gulcohre Hesenova-photoaidcom--photoaid-remove-background

Uşaqlarda nitq inkişafının əhəmiyyəti və mərhələləri

Baxış sayı: 475

Gözəl nitq uşağın hərtərəfli inkişafı üçün vacib olan şərtlərdən biridir. Nitqində qüsur olan uşaqlar digərlərindən fərqləndiklərini dərk etməyə başladıqları andan etibarən səssiz, qərarsız və utancaq olur, tədricən özlərinə qapana bilir və ən əsası isə həyatın əsas şərtlərindən biri olan ünsiyyət, kommunikasiya bacarıqlarından məhrum olurlar. Nitq və ünsiyyət bacarıqları sonrakı biliklərin əsasını təşkil etdiyindən, uşağa vaxtında yardım göstərilməzsə, bu, gələcəkdə daha mürəkkəb və arzuolunmaz halların yaranmasına gətirib çıxara bilər.

Amerika siyasətçisi Deniel Vebster ünsiyyəti belə səciyyələndirmişdir: “Mən bütün bacarıqlarımdan məhrum edilsəydim və bu bacarıqlardan yalnız birini seçmək məcburiyyəti qarşısında qalsaydım, o zaman ünsiyyət bacarığımı seçərdim. Çünki onun vasitəsi ilə digər bacarıqları tezliklə geri qaytarmaq mümkündür”.

Ünsiyyət üçün lazım olan bacarıqlar vardır, onlara aiddir:

1) Diqqət;

2) Dinləmə;

3) Anlama;

4) Təqlid etmə və iştirak;

5) Nitq.

Diqqət – Uşağın ilk dəfə öz anasının üzünə baxması ilə başlayır və sonralar fikrini hər hansı bir fəaliyyət üzərində cəmləşdirməyə keçir.

Dinləmək bacarığı – Uşağın eşitdiyi hər bir səsə reaksiya verməsindən başlayaraq onun müəyyən bir şeyə qulaq asmaq bacarığına doğru inkişaf edir.

Anlama – Uşaq anasının səsini tanıdığı, gördüyü əşyaların mənasını başa düşdüyü andan başlayaraq, eşitdiyi sözlərin və cümlələrin başa düşülməsinə qədər inkişaf edir.

Təqlid etmə və iştirak – Lap kiçik vaxtlarından ana ilə qarşılıqlı təqlid etmə və birgə oyunlardan başlayıb, söhbət zamanı öz növbəsini gözləmə bacarığına qədər inkişaf edir.

Nitq – Qığıldama və işarələrdən başlayıb, öz dilində sərbəst və düzgün danışmağa qədər inkişaf edir.

Uşağın nitqə hazırlıq (qeyri-verbal mərhələ/1-11 ay) və nitq inkişafı (verbal mərhələ/1-6 yaş) mərhələsi onun həyatında mühüm rola malikdir:

0-3 aylıq uşaq — Anadan olan zaman ağlayır, narahatçılığı olanda, bir yeri ağrıyanda və ya ac olanda ağlamaqla biruzə verir. Sifətində ilk təbəssümü görmək olur. Onunla danışanda gülüşlə cavab verir, müxtəlif səslər çıxarır.

4 aylıq uşaq — Anasını tanıyaraq sevincini bildirir. Səsin gəldiyi yerə baxır, onunla söhbət edəndə qığıldayır, ucadan gülür, tək qaldıqda müxtəlif səslər çıxarır.

5-6 aylıq uşaq — Dərhal səs gələn tərəfə çevrilir. Anasının səsini tanıyır, ona ünvanlanmış ciddi və ya mehriban intonasiyaları seçə bilir, mahnı oxuyurmuş kimi uzun-uzadı sait səsləri (a, e, o, i, u, ǝ) çıxarır, qığıldama yavaş-yavaş təkrarlanan hecaların tələffüzünə keçid alır. Nitqi anlama prosesi inkişaf etməyə başlayır.

7-9 aylıq uşaq— “…Haradadır?” sualına cavab olaraq hər zaman eyni yerdə olan bir və ya bir neçə tanış əşyanı gözləri ilə axtarır (burnunu, gözlərini və s. göstərə bilər). Çoxsaylı təkrar hecalar deyir, səslərə diqqətlə qulaq asır, əvvəlcədən öyrədilmiş hərəkətləri böyüklərin göstərişi ilə icra edir (məs. “Əl çal!”, “Bir quş uçdu.” və s.), 9 ayında öz adını tanıyır və onu çağıranda çevrilib baxır, böyükləri yamsılayaraq bəzi bildiyi hecaları təqlid edir.

10 aylıq uşaq — Böyüklərin göstərişi ilə oyuncaqlardan istifadə etməklə, artıq ona tanış olan öyrədilmiş hərəkətləri yerinə yetirir (məs. kubikləri üst-üstə qoyur, piramidanın halqalarını çubuğuna keçirir). “…Ver!” göstərişi ilə tanıdığı əşyanı tapır və verir. Böyüklərin ardınca yeni hecaları təkrar edir. Ünsiyyətə jestlər vasitəsi ilə girir.

11 aylıq uşaq — Sözləri və sadə göstərişləri başa düşür, təkrar hecalardan yavaş-yavaş sözlərə keçir. Böyüklərin göstərişləri ilə gəlinciyi yedirir, yatırır və s. Bir neçə saniyə şəkillərə baxır, oyun zamanı müxtəlif səslər çıxarır. Nitqi anlama prosesində artıq ümumiləşdirmə bacarığı nəzərə çarpır (məs. “Topu gətir!” söylədikdə, oyuncaqların içərisindən hər hansı bir topu seçib gətirir). Nitqində müxtəlif işarə sözlər meydana gəlir (piş- piş, ham-ham, muuu və s.).

1 yaşda — Sözlərlə birlikdə fikrini bildirmək üçün işarə jestlərdən istifadə edir.

1,6 yaşda — Bu dövrdən başlayaraq əsasən, nitqi anlama, təqlid etmə, ümumiləşdirmə bacarığı sürətlə inkişaf etməyə başlayır. Sadə göstərişləri başa düşür, bir sıra tanıdığı işarə jestlərdən, sözü əvəz edən və sözə oxşar kəlmələrdən istifadə edir. Əli ilə “sağ ol” göstərir, “qurtardı” sözünü başa düşür. Kənardan gələn səs mənbəyini axtarır (məs. maşın səsi, həyətdəki uşaq- ların səsi və s.). Heyvanların səslərini çıxarır və onları həmin səslərlə adlandırır.

2-3 yaşda — Bu yaş dövrü lüğət tərkibinin kəskin artması dövrüdür. Uşaq əşyaların xassələri ilə tanış olur, onlar haqqında qısa mülahizələr yürüdə bilir, 2-3 sözdən ibarət cümlələr işlədir, səsləri daha aydın tələffüz etməyə başlayır, yad adamlar da onun nitqini başa düşə bilirlər. Ancaq bu dövrdə nitq, hələ ki mükəmməl olmur. P, b, m, f, v, t, d, n, k, q, x, ğ səslərini tələffüz edə bilir. Tələffüz bir qədər yumşaqdır. Nitqdə S, Z səsləri əmələ gəlir. K (kitab), g, ş, j, ç, c, l, r səslərini ya ötürür, ya da digər səslərlə əvəz edir.

3-4 yaşda — Uşaq çox danışmağa başlayır, qısa şeirlərə və nağıla qulaq asmağı xoşlayır, onları yadda saxlayır və danışır. Sadə söhbətlər zamanı o da söhbətə qoşulur, 3-4 sözdən ibarət cümlələr qurur. İsimləri tək və cəmdə, felləri isə şəxs, kəmiyyət və zamana görə dəyişmək vərdişinə praktiki olaraq yiyələnmiş olur. Çətin tələffüz olunan və ya tanış olmayan sözlərdə səhv tələffüzə yol verir. Sözlərdə səslərin yerinin dəyişilməsi, sözün qısaldılması hələ də mövcuddur: televizor – tevizor, çiyələk – çilələk. Nitqində ş. j, ç, c səsləri əmələ gəlir, ancaq yumşaq tələffüz olunur. R səsi buraxılır və yaxud da əvəz edilir, L səsi ya yumşaq tələffüz olunur ya da əvəz edilir. Lampa-yampa, kirpi – ki..pi.

4-5 yaşda— Uşağın nitqində yerdəyişmələr, səs və heca ötürmələrinə yol verilməsi kifayət qədər azalır. Uşaq daha geniş və mürəkkəb cümlələrdən istifadə edir, cümlələri qrammatik cəhətdən düzgün qurur, onun nitqi daha ardıcıl və rabitəlidir. Oyuncağı, süjetli şəkli və ya hər hansı bir başqa əşyanı müşahidə etdikdən sonra bu haqda 3-4 cümlədən ibarət hekayə qura bilər. Ümumiləşdirici sözləri başa düşür: oyuncaqlar, qab-qacaq, heyvanlar, geyim və s. bəhs edərkən həmcins üzvlü cümlələrdən istifadə edir. Samit səslərin yumşaldılması itir, lakin R səsini hər uşaq tələffüz edə bilmir.

5-6 yaşda — Müxtəlif mürəkkəb cümlələr qurur. Məs. verilmiş sözlərdən (oğlan, şəkil, rəngli qələm, çəkmək) cümlə qura bilər. Atalar sözünün mənasını başa düşə bilər. Hayatla bağlı hekayələr qura bilər. Şeiri, sevinc, kədər, təəccüb hisslərini intonasiya vasitəsi ilə ötürməyi bacarır. Sadə cümlələri sözlərə, sözləri hecalara, hecaları səslərə ayırmağı bacarır. Samit və sait səsləri ayıra bilir. Böyüklər kimi danışa və başa düşə bilir, nitqini qrammatik cəhətdən düzgün qurur. Ana dilinin bütün səslərini düzgün tələffüz edir.

 

Gülçöhrə Həsənova

Defektoloq-loqoped, surdopedaqoq

GULYA MMC-nin təsisçi rəhbəri




10 şərh “Uşaqlarda nitq inkişafının əhəmiyyəti və mərhələləri

  1. Səidə Müslümova

    Mənim fikrimcə, müəllifin diqqət yetirdiyi məqam, uşaqlarda ünsiyyət bacarıqlarının inkişafı və vaxtında müdaxilənin vacibliyi, təhsil sahəsində çalışanlar üçün çox önəmlidir. Bu cür yazılar valideynlərə və müəllimlərə uşaqların nitq inkişafını izləmək və vaxtında yardım etmək üçün çox kömək edir. Ancaq bəzi texniki təhlillər daha sadə ifadə oluna bilərdi. Məsələn, bəzi yaş dövrləri və onların xüsusiyyətləri daha qısa şəkildə açıqlana bilərdi ki, oxucu məqaləni daha rahat başa düşsün.

    Cavabla
  2. Fidan Hüseynli

    Öz uşağımda nitq inkişafını izləyirəm və buradakı məlumatlar mənə faydalı oldu. Məqalənin əsas gücü nitqin inkişaf mərhələlərini izləyərək hansı yaş dövründə hansı dəyişikliklərin baş verdiyini izah etməsidir. Məncə, sadəcə bəzi texniki və ixtisaslaşmış terminin izahları daha sadə verilə bilərdi. Məsələn, “non-verbal mərhələ” və ya “verbal mərhələ” kimi anlayışların daha əlverişli izahları oxucular üçün daha faydalı olardı.

    Cavabla
  3. Pərvin

    Gülçöhrə xanım, məqaləniz çox faydalı və məlumatlandırıcıdır. Uşaqların dil inkişafı ilə bağlı verdiyiniz məlumatlar həm nəzəri, həm də praktik baxımdan çox qiymətlidir. Nitq pozuntuları olan uşaqlara necə yanaşılması və onların inkişafına necə dəstək oluna biləcəyi barədəki məsləhətləriniz çox yerindədir. Mənim fikrimcə, yazını oxuyan hər kəs nitqin inkişaf mərhələlərini daha dərindən başa düşəcək və öz uşaqlarına, eləcə də şagirdlərinə necə yanaşacağını daha yaxşı müəyyənləşdirəcək. Təcrübə və nəzəri biliklərinizi oxuculara aydın bir şəkildə təqdim etməyiniz çox təqdirəlayiqdir.

    Cavabla
  4. DR Mahmud Əhmədov

    Çox sağ olun, Gülçöhrə xanım, yazınız mənim üçün çox faydalı oldu. Öz uşağımın nitq inkişafı ilə maraqlanıram və bu yazı mənə çox dəyərli məlumatlar verdi. Xüsusilə nitq inkişafının hər yaş dövründə necə dəyişdiyini və valideyn olaraq nələrə diqqət etməyimiz lazım olduğunu izah etməyiniz çox aydın və aydınlatıcı oldu. Bu cür məlumatların daha çox valideynlərlə paylaşıldığını görmək istərdim. Yazını çox bəyəndim, təşəkkür edirəm!

    Cavabla
  5. Sabir

    Mənim ən çox bəyəndiyim hissə, müxtəlif yaş qruplarının nitq inkişafının addım-addım izahı oldu. Bu, həm valideynlər, həm də pedaqoq və ya digər mütəxəssislər üçün çox dəyərli məlumatdır. Əgər daha çox nümunələr verilərsə, oxucu daha yaxşı təxəyyül edərdi. Məsələn, konkret uşaqların etdiyi hərəkətlərin daha geniş izahı və təhlili faydalı olardı. Amma ümumilikdə yazı yaxşı təşkil olunmuş və oxunaqlıdır.

    Cavabla
  6. Manaf

    Gülçöhrə xanım, məqaləniz hərtərəfli və çox məlumatlıdır. Uşaqların nitq inkişafının psixoloji tərəflərinə, həmçinin bu inkişafın sosial bacarıqlara necə təsir etdiyinə dair verdiyiniz məlumatlar çox faydalıdır. Siz həm peşəkar bir yanaşma sərgiləmisiniz, həm də hər bir mərhələni praktiki misallarla dəstəkləmisiniz ki, bu da yazınızı çox faydalı edir. Bu cür yazılar həm tibb işçiləri, həm də valideynlər üçün çox qiymətlidir. Uşaqların nitq inkişafı haqqında daha çox məqalə və təcrübə paylaşmağınızı ümid edirəm.

    Cavabla
  7. Afət Kərimli

    Sizə böyük təşəkkür edirəm, Gülçöhrə xanım, yazınız çox dəyərli və informativdir. Uşaqların nitq inkişafının mərhələlərini və bu mərhələlərdə meydana gələn dəyişiklikləri izah etməyiniz çox peşəkar və diqqətlə hazırlanmış bir işdir. Uşaqların ünsiyyət bacarıqlarının inkişafına diqqət yetirməyiniz, xüsusilə kommunikasiya bacarıqlarının psixoloji və sosial inkişafla necə əlaqəli olduğunu göstərməyiniz çox önəmlidir. Bu mövzuda daha çox yazılarınızın oxucularla paylaşılmasını çox istərdim. Üstəlik, sadə və aydın diliniz yazını daha əlçatan edir.

    Cavabla
  8. Səriyyə

    Məqalədə çox mühüm bir məqama toxunulub: nitq problemlərinin uşaqların özünəinamına və sosial bacarıqlarına necə təsir etməsi. Uşaqlarda ünsiyyət qabiliyyətinin inkişafı mövzusuna daha çox vurğu olunmalıdır, çünki nitq problemi olan uşaqlar cəmiyyətdə bəzən xarici amillərdən təzyiq hiss edirlər. Yəni, uşaq nə qədər çox danışarsa, o qədər çox insanla əlaqə quracaq və özünü daha çox ifadə edəcək. Məqalənin sonunda valideynlərə və tibb işçilərinə praktik məsləhətlər verilməsi daha faydalı ola bilərdi.

    Cavabla
  9. Kamil

    Məqaləniz çox dəyərli və ətraflıdır, Gülçöhrə xanım. Uşaqların nitq inkişafını və bu inkişafın mərhələlərini izah edərkən verdiyiniz nümunələr olduqca faydalıdır. Mən də öz praktikamda tez-tez nitq inkişafı ilə bağlı məsləhətlər verirəm və yazını oxuduqca təcrübəmdə istifadə edə biləcəyim bir çox yeni məlumat tapdım. İxtisaslaşmış bir mütəxəssis kimi çox gözəl yazı hazırlamısınız, yazı həm tibb sahəsindəki mütəxəssislər, həm də valideynlər üçün çox faydalıdır. Ən çox bəyəndiyim cəhət, uşaqların hər yaş dövründəki nitq inkişafını çox aydın və sadə şəkildə izah etmənizdir.

    Cavabla
  10. Niyaz Əliyev

    Mənə görə, məqalənin hər yaş dövrü ilə bağlı konkret təsvirlər çox faydalıdır. Bu, xüsusilə valideynlər üçün faydalıdır ki, öz uşaqlarının inkişafını izləsinlər. Nitq problemləri olan uşaqlar üçün xüsusi məsləhətlər və praktiki tövsiyələr verilə bilərdi. Belə bir əlavə məlumat həm müəllimlər, həm də valideynlər üçün faydalı ola bilərdi.

    Cavabla

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir