Azərbaycanda yaş təsnifatının aparılması məqsədi ilə informasiya məhsulunun ekspertizasının hansı formada keçiriləcəyi müəyyən edilib. Trend-in məlumatına görə, bununla bağlı tələblər və şərtlər Milli Məclisdə I oxunuşda qəbul edilən “Uşaqların zərərli informasiyadan qorunması haqqında” qanun layihəsində öz əksini tapıb. Layihəyə əsasən, yaş təsnifatının aparılması məqsədi ilə informasiya məhsulunun ekspertizası müvafiq icra hakimiyyəti orqanından ixtisas attestatı almış fiziki şəxslər (ekspertlər) tərəfindən həyata keçiriləcək. Layihəyə əsasən, müvafiq dövlət orqanlarının təşəbbüsü ilə aparılan ekspertiza üzrə ekspert rəyi yol verilmiş pozuntu hallarının təxirə salınmadan aradan qaldırılması barədə həmin orqan tərəfindən pozuntu törədən şəxsə yazılı xəbərdarlıq edilməsi üçün əsasdır. İnformasiya məhsulunun istehsalçısı və (və ya) yayıcısı xəbərdarlıqda göstərilən müddətdə pozuntu hallarını aradan qaldırmadıqda müvafiq dövlət orqanları informasiya məhsulunun uşaqlar arasında yayılmasının qarşısının alınması və bu Qanunun tələblərinin pozulmasında təqsirli olan şəxslərin məsuliyyətə cəlb edilməsi üçün müvafiq tədbirlər görəcək.
Qeyd edək ki, layihəyə əsasən, informasiya məhsulları dedikdə ölkə ərazisində dövriyyə və istehlak üçün nəzərdə tutulan kütləvi informasiya vasitələri məhsulları, audiovizual məhsullar, kompüter və digər elektron oyunlar, habelə mədəni-kütləvi tədbirlər və telekommunikasiya şəbəkəsi vasitəsilə yayımlanan digər informasiya məhsulları başa düşülür.
Qanunun növbəti mərhələdə hansı effektləri verəcəyini və işlək mexanizmə çevrilməsi üçün hansı addımları atmaq lazım olduğunu öyrənməyə çalışdıq.
Uşaq hüquqları üzrə beynəlxalq ekspert Nabil Seyidov bildirdi ki, bu cür qanunun qəbul olunması çox müsbət haldır: “Biz deyə bilmərik ki, bu qanun bütün təhlükələrin qarşısını ala bilər. Çünki texnika və texnologiya inkişaf etdikcə, yeni təhlükələr, təhdidlər, risklər ortaya çıxır. Amma düşünürəm ki, qəbul edilən bu qanunun müsbət nəticələri olacaq. Bu qanun vasitəsilə zərərli informasiyaların uşaqlara əlçatanlığının qarşısı alınır. Məlumatların zərərliliyi nəzərə alınaraq, onların televiziyada, radioda, internet mediasında verilmə saatlarına nəzarət etmək lazımdır. İnformasiyalar zərərlilik səviyyəsinə görə, müxtəlif kateqoriyalara bölünməlidir. Bu kateqoriyalar əsasında da onların uşaqlara əlçatanlığı məhdudlaşdırılmalıdır. Biz artıq neçə il idi ki, bu istiqamətdə işlər aparırdıq. Qanunun qəbul edilməsi icazə verəcək ki, bu tip oyunlar hazırlayanlara, zərərli informasiyaları mətbuatda, televiziyada və saytlarda yayanlara qarşı müvafiq təlimatlar hazırlansın və tətbiq edilsin. Bu da uşaqlarımızı qorumağa imkan verəcək”.
Ekspert bildirir ki, tətbiq ediləcək sanksiyalar, cərimələrlə qanunun işləkliyinə nail olmaq mümkündür: “Son dövrlə cizgi filmlərinin, kinoların çəkilişi artıb. Hazırda gənclərimiz də hazırda bunlara baxmağa böyük maraq göstərirlər. Xüsusilə də kinoteatrlarda, müxtəlif film mərkəzlərində bu kinoları izləyirlər. Amma təəssüflər olsun ki, bir çoxunda filmlərə hansı yaşda uşaqların baxa bilməsinə icazə verildiyi qeyd edilmir. Çəkilən kinoların hamısında onların hansı yaşa aid oduğu (6+, 12+, 18+) filmin əvvəlində anons edilməlidir. Bundan başqa, kassalardan bilet alarkən şahidi olduğumuz mənzərələrdən biri də həmin yerlərdəki monitorlarda açıq saçıq film səhnələrinin reklam olunmasıdır. Hansı ki, bu səhnələr də həmin ziyanlı saydığımız informasiyalardandır və birbaşa uşaq hüquqlarının pozulmasına səbəb olur. Hesab edirəm ki, tətbiq ediləcək sanksiyalar və cərimələr nəticəsində qanunun işləkliyi təmin olunacaq”.
Seyidov dünya təcrübəsindən də danışdı: “Artıq neçə illərdir ki, Rusiya telekanallarında efirə verilən hər bir materialın yaş kateqoriyasını müəyyənləşdirirlər. Yəni verilən kino və ya verilişdən əvvəl, onun hansı yaş aralığındakı insanlar üçün məqbul olduğu qeyd edilir. Bizdə isə bu yaş aralığı milli düşüncə və psixologiyası nəzərə alınaraq hesablanmalıdır. Çünki tutaq ki, Rusiyada 13+ icazəsi o demək deyil ki, Azərbaycanda da belədir. Ona görə, bu məsələlər üçün xüsusi ekspertlər – psixoloqlar, pedaqoqlar olmalıdır. Onlar filmlərin meyarlarının hazırlanmasında iştirak etməlidirlər. Ümumiyyətlə, yaxşı olardı ki, televiziyalar bütün günü ekranın sol küncündə efirə gedən informasiyanın yaş aralığını göstərən bildiriş qoysunlar”.
Sosioloq Cavid İmamoğlu qanunun işləkliyinə nail olmaq üçün ciddi maarifləndirmə işi aparılmalı olduğunu vurğuladı: “Uşaqların psixoloji sağlamlığının qorunması çox önəmli vəzifədir. Və bu sağlamlığı qorumaq üçün cəmiyyət olaraq əlimizdən gələni etməliyik. Bu vəzifələrin həyata keçirilməsi üçün təkcə qanun və qanundan irəli gələn tələblər yox, həmçinin də vətəndaş nəzarəti, xüsusilə də valideynlərin bu məsələdə maarifləndirilməsinə böyük ehtiyac var. Qanun qəbul olunduqdan sonra qanundan irəli gələn müəyyən tədbirlər planı həyata keçiriləcək, dövlət müəyyən layihələrlə üzərinə düşən işi görəcək. Amma qanunun qəbul edilməsi ilə iş bitmir. Onun işləkliyinə nail olmaq üçün hamımız birgə fəaliyyət göstərməliyik. Yəni 0-18 yaş aralığındakı uşaqlar evdə, məktəbdə və bəzi kompüter oyunları salonlarında vaxt keçirirlər. Bu halda biz evdəki valideynləri, məktəbdəki müəllimləri və oyun salonlarındakı məsul şəxsləri maarifləndirsək, qanunun işləkliyini təmin etmiş olar və həmçinin uşaqlarımız zərərli informasiyadan yayınarlar”.
Günel Azadə