Bu gün istər valideynlərin, istərsə də müəllimlərin uşaqlarla bağlı ən çox şikayət etdiyi hal aqressiv olmalarıdır. Mütəxəssislər uşaqların aqressiv davranışının əsas səbəblərini ailədaxili mübahisələrdə, uşaqların internetə, oyunlara çox alüdə olmasında, sevgi azlığında görürlər.
Psixoloq Ruhiyyə Rüstəmova bildirir ki, hazırda bütün dünyada uşaqlar arasında aqressiya geniş yayılıb: “Çox vaxt valideynlər uşaqlarda aqressiya gördükdə bunu hiperaktivlik, nevroz və fərqli xəstəliklərlə bağlayırlar. Lakin bunlar fərqli şeylərdir. Əslində uşaqlarda aqressiyanın səbəbi ailədə, ailə üzvləri arasında olan mübahisələr, valideynlərlə düzgün qurulmayan ünsiyyətdir. Uşaqlar böyüdükcə onların beyni inkişaf edir. Onlar formalaşdıqca ətrafda baş verən hadisələrə qarşı olan reaksiyaları artır. Hadisələr neqativdirsə, uşağın reaksiyası da buna uyğun olur”.
Valideynlər öncə öz aralarında olan aqressivliyi kəskin formada uşaqlara göstərməməli, hirslərini uşaqlardan çıxmamalıdır. “Çox vaxt ailə üzvləri, ər-arvad, gəlin-qayınana arasında olan mübahisə, konfliktlər uşaqların gözü qarşısında olur. Bu, uşaqlara pis təsir edir. Uşaqların baş verənləri tam analiz edə bilməməsi onların aqressiv davranışlarına səbəb olur. Ailədə mübahisələr olan zaman uşaqların üz cizgilərinə baxsaq, həmin an əllərini qulaqlarına aparmalarını, ağlamaqlarını, çığırmaqlarını görə bilərik. Ürəklərində nə baş verdiyini isə təsəvvür etmək belə ağırdır”.
Müsahibimizə görə, valideynlərin uşaqlara az diqqət, qayğı göstərməsi, sevdiklərini tam hiss etdirməməsi üzündən uşaqlarda aqressivlik yaranır. “Misal üçün, uşaq oyun oynadığı, hansısa bir konstruktoru, evciyi qurduğu zaman bir parçanı düzgün qoymadıqda nə qədər əsəbiləşdiyini, aqressiv davrandığını görürük. Belə uşaqlarda kəskin qışqırmalar, özünə qarşı tələbkarlıq müşahidə olunur. Bu əlamətlər bəzən valideynlər tərəfindən uşağın ərköyün böyüdülməsi, sözə qulaq asmaması, dəcəl olması kimi qəbul olunur. Amma bu belə deyil və aqressivlik insan sağlamlığının ən böyük, birinci düşmənidir. Öncə aqressiv olan uşaqları mütləq psixoloqlara aparmaq lazımdır. Bunun qarşısı alınmalıdır. Uşaq aqressivdirsə, onunla olan ünsiyyəti kəskin şəkildə dəyişdirmək, dərinləşdirmək, onunla daha mehriban və nəzakətli olmaq, onunla daha çox ünsiyyət qurmaq, əylənmək, oyunlar oynamaq, sevgi hissini daha çox göstərmək lazımdır”.
Rüstəmova uşaqlarda aqressiyanın əlamətlərini də açıqladı: “Uşaqda əsəb davamlı şəkildə olur. Bir çox kiçik və yersiz hərəkətlərə, lazımsız xırdalıqlara belə kəskin reaksiyalar verir, çığırır, gecələr yuxu pozuntusu olur, bu hal aylarla davam edir. Bəzən təhlükəli hallar yaradırlar. Misal üçün, əllərində olan ağır əşyanı tullaya, harasa yumruq və ya təpik vura bilərlər. Başqa uşaqları vurur, onların üstünə çığırırlar. Qonaq gedərkən digər uşaqlarla ünsiyyət qurmurlar, kimisə vurur və ya tək oturub ağlamaq kimi reaksiyalar verirlər. Dostlarıyla düzgün münasibət qura bilmir, məktəbdə tez-tez dalaşır, dərsdən geri qalırlar. Nəzərə almaq lazımdır ki, bu cür uşaqların valideyn diqqətinə çox ehtiyacı olur və bu cür davranış onlarda valideyn diqqətsizliyindən əmələ gəlir. Sevgi azlığından ünsiyyətə girə bilmir və ya hansısa başqa uşaqların irəli getdiyini, müəllimlər, sinif yoldaşları tərəfindən çox sevildiyini gördükdə bub tipli uşaqlar özünə qapana da bilirlər”.
Psixoloq bildirir ki, ailədə mübahisəli halların çox olmasından başqa, internetdən çox istifadə, çox oyun oynamaq da uşaqlarda aqressiyanın formalaşmasına səbəb ola bilər: “İnternetdən çox istifadə edən uşaqlar özlərinə qapanaraq saatlarla vaxtını kompüter qarşısında və ya əlində mobil telefonla keçirirlər. Öz yaşlarına uyğun olmayan oyunlar oynayırlar ki, bu da aqressiv davranışa səbəb olur. Uşaqlar çox oyun oynadıqda, oyundan uzaq olduqları vaxtlarda belə fikirləri oyunda qalır, oyunda qalib gəlmək üçün aqressiv şəkildə mübarizə aparır. Uşağa əl qaldırmaq, məktəbdə yaxşı oxumursa, onun üzərinə çox getmək, hədsiz danlamaq, başqaları ilə müqayisə etmək özgüvən azlığına, aqressivliyə gətirib çıxarır”.
Onun sözlərinə görə, tibbi baxımdan uşaqlarda aqressivliyin səbəbi doğuş zamanı beynin müəyyən qatının zədələnməsi də ola bilər.
Psixoloq uşaqlarda aqressivliyin aradan qaldırılmasının bir neçə yollarını da bölüşdü: “Əgər uşağın aqressivliyini görürüksə, onun iki əlindən tutub sadəcə gözlərinin içərisinə baxaraq, sakit tonla ona “Mən səni çox sevirəm. Səni hər bir halınla çox sevirəm” deməlidir. Uşaq valideyni dinləmir, eşitmək istəmirsə, o anda yanında oturub sakitcə “Hər bir halda sənin yanındayam” enerjisini uşağa ötürmək olar. Uşaqlar aqressiv halda qışqıraraq öz fikirlərini söyləyirlərsə, nə istədiklərini bildirirlərsə, bu zaman çox sakit halda onları dinləyib və “Mən səni anladım, sənə kömək etməyə çalışacağam” sözlərilə onları sakitləşdirə bilərlər. Aqressiv uşaqların aqressiyaları bitdikdən sonra onlarla hər gün yatmazdan əvvəl gecə söhbət etmək lazımdır. Söhbət bundan ibarət ola bilər: “Nə üçün bu gününü sevdin? Bu gün sənin bəyəndiyin nə oldu? Bu gün razı olmadığın nələr baş verdi?” Səncə, bu halları biz necə aradan götürə bilərdik? Ünsiyyətdə aqressiv uşaqları günahlandırmaq, onları başqaları ilə müqayisə etmək, başqasının uşağına o, səndən daha yaxşıdır demək olmaz. Heç vaxt unutmayaq ki, uşaqlar həyatda onları əhatə edənlərə əsaslanıb formalaşırlar”.
Aynurə MƏMMƏDOVA