1. Uşaqlarda liderlik keyfiyyətlərini necə inkişaf etdirməli?
Ümumiyyətlə, uşaqlarda liderlik keyfiyyətlərinin inkişafına erkən dövrlərdən başlanılması tövsiyə olunur. Çünki bu keyfiyyətlərin bir çoxunun əsası elə məhz körpəlik dövründə qoyulur. Məsələn: lider üçün zəruri olan təşəbbüskarlıq, qətiyyətlilik, məqsədyönümlülük, məsuliyyətlilik, özünəinam və müstəqillik hissi kimi xüsusiyyətlərin formalaşdırılması əsasən mühit və tərbiyənin psixoloji təsirlərin sayəsində mümkün olur.
Valideynlərin bəzən bu qəbildən olan məsələlərə laqeyd yanaşması gələcəkdə övladlarının taleyində həlledici rol oynaya bilir. Uşağın əldə etdiyi nailiyyətlərin böyüklər tərəfindən emosional şəkildə rəğbətləndirilməsi onda özünəinam hissini, təşəbbüskarlığı artırır, öz etdiyinə görə qürur hissi yaşamasını şərtləndirir. Əksinə, uşağın fəaliyyətinin nəticələrinə laqeyd və ya mənfi münasibətin təzahürü uşaq tərəfindən emosional baxımdan çox neqativ yaşanır. Bu faktın özü isə gələcəkdə onu hansısa təşəbbüslərdən çəkindirərək, onda özünəinamsızlıq hissi formalaşdıra bilər. Adətən özünəinam hissi zəif olan uşaqlarda özünüqiymətləndirmə aşağı, özünütənqidi münasibət isə yüksək səviyyədə olduğundan nədəsə müvəffəqiyyət qazanmaq, mübarizə aparmaq üçün onlar, bir o qədər cəhd göstərmirlər.
Hər bir addımı, fəaliyyəti rəğbətləndirilən, tez-tez “Afərin!”, “Sən bunu düz etdin!”, “Bu səndə çox yaxşı alındı! ”- kimi ruhlandırıcı ifadələr eşidən uşaqlar daha aktiv, özünəinamlı, cəsarətli olur, qarşısında yüksək məqsədlər qoya bilirlər. Lakin burada da, hər bir şeydə olduğu kimi, rəğbətləndirmənin yerində və düzgün səviyyədə, həddə işlədilməsi məsələsinə diqqət yetirilməlidir. Çünki, özünü, öz imkanlarını qeyri-adekvat, həddən artıq çox yüksək qiymətləndirən uşaqlarda da bəzən arxayınçılıq hissi formalaşır, müvəffəqiyyət qazanmaq üçün lazımı səy göstərmirlər.
İnsan fəaliyyətinin əsasında tələbatların durduğunu nəzərə alaraq, uşaqda aktivliyə, yüksək məqsədlərə tələbat yaratmaq lazımdır. Yəni, uşaqdakı liderlik potensialının inkişafı məqsədilə onun aktivliyi üçün lazımi şərait yaradılmalıdır.
Uşaqlarda “Mən özüm” dövrü, müstəqillik hissi 2-3 yaşından inkişaf etməyə başlayır. Məhz bu dövrdə uşaq ətraf mühiti ”özüm yeyim”, ”özüm edim” , “özüm baxım” və s. kimi ifadələrlə sərbəst öyrənməyə cəhd edir. Buna görə də, bu məsələdə valideynlərin əsas vəzifəsi
uşağa aktivlik üçün təhlükəsiz şəraitin yaradılmasıdır. Uşağın hiperhimayəsi və yaxud onun sərbəstliyi üçün kifayət qədər təhlükəsiz şəraitin yaradılması onda qətiyyətsizlik, özünəinamsızlıq, tez-tez köməyə ehtiyac hissi formalaşdırır ki, bu da sonradan həmin uşaqda asılılıq, tabeçilik mövqeyində durmağa meyli artırır. Valideynlərin uşağa yalnız özünün köməyə ehtiyac hiss etdirdikdə ona əl tutması tövsiyə olunur. Uşağa kiçiklik maneə ilə rastlaşdıqda tez köməyə can atıb, onun yerinə nəyisə etməyə cəhd etmək yaxşı deyil. Bunun əvəzinə, onun bu vəziyyətdən necə çıxması üçün fikirlərini soruşmaq, maneələrin dəf edilməsinə cəhdlərin edilməsinin vacibliyini ona başa salmaq daha məqsədəuyğundur.
Uşaqların səhvlərinə qarşı səbirli olmaq, onların sərbəst qərarlar verməsi, öz fikirlərini irəli sürməsi üçün mümkün qədər şəraitin yaradılması valideynlərə tövsiyə olunur.
Hər birimiz həyatda səhvlər üzərində nəyisə öyrənirik. Buna görə də, həyatda ilk addımlarını atan insanın büdrəməsi, yıxılması normal qarşılanmalıdır. Burada ən əsası, büdrəyən Uşağı tez qaldırıb ayaq üstünə qoymaq deyil, onun yanında olub, özünün durması, addımını atması üçün ruhlandırılmasıdır. Uşağı hər an səhvlərdən və onun nəticələrindən qorumağa çalışmaqdansa, onda qarşıya çıxan maneələri dəf etmə, gördüyü işi sona çatdırması üçün inadkarlığın, qətiyyətliliyin tərbiyə edilməsi zəruridir.
Nə qədər qəribə, reallıqdan uzaq olsa da, uşağın arzularına, müxtəlif maraqlı fikirlərinə hörmətlə yanaşılmasına da tövsiyə olunur. Burada valideynlərin əsas vəzifəsi, uşağı öz arzu və xəyallarına reallaşdırılması üzərində fikirləşməsinə təhrik etmək, ona istəklərini gerçəkləşdirmək üçün qarşıya real məqsədlər qoymaq və bütün bunlara necə nail olacağı ətrafında düşündürməkdir.
Beləliklə də, liderlik keyfiyyətlərinin inkişafı üçün valideynlərdən uşaqlarına aciz, daima köməyə ehtiyacı olan, heç nə bacarmayan kiçicik bir varlıq kimi deyil, formalaşmaqda ola, özünəməxsus keyfiyyətlərə və zəngin potensiala malik bir şəxsiyyət kimi yanaşılması tələb olunur. Burada ən əsas məsələ, uşaqda olan potensialların inkişafında ona dəstək olmaq, onda özünə, öz bacarıq və qabiliyyətlərinə inam hissini formalaşdırmaqdır.
2. Psixoloji baxımdan uşaqların 6 yoxsa 7 yaşında məktəbə getməsi daha düzgündür?
Bu suala qəti, birmənalı şəkildə cavab vermək olmaz. Çünki, bu uşağın sağlamlıq vəziyyətindən, psixi inkişaf səviyyəsindən, ünsiyyət vərdişlərindən asılıdır. Fiziki cəhətdən zəif, müxtəlif somatik problemləri olan, tez-tez xəstələnən, yorulan uşaqların 7 yaşından tez məktəbə getməsi məqsədəuyğun deyildir. Əlavə əldə edilən bir ildə valideynlər bütün diqqətini uşağın sağlamlığının möhkəmləndirilməsinə, ehtiyac olarsa, loqopedə, psixoloqa müraciət etməklə nitqinin inkişafına, onun psixoloji cəhətdən məktəbə hazırlığına yönəltməlidirlər Hazırda respublikada məktəbə hazırlıq üzrə ixtisaslaşmış müxtəlif dərnəklər, klublar fəaliyyət göstərir ki, həftədə bir neçə dəfə uşaqların burada iştirakı gələcəkdə onların məktəbə adaptasiyasında çox faydalı ola bilər.
Bəzən belə fikirlərə rast gəlinir ki, uşaqların məktəbə qədər hazırlığının aparılmasına, ona həftənin, rəqəmlərin və s. öyrədilməsinə ehtiyac yoxdur. Onsuz da, uşaq bütün bunları məktəbdə öyrənəcək və onun erkən belə şeylərə öyrədilməsi gələcəkdə dəsrə marağının zəifləməsinə, “uşaqlığının əlindən alınmasına” gətirib çıxaracaq. Lakin qeyd etməliyəm ki, hazırda mövcud ibtidai təhsil proqramı uşaqların minimum səviyyədə də olsa müəyyən biliklərə malik olmasını tələb edir. Hətta bəzi məktəb-liseylərdə tədris proqramlarının xüsusiyyətlərini nəzərə alaraq, uşaqları xüsusi testlərdən keçirərək qəbul edirlər. Buna görə də, istənilən halda, uşaqların məktəbə hazırlığı məsələləsinə diqqət yetirilməsi zəruridir. Lakin uşağa hansısa biliklər aşılanarkən onun yaş və psixoloji xüsusiyyətləri nəzərə alınmalıdır. Belə ki, məktəbəqədər yaşlı uşaqlara istənilən biliklərin aşılanması əsasən oyun formasında həyata keçirilməli və hər dəfə 10-15 dəqiqədən artıq davam etməməlidir.
6 yaşından məktəbə gedən uşaqların məktəbəqədər hazırlıq proqramlarını keçməsi zəruridir. Yəni burada söhbət yalnız təlim proqramlarından deyil, eyni zamanda sosial-psixoloji hazırlıq məsələlərindən də gedir. Uşaqların uşaq bağçaları, məktəbəqədər təhsil müəssisələrinə getməsi çox əhəmiyyətlidir. Burada uşaq həm kollektivdə fəaliyyət göstərməyi öyrənir, həm də sosial rolların, cəmiyyətdə mövcud qayda-qanunların mənimsənilməsi baxımından da ilkin biliklərini, vərdişlərini mənimsəyir. Müşahidələr göstərir ki, uşaq bağçalarından məktəbə gələn uşaqlar, evdə ana, nənə, dayə tərbiyəsindən məktəbə qədəm qoyan uşaqlara nisbətən məktəb mühitinə, qayda-qanunlarına və kollektivə daha yaxşı adaptasiya olunurlar.
Valideynlərə tövsiyə olunur ki, uşağın hansı yaşdan məktəbə getməsi ilə bağlı psixoloqla uşağın hazırlıq səviyyəsini müəyyənləşdirdikdən və onun məsləhətini aldıqdan sonra müvafiq qərar qəbul etsinlər. Lakin, ümumiyyətlə, valideynlər əgər uşaqlarında erkən yaşlarından oxumağa, yazmağa, xarici dillərə və s. marağı müşahidə edirlərsə, öz övladını fiziki və psixoloji cəhətdən məktəbə hazırlıqlı hesab edirlərsə, onların 6 yaşından məktəbə getməsi məsləhətdir.
3. İnternetdən istifadə kiçik yaşlı uşaqların psixikasına necə təsir göstərir?
Son dövrlərdə kütləvi informasiya vasitələrində, mətbuatda uşaqların texnikaya, kompüterə həddən çox meyl göstərməsi nəticəsində onların ünsiyyət sferasında, sağlamlığında ciddi problemlərin yaranması ilə bağlı xeyli sayda informasiyalara rast gəlmək olur. Əlbəttə, müasir insan üçün, xüsusən də XXI əsrin ixtisaslı kadrı üçün kompüterdən istifadə etmək, onun dərinliklərinə bələd olmaq labüddür. Məhz buna görə də, son vaxtlar, valideynlər uşaqlarının gələcəyini düşünərək kiçik yaşlarından övladlarına kompüter alır, onları müxtəlif kurslara aparır və bunu faydalı hesab edirlər. Lakin, bu bəzən onunla nəticələnir ki, kompüter uşağın əsas “ünsiyyət partnyoruna” çevrilir və valideynlərilə, yaşıdlarıyla olan ünsiyyətini əvəzləməyə başlayır. Uşaq əksər vaxtını “hissiyatsız”, “cansız” maşınla təklikdə, kompüter oyunlarının fantastik aləmində, internet dolanbacında keçirir. Buradan onun “qazandıqları” isə, əksər hallarda, heç də ürəkaçan olmur.
İnternetin daha çox populyar olduğu ölkələrdə valideynlər uşaqlarının həmyaşıdları ilə ünsiyyətdən qaçdığını, onlarda kitab oxumağa meylin azalmasını göstərirlər. Son illər psixoloqların apardığı tədqiqatlarda da, internetdən həddən çox istifadə edən uşaqlarda aqressivliyə, zorakılığa meylin yüksək olması, fantaziyalara, yaradıcılığa meylin zəifləməsi, onlarda təfəkkürün analiz-sintez fəaliyyətinin çətinliklə getdiyi müəyyən olunmuşdu.
Ümumiyyətlə, uşaqların məktəb yaşına qədər kompüterdən istifadəsi məqsədəuyğun deyil. Əvvəla, təcrübə onu göstərir ki, uşaqlar məktəb dövründə kompüterdən istifadəni öyrəndikdə belə yüksək nailiyyətlər əldə edə bilirlər. Digər tərəfdən, 3-4 yaşından həddən artıq kompüterdən istifadə edən uşaqların böyüyəndən sora bu müddət ərzində elə bir şey öyrənmədiyinin şahidi olar. Çünki, erkən dövrdə uşağın əqli qabiliyyətləri onu ətrafda, real həyatda baş verənlərdən ayıran hansısa texnikanın köməyi ilə deyil, ətraf mühitlə qarşılıqlı əlaqədə, onun aktiv qavranılmasında inkişaf edir. Hansısa informasiyanı uşağa aşılamaq üçün onu kompüter arxasında otuzdurmaqdansa, əlindən tutub real həyatda onu göstərmək daha faydalı olar. Məsələn, heyvanlar haqqında, heyvanxanaya, bitkilər haqqında botanika bağına və ya adi parklara gəzintiyə çıxarmaq, mədəni inkişafı üçün kukla teatrına apararaq, onunla gördüklərini müzakirə etmək uşağın əqli qabiliyyətlərinin inkişafı baxımından əvəzedilməz rol oynaya bilər.
Valideynlər unutmamalıdırlar ki, uşağın normal psixi inkişafı üçün ünsiyyət və kollektiv oyunlar, onunla gördükləri və eşitdiklərini müzakirə etmək faydalı olduğu qədər, zəruridir. Belə ki, internetdən nə qədər gözəl informasiyalar götürməsindən asılı olmadan, uşağın inkişafı və tərbiyəsində valideynin təsirini, uşağı istiqamətləndirilməsini heç bir texnika əvəz edə bilməz.
Ümumiyyətlə, qeyd istərdim ki, nəinki kiçik yaşlı uşaqların, hətta daha böyük yaşlarda ola uşaqların belə, kompüterdən istifadəsinə böyüklər tərəfindən nəzarət olunmalıdır. Onlara evdə, məktəbdə kompüterdən istifadənin mədəniyyəti aşılanmalı, müasir texnologiyalardan sui-istifadənin nəticələri haqqında məlumatlar verilməlidir. Bəzi hallarda hətta böyüklərin nəzarəti altında, məhdud vaxt çərçivəsində uşaqların kompüter arxasında vaxt keçirməsinə imkan verilməsi məqsədəuyğun olardı.
4. Yeniyetmələrlə ünsiyyətdə hansı psixoloji məqamlar nəzərə alınmalıdır?
Yeniyetmələrlə ünsiyyətdə bizim diqqət edə biləcəyimiz ən vacib məqamlar, onların şəxsiyyətinə hörmət və diqqətin göstərilməsi, səbr və təmkinimizi qoruya bilmə bacarığımızdır. Onların fikrinə hörmətlə yanaşılması, vacib məsələlərin, qərarların qəbulunda fikirlərin nəzərə alınması zəruridir. Bu yaş dövründə olan insanları biz hələ “uşaq” adlandırsaq da, onlar bu ifadəni özlərinə qarşı işlədilməsiylə heç cürə barışmaq istəmirlər. Odur ki, onlarla ünsiyyətdə “Sən hələ uşaqsan!”, “Sən hələ belə şeyləri başa düşməzsən!”, Böyüyərsən, bilərsən!” – kimi ifadələrdən qəti şəkildə qaçmaq lazımdır. Çünki bunların işlədilməsi onlarla ünsiyyətdə potensial konfliktlərə gətirib çıxara bilir.
Əgər yeniyetmə sizə nə isə danışır və ya nə barədəsə ürəyindəkiləri deməyə çalışırsa, ona diqqətlə qulaq asmağa çalışmaq lazımdır. Onu qınamaq, danlamağa çalışmaq qətiyyən yolverilməzdir. Yeniyetmə ailəsi tərəfindən dəstəkləndiyinə əmin olmalı, ailəyə, valideynlərinə arxalana bilməlidir. Bunun üçün çox vacibdir ki, uşağın hər bir probleminə qınayıcı tonla deyil, istiqamətləndirici tərzdə yanaşasınız. O hiss etməlidir ki, evdə onu sevirlər, başa düşürlər. Buna görə də, yeniyetmələrlə inamlı münasibətlərin qurulması onlarla ünsiyyətdə böyüklərin diqqət edə biləcəyi ən vacib məsələlərdəndir.
Əgər övladınızla münasibətləriniz artıq ciddi şəkildə pozulubsa mütləq mütəxəssisə, psixoloqa müraciət edin. Lakin bu zaman unutmayın ki, psixoloqun məsləhətinə yalnız uşağın deyil, sizin də ehtiyacınız var. Psixoloq valideyn və uşaqla paralel işləməlidir. Əgər siz də özünüzdə dəyişiklik etməyə çalışmasanız, bunun heç bir faydası olmayacaqdır.