qorxu_tecavuz_usaq_0122

Uşaqlarda diqqətsizliyi necə aradan qaldırmaq olar?

Baxış sayı: 2. 603

Uşaqlarda müxtəlif qorxular olur. Onların çoxusunu da tərbiyə zamanı böyüklər özləri formalaşdırır: “Özünü pis aparsan, xoxan səni yeyər”, “Sakit dur, yoxsa xala sənə iynə vuracaq”, “Bir də belə desən, səni qaranlıq otaqda saxlayacağam” və ya ən pisi – “bir də belə etsən, çıxıb gedəcəyəm”, “səni daha sevməyəcəyəm”.

İki uşaq anası Nərgiz Babayevanın sözərinə görə, oğlunu cəzalandırmaq üçün onu otaqda bir müddət tək saxlayır: “Döymək istəmədiyim üçün cəza növü kimi onunla ünsiyyəti müvəqqəti kəsməyi üstün tuturam. Otağın küncündə cəza kimi dayanmaq istəmədiyi və şıltaqlıq etdiyi üçün onu otağında tək qoyub qapını da bağlayıram. Amma bundan sonra uşaq otağında tək oynamaq istəmir və orda xoxanın olduğunu deyir. Nə qədər başa salsam da, tez-tez “orda xoxan var” deyir. Bu da məni çox narahat edir”.

Psixoloq Ruhanə Rzayevanın sözlərinə görə, uşaqlarda qorxular olur, ancaq uşaq bunu yalandan da deyib anasını idarə etmək istəyər. Bunun üçün uşaq otaqda tək oturub oyuncaqlarla oynamaqdan imtina etdikdə və otaqda xoxanın olduğunu dedikdə ana onunla razılaşmalıdır. Belə ki, ana uşağına xoxanın şəklini çəkməsini istəməli, bunun üçün ona hətta telefonunu da verə bilər: “Xoxan gələn kimi onun şəklini çək, sonra mənə də göstər. Uşaq onu başa düşdüyünüz üçün çox sevinəcək. Bu tapşırığınızı oyun kimi qəbul edərək otağına gedəcək. Uşaq şəkil çəkə bilirsə, xeyli şəkillər çəkəcək. Onları sizə göstərəndə isə orada sadəcə otağın, oyuncaqların, mebellərin şəkilləri olacaq. Şəkillərə baxanda uşağa cavab verin ki, xoxan yəqin şəkil çəkdirməkdən qorxur. Beləliklə, uşaq həqiqətən də xoxanın mövcud olmadığını anlayacaq”.

Rzayeva qeyd edib ki, bu üsul kömək etmirsə, başqa bir üsula əl atmaq olar. Uşağa başa salın ki, o, qorxduğu üçün xoxan peyda olur. Qorxmasa, xoxan görünməyəcək: “Sən xoxandan qorxduqca xoxan daha tez-tez gələcək. Əgər qorxmağı davam etsən, xoxan gəlib o biri otaqlarda da məskən salacaq. Sən qorxmasan, o, özü səndən qorxub qaçıb gedəcək”.

Xoxandan qorxan uşaq oğlandırsa, onda ona demək olar ki, kişi qorxmaz. Kişi istənilən əjdahadan daha güclü, ağıllı olmalı və əjdahalar özləri ondan qorxurlar. Bunu deyəndən sonra oğlana oyuncaq tapança, qılınc da verin ki, xoxana qalib gəlsin. Uşaqların həyatı oyunlardan və sehrdən ibarətdir. Böyüklərə bu məzəli görünsə də, onlar inanırlar.

Psixoloq vurğulayır ki, əslində böyüklər özləri uşağı qorxudaraq, onlarda müxtəlif fobiyaların yaranmasına səbəb olurlar. Uşağı heç vaxt xoxanla, qaranlığa salmaqla qorxutmaq olmaz. Tərbiyənin daha yumşaq yollarını tapmaq lazımdır.

Müsahibimiz məsləhət görür ki, uşaq 5 yaşını keçibsə, onunla böyük kimi danışmaq olar: “Düzünü de, sən otaqda doğrudan da xoxan görmüsən, yoxsa onu özün uydurmusan?. Uşaq həqiqətən də xoxanı gördüyünü deyirsə, onu düşündürməyə çalışın: “Ola bilər, bəlkə də görmüsən, bəlkə də yox. Təsəvvür et ki, sən dostunla oynayırsan. O, sənin maşınını bir az oynamaq üçün götürür. Amma sonra sənə qaytarmalıdır. O isə maşını sənə qaytarmır və deyir ki, onun yanına xoxan uçaraq gəlib sənin maşınını götürüb getdi. Sən dostuna inanarsan? Yəqin ki, yox. Əgər dostundan başqa da kimsə xoxanı görübsə, deməli, xoxan var. Heç kim görməyibsə, deməli, dostun hər şeyi uydurur. Bəs, sən bu haqda nə düşünürsən?”

Psixoloqun sözlərinə görə, uşağın qorxması normaldır: “Amma vaxtında uşağa qorxularının səbəbini anlatmayanda və qorxuları aradan qaldırmayanda qorxular ömür boyu onları izləyə bilir”.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir