Qısa bir şəkildə ifadə etsək, məsuliyyət başqalarının hüquqlarına riayət etmək və öz hərəkətlərinə cavabdeh olmaqdır. Bu baxımdan, məsuliyyət hissi olan uşaqlar qərar qəbul etməkdə çətinlik çəkmir, düşünmədən qərar qəbul etmir, həmçinin sərbəst hərəkət etməyi bacarırlar. Digər tərəfdən, bu uşaqlarda özünəinam hissi də başqa uşaqlardan daha güclü olur. Ancaq uşaqlara məsuliyət hissini aşılamaq üçün onları yaşlarına, cinsiyyətlərinə və inkişaf səviyyələrinə uyğun istiqamətləndirmək lazımdır. Məsələn, 3 yaşlı uşaq paltar yumaqda anasına kömək etməyə böyük həvəs göstərir. Ancaq 13-14 yaşlı uşaqdan bunu gözləmək qeyri-mümkündür. Ona görə də, bu işi əyləncəyə çevirmək və uşağa kömək etməyi öyrətmək lazımdır. Bu vərdişləri aşılamaqla siz uşağa məsuliyyət hissini də aşılamış olursunuz. Digər tərəfdən, uşaqlara məsuliyyət hissini aşılamaq üçün konkret bir yaş yoxdur. Ancaq elə dövrlər var ki, uşaqlar bu dövrlərdə bir işi təkbaşlarına görmək istəyir, ya da buna hazır olurlar. Ona görə də, uşaqlara məsuliyyət hissini aşılamaq üçün bu dövrlərdən istifadə etmək lazımdır. Bundan başqa, aşağıdakıları nəzərə almaq da çox vacibdir:
1) Uşağınızın nəyə maraq göstərdiyini, onda hansı qabiliyyətlərin daha qabarıq olduğunu müəyyən etməyə çalışın.
2) Uşağınızın uğurları ilə fəxr edin və elə edin ki, o bunu hiss etsin.
3) Uşağınız bir işi düzgün görmədikdə bundan nəticə çıxarmasına imkan verin.
Əslində, məsuliyyətə alışmaq da başqa qabiliyyətlər kimidir. Buna görə də, uşağınız bunu nə qədər çox sınaqdan çıxarsa, bir o qədər uğur qazanar. Bunun üçün evdə uşağınızın üzərinə bəzi məsuliyyətlər qoymaq pis olmaz. Üstəlik, bu, məktəbdə də onun köməyinə çata bilər. Bundan başqa, uşağınıza məsuliyyət hissini aşılamaq üçün aşağıdakıları nəzərə almaq lazımdır:
1) Uşağınız üçün onun məsuliyyət daşıya biləcəyi işlərin siyahısını hazırlayın və onları bir-bir həyata keçirməyə çalışın.
2) Uşağınıza seçmək imkanı verin.
3) Onun yerinə düşünməyin.
4) Onun adından iş görməyin.
5) Yeri gələndə sındırıb dağıtmasına da icazə verin.
6) Uşağınıza sərbəstlik verməyə çalışın və ona kömək etməyə tələsməyin.
7) Uşağınızdan sizin qədər məsuliyyətli olacağını gözləməyin.
Digər tərəfdən, əgər uşağınıza məsuliyyət hissi aşılamaq istəyirsinizsə, bu bir az da sizin həvəsinizdən asılıdır. Həmçinin, bu məsələdə ailədəki demokratik mühitin də rolu çox böyükdür. Əgər ailədə diktatura rejimi hakimdirsə, burada uşağa məsuliyyət hissi aşılamaqdan söhbət gedə bilməz. Çünki belə ailələrdə ata-ananın hakimiyyəti o qədər böyük olur ki, uşağın hər hansı bir şey üçün məsuliyyət daşımasına ehtiyac qalmır. Oxşar problemlər anarxiya rejimi hakim olan ailələrdə də eynidir. Buna görə də, uşaqda məsuliyyət hissini inkişaf etdirmək üçün ən ideal ailə demokratiya rejimi hakim olan ailədir. Digər tərəfdən, ancaq danışmaqla uşağa məsuliyyət aşılamaq olmaz. Üstəlik, burada cəsarət də çox vacibdir. Ona görə də, bəzən siz uşağınıza öz məsuliyyətsizliyinin nəticələri ilə barışmasına imkan verməli və onu növbəti mərhələlər üçün həvəsləndirməlisiniz. Digər tərəfdən, ev işlərinə kömək etməsi, vaxtını özü bölməsi, geyəcəyi şeyləri özü seçməsi də uşaqda məsuliyyət hissinin formalaşmasında əsas amillərdən biridir.