Aysu Eliyeva 1

Uşaqlardə qəzəb kontrol problemi və müdaxilə yolları

Baxış sayı: 878

Qəzəb uşaqlarda müşahidə olunan ən təbii emosional reaksiyalardan biridir. Lakin bu emosiyanın düzgün idarə olunmaması bir sıra psixoloji, sosial və akademik problemlərə səbəb ola bilər. Qəzəb kontrol problemi olan uşaqlar özlərini ifadə etməkdə çətinlik çəkir, aqressiv davranışlar nümayiş etdirir və münasibətlərində gərginlik yaşayırlar.

 

Uşaqlarda qəzəb kontrol probleminin yaranmasına müxtəlif faktorlar təsir edə bilər:

-Ailə mühitində konfliktlərin davamlı baş verməsi: Valideynlər arasında tez-tez baş verən münaqişələr uşaqlarda narahatlıq və qəzəb hisslərini artırır.

-Duyğularını ifadə etmə bacarığının zəifliyi: Öz hisslərini sözlərlə ifadə edə bilməyən uşaqlar qəzəbə meylli ola bilərlər.

-Nümunəvi davranışın olmaması: Uşaq ətrafındakı böyüklərdə aqressiv davranışlar müşahidə edirsə, onu təqlid edə bilər.

-Travmatik təcrübələr: Ayrılıq, zorakılıq, diqqətsizlik kimi travmalar uşağın emosional tənzimləməsini poza bilər.

-Nevroloji və ya psixoloji pozuntular: DEHB (Diqqət əskikliyi və hiperaktivlik pozuntusu), depressiya kimi diaqnozlar da bu vəziyyətə səbəb ola bilər.

 

Uşaqlarda qəzəb kontrol problemini göstərən bəzi əlamətlər:

1) Ani və səbəbsiz qəzəb partlamaları

2) Ətrafındakı insanlara və əşyalara zərər vermə

3) Valideynlərə və müəllimlərə qarşı itaətsizlik

4) Özünə və başqalarına qarşı zərərverici davranışlar

5) Sosial təcrid və dostluq münasibətlərində çətinlik

6) Davamlı narazılıq və gərginlik hissi

 

Uşaqlarda qəzəb kontrol probleminin aradan qaldırılması üçün valideynlər, müəllimlər və psixoloqların əməkdaşlığı vacibdir:

1) Duyğu tanıma və ifadə etmə bacarığı öyrədilməlidir. Uşağa qəzəb, qorxu, kədər və sevinci ayırd etmə və bu hissləri ifadə etmə yolları öyrədilməlidir. Duyğularını tanıyan uşaq onu daha rahah yönətə , idarə edə bilir.

2) Nəfəs və rahatlama texnikaları öyrədilə bilər. Dərin nəfəs alma, 10-a qədər saymaq, sakitləşdirici fəaliyyətlər faydalıdır.

3) Alternativ davranışlar təklif edilə bilər. Məsələn, qəzəb anında şiddət əvəzinə rəsm çəkmək, yazmaq, oynamaq, yastıq yumruqlamaq, mandala rəngləmək və s  kimi davranışlar təşviq edilməlidir.

4) Pozitiv möhkəmləndirmə tətbiq olunmalıdır. Uşaq düzgün davranış göstərdikdə müsbət şəkildə təşviq edilməlidir.

5) Ailə terapiyası və fərdi psixoloji dəstək vacibdir. Əgər problem şiddətli şəkildə baş tutur və davamlıdırsa, psixoloq müdaxiləsi mütləqdir.

Qəzəb uşağın inkişafının bir hissəsidir, lakin düzgün idarə olunmadıqda ciddi problemlərə səbəb ola bilər. Bu səbəbdən həm ailə, həm məktəb, həm də psixoloq  birlikdə işləyərək uşağın sağlam emosional inkişafını təmin etməlidirlər.

 

Psixoloq Aysu Əliyeva




8 şərh “Uşaqlardə qəzəb kontrol problemi və müdaxilə yolları

  1. Məhəmməd

    Mənim 45 yaşım var. Məncə, uşağın qəzəbini düzgün idarə etmək çox önəmlidir. Uşağım kiçik vaxtından bəri, hər zaman ona doğruyu öyrətməyə çalışdım. Qəzəbini nəzarət altına almaq lazımdır, çünki böyüyəndə özünü ifadə etməyi bilməyəcək və insanlarla düzgün ünsiyyət qura bilməyəcək. Bu məsələdə də ən yaxşı dərs valideynlər tərəfindən veriləndir. Evdəki nizam-intizam uşaqlar üçün vacibdir. Əgər uşağın qəzəbinə çox ciddi yanaşılmasa, problem ciddi şəkildə böyüyə bilər.

    Cavabla
  2. Ləman

    mənim fikrimcə, uşağın qəzəbini ciddiyə almaq lazımdır. Mənim uşağım hələ kiçikdir, amma ona dərhal sərt şəkildə ‘olmaz’ deyirəm. Hisslərini idarə etməyi öyrətmək çox vacibdir, amma məncə həddindən artıq yumuşaq yanaşma fayda vermir. Evdə bir az sərt qaydalar olmalıdır ki, uşaq nəyin doğru, nəyin yanlış olduğunu başa düşsün. Qəzəbini idarə etmək üçün cəzalar bəzən vacibdir. Bu, gələcəkdə onu daha məsuliyyətli və nizamlı edər

    Cavabla
  3. Taryel Hakimov

    Uşaqlarla məktəbdə də, evdə də işləyən biri kimi yazıyla tam razıyam. Məktəbdə aqressiv davranış göstərən uşaqların əksəriyyətinin ailəsində də gərginlik olur. Evdə sakitlik və anlayış yoxdursa, biz müəllimlər məktəbdə nə qədər çalışsaq da, dəyişiklik çətin olur. Sualım budur: Ailə ilə müəllim arasında bu mövzuda necə daha səmərəli əməkdaşlıq qurmaq olar?

    Cavabla
  4. Ruhiyyə Atakisiyeva

    Bəzən valideynlər çox narahat olur və uşağın hər emosional reaksiyasını idarə etməyə çalışırlar. Uşağa həddindən artıq müdaxilə etmək əvəzinə, bəzən sakitcə gözləmək və ona bu hissləri necə idarə etməyi öyrətmək daha yaxşıdır. Uşağa düzgün yanaşma və anlayış göstərildikdə, o, öz duyğularını idarə etməyi öyrənir. Hər halda, hər bir uşağın emosional vəziyyəti fərqlidir və ona uyğun yanaşma çox vacibdir

    Cavabla
  5. Minayə Əliyeva

    Mən oğlumu tək böyüdürəm və bəzən onun ani qəzəb reaksiyalarını idarə etməkdə çətinlik çəkirəm. Xüsusilə məktəbdən gəldikdən sonra əsəbi olur, heç nə danışmaq istəmir. Məqalədə qeyd etdiyiniz nəfəs alma texnikasını sınamışam, müəyyən qədər fayda verib. Aysu xanım, belə hallarda uşağın dərindən danışması üçün hansı üsulları tövsiyə edirsiniz?

    Cavabla
  6. Güllü

    Uşağımın qəzəbini idarə etməkdə çətinlik çəkirik, amma uşağın duyğularını anlamağa başladıqdan sonra çox şey dəyişdi. Duyğuları tanıma və ifadə etmə üsulları öyrətmək vacibdir. Mən psixoloqdan da dəstək alıram və bu, çox kömək edir. Həmçinin, uşağa ‘alternativ davranışlar’ təklif etmək də çox faydalıdır. Rəsm çəkmək və ya digər yaradıcı fəaliyyətlərlə məşğul olmaq onu sakitləşdirir. İstədiyim odur ki, uşağım böyüyəndə özünü yaxşı hiss etsin və duyğusal sağlamlığı güclü olsun.

    Cavabla
  7. Aysel Mürşüdova

    mən düşünürəm ki, ən önəmlisi uşağa empati öyrətməkdir. Uşaq qəzəbini ifadə etməli olsa da, başqalarının hisslərinə hörmət etməyi də öyrənməlidir. Bu yazı yaxşı bir başlanğıc, amma daha çox oyunla uşağa duyğularını idarə etməyi öyrətmək lazım olduğunu düşünürəm. Uşaqların təbii olaraq emosiyalarını ifadə etmələri vacibdir, amma bu, o demək deyil ki, ətrafındakı insanlara zərər versinlər. İnsana qarşı göstərilən anlayış və diqqət uşağın hisslərini daha yaxşı anlamağa və idarə etməyə kömək edir

    Cavabla
  8. Tahirə

    Mən işləyən bir anayam və etiraf edim ki, bəzən uşağın emosional vəziyyətinə kifayət qədər diqqət yetirə bilmirəm. Axşam evə gələndə onun əsəbi və aqressiv olduğunu görürəm. Özümü günahkar hiss edirəm. Aysu xanım, bu cür hallarda valideyn vicdan əzabını necə idarə etməlidir və uşağı ilə münasibəti necə bərpa edə bilər?”

    Cavabla

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir