İnanın ki, təbəssümə çox ehtiyacımız var. İstəyirsiniz, küçəyə çıxın və bir anlığa da olsa, insanların çöhrələrinə baxın. Əmin olun ki, çoxunun üzündə qayğı, narahatlıq görəcəksiniz. Və ona da əmin olun ki, biz əksər hallarda ən adi, ən bəsit şeyləri belə böyüdüb ciddi problemə çeviririk. İnsanın əsl gücü qolunda deyil, qəlbində olur. Üz qəlbin aynasıdır. İstəsən də, istəməsən də içində “vuruşdurduğun”, götür-qoy etdiyin şeylər sənin sifətində özünü büruzə verəcək.
Qəlbini hər cür əhəmiyyətsiz qayğılardan, narahatlıqlardan təmizləmək, çöhrəsini təbəssümlə bəzəmək güclü, iradəli insanların məziyyətidir. Biz də övladlarımıza məhz bunu öyrətməyə çalışmalıyıq. Bu mövzuda Sevimli Peyğəmbərimiz (s.ə.s.) nə buyurur, bilirsinizmi?: “Təbəssüm də sədəqədir”. Yəni bir insan başqa bir insanın üzünə təbəssümlə baxsa, əslində o bircə baxışla çox şey ifadə etmiş olur. Təbəssümdə qarşı tərəfə dəyər vermək var, xoş münasibət var, səmimiyyət var…
Təbəssüm bizim fərqində ola bilmədiyimiz bir gözəllik, bir iksirdir. Qəlbimizi saflaşdırmaq vasitəsidir, dünyanı gözəlləşdirmək cəhdidir. Bir şəhəri rəngbərəng güllərlə bəzəmək, rəngbərəng lalələrlə süsləmək nə deməkdir, düşünürsünüzmü? Əmin olun ki, o şəhərin insanlarının çöhrələrini təbəssümlə bəzəmək daha faydalı, daha gözəldir…
Təbəssümü ailədə tərbiyəyə çevirməliyik. Övladlarımıza təbəssüm dərsi öyrətməliyik. Bu bizim hər şeydən əvvəl valideynlik borcumuzdur. Əgər sənin övladının hər işi qaydasındadırsa, ancaq çöhrəsində “bulud varsa”, daha bunun harası yaxşı oldu ki? Təbəssüm mənəvi ekologiyanı qorumaqdır, atmosferi hər cür ürək bulandıran, qan qaraldan zərərli tullantılardan təmizləməkdir.
Bizim sevgiyə, səmimiyyətə çox ehtiyacımız var. Təbəssüm öz qəlbinə boylanmaq və o aləmi nura boyamaqdır.
Ailə dediyin doğmaların, bir-birini canı qədər sevənlərin ortaq müəssisəsidir. Bu müəssisənin təravəti, gözəlliyi (hətta mənəvi atmosferi) qarşılıqlı münasibətlərdən çox asılıdır. Ona görə də kənarda rastlaşdığımız hadisələrin neqativ təsirini ailəmizə daşımamağa diqqət yetirməliyik. Ola bilsin ki, işdə hansısa problem var, ola bilsin ki, həyətdə hansısa bir xəbər eşitmisən. Bütün bu ağrıları özünlə daşıyıb ailənin atmosferinə qarşdırmaq sənin haqqın deyil. Bir neçə saatlığa ayrılmış olsa belə, insan öz yuvasına, öz doğmalarına uzun ayrılıqdan dönürmüş kimi qovuşmalıdır. Sevginin, səmimiyyətin əlifbası təbəssümdür. Onu sevdiklərinizdən əsirgəməyin, övladlarınıza aşılayın. Təbəssüm edin ki, təbəssüm görəsiniz. Hər səhər gözünüzü təbəssümlə açıb, hər axşam təbəssümlə qapayasınız…