yeniyetme

Uşaqlarda keçid dövrü – VALİDEYNLƏR necə davranmalıdır?

Baxış sayı: 737

Kiçik yaşlarda valideynlər uşaqlarla nisbətən asanlıqla münasibət yarada bilir.

Məktəbəqədərki yaş dövründə və aşağı siniflərdə uşaq-valideyn münasibətləri kifayət qədər rahat və sakit keçir.

Uşaqlar 12-13 yaşına çatdıqda isə  uşaq-valideyn münasibətləri kəskin şəkildə dəyişməyə başlayır. Bu keçid dövrü 17-18 yaşına kimi davam edir. Hər iki tərəf arasında narazılıq artır, bağlılıq hissi yadlaşma hissinə qarışır. Uşaqlar valideynlərinə irad tutmağa başlayır. Bu yaş dövründə onlar çox əsəbi olurlar. Ailədəki vəziyyət uşaqların istək və arzuları ilə uyğunlaşmır. Onların müstəqilliyə can atması valideynlərlə onlar arasında problem yaradır.

valideyn

Bəs uşaqların bu keçid dövründə valideynlər necə davranmalıdır ?

Yeniyetməlik dövrü 11-12 yaşdan başlayaraq 14-15 yaşadək orta məktəbin beşinci-səkkizinci sinif şagirdlərini əhatə edir. Lakin yeniyetməlik dövrünün başlanmasına və qurtarmasına dəqiq bir sərhəd qoymaq olmaz. Ümumiyyətlə, bu dövr insanın ən çətin psixoloji mərhələlərindən hesab olunur. Bu baxımdan bu mərhələ hər kəsdə fərqli keçir. Bu yaşlarda uşaqlar özlərini təsdiq etmək, valideynlərindən asılı olmadan müstəqil davranmaq, öz yaşıdlarından seçilmək istəyirlər.

Ata-ana bilməlidir ki, övladından yüksək tərbiyə, hörmət gözləyirsə ilk növbədə özləri bu keyfiyyətlərlə ona nümunə olmalıdır. Bir ailədə ki, valideynlər uşaqlarına qarşı şiddət və zorakılıq edirlərsə, əlbəttə ki, o ailədə böyüyən uşaqlarda mənəvi-psixoloji travmalar yaranması istisna deyil.

Bəzi valideynlər uşaqlara oyuncaq kimi yanaşır. “Əlindən heç nə gəlmir”, “səndən heç nə olmayacaq” və s. bu kimi münasibətlərlə övladlarını özlərinə rəqib kimi böyüdürlər. Bu da ana, ata və uşaq arasında əlaqənin bitməsidir.

Mütəxəssislər hesab edir ki, övladı ilə əlaqələrinin yaxşı olmasını istəyən valideynlər arada olan hörməti, güvəni qorumaq üçün onları tənqid etməməlidir. Valideyn uşaqlarının dostu olmalıdır. Onlar elə situasiya yaratmalıdır ki, övlad ana və atadan çəkinməsin, hər şeyi açıq onlara danışsın, heç nə gizlətməsin. Övladların maraqları ilə yaxından tanış olmağa, sirlərini, düşüncələrini bölüşməyə çalışmalıdır. Valideyn öz problemlərini övladına anlatmağa başlasa, uşaq da ondan çəkinməz və öz sirrini bölüşər.

Uşaqların keçid dövründə valideynlər, onları mümkün psixoloji travmalardan qorumaqdan ötrü bütün təcrübələrini ortaya qoymalıdırlar. Onlarla nəzakətlə, dostcasına onları narahat edən problemləri və keçirdikləri hissləri başa düşməli, onların daxili aləminə maraq göstərməlidir.

Bu dövrdə yaranan komplekslər yeniyetmələrin davranışına mənfi təsir göstərir. Bu zaman valideynlər diqqətli olmalı və uşaqlarına komplekslərini dəf etməkdə onlara kömək etməlidirlər.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir