərhədlər mövzusunda maarifləndirici söhbətlərə mane olmamalıdır.
Üçüncüsü, seçimlərin nə olduğunu müzakirə etməkdir. Biz, digər insanların pis davranışlarının qarşısını ala bilmərik, lakin reaksiyalarımızı idarə edə bilərik. Seçimlərdən biri kobudluğa qəzəbli cavab vermək əvəzinə xeyirxahlıq göstərməkdir. Bu, kobudluğun pis aurasını qıra, qarşı tərəfi yumşalda bilər. Bu seçim işə yaramırsa, uşaq qarşılaşdığı vəziyyətdən onun üçün məqbul olan digər variantı seçərək ətrafından yardım istəyəcək.
Uşaqlara empatiya hissini öyrətmək onlara ən vacib sosial bacarıqlardan birini öyrətmək deməkdir. Uşağa başa salın ki, qarşıdakı insan niyə bu davranışı seçib. O anlamalıdır ki, böyük insanlar anadangəlmə belə kobud, aqressiv olmurlar, ola bilsin ki, o, pis bir gün keçirir, ola bilsin ya ailəsində, ya da işində çətin vəziyyət yaşayır”.
Ailə və klinik psixoloq, psixoanalitik Vera Zolotıx: “Uşaqlar onlara pis davranıldığını böyüklərin sayəsində anlamalıdır. Böyüklər onlara başa salmalıdır ki, pis davranan insan əslində doğru davranmayıb və uşaq bu davranışa layiq deyil. Belə olmasa uşaq özünə qarşı kobudluğa, zorakılığa normal baxacaq, çünki o hələ nəyin yaxşı, nəyin pis olduğunu bilmir. Normal vəziyyətin sakitlik, mülayimlik olduğunu anlayan uşaq onunla pis davranan hər hansı bir insana qarşı məsafəli davranacaq.
Bəzən uşaq böyüklərin onlara qışqırmasına, əsəbləşməsinə bir əsas tapa bilmir, çünki özünə normal gələn hər hansı bir davranışın əslində normal olmadığını anlamır. Ona görə özünə qarşı kobudluq edən böyüyə “mənə niyə qışqırırsan?” kimi sual da verə bilərlər. Bu zaman böyüklər düşünməyə məcbur olur, doğru davranmadıqlarını etiraf etməli olurlar və aramla, səbrlə səbəbini anlatmalıdır. Uşağın, böyüklərin kobudluğunun və nəzakətsizliyinin çox vaxt uşaqla əlaqəli olmadığını, özünün buna səbəb olmadığını bilməsi vacibdir. Əks halda, özünü həmişə günahkar kimi hiss edəcək”.
Lalə Mehralı