usaq

Uşaqlarda normal danışıq qabiliyyətinin formalaşmasına nə mane olur?

Baxış sayı: 542

Rotasizm nitqdə “r” hərfinin tələffüz edilməməsi ilə əlaqədar uşaqlara və böyüklərə qoyulan loqopedik diaqnozdur. Bu hərfin tələffüz edilə bilməməsi danışıqda özünü kəskin şəkildə büruzə verir. Həmin uşaqlar bəzi hallarda kompleks yaşayır, danışmaqdan imtina etməyə və ya “r” hərfi olmayan sözlərə üstünlük verməyə başlayırlar.

Loqoped Nərgiz Əliyeva mövzuya dair aşağıdakıları dedi: “Təcrübə göstərir ki, “r” hərfinin tələffüz edilə bilməməsi daha çox oğlanlarda rast gəlinir. Bunu qızlarda beyin yarımkürəsinin nitq hissəsinin daha aktiv inkişafı ilə əlaqələndirirlər. 5 yaşına çatan uşaq öz nitqində “r”, eləcə də “l” samitlərindən istifadə etməməyi qüsur sayılır”.

Uşaqla onun özü kimi danışmaq onlarda normal danışıq qabiliyyətinin formalaşmasına mane olur. Həkimin dediyinə görə, hansı yaşda olmasından asılı olmayaraq uşaqla aydın, səlis danışmaq lazımdır, çünki onun bu sözləri valideyndən eşitməsi və təqlid etməsi onun nitqini formalaşdırır. “Uşağın nitq aparatında olan qüsurlar, məsələn, dilin düzgün vəziyyətdə olmaması, dilin həddən artıq ensiz və ya həddən artıq uzunluğu, yaxud hərəkətsizliyi, damağın darlığı, dil altındakı pərdənin uzunluğu və s. belə hallara səbəb ola bilir. Təəssüf ki, əksər ailələrdə uşaq kimi danışmaq nənə-babanın, ailə üzvlərinin xoşuna gəlir və onlar özləri də uşaqla onun kimi danışmağa başlayırlar. Lakin bu, uşağın nitqinə pis təsir edir. Uşaqdan düzgün səsi, düzgün tələffüzü tələb etmək lazımdır”.

Metəxəssis deyir ki, hər dərdin dərmanı olduğu kimi, bu problemin də müalicəsi var: “Loqopedlər diaqnozun ağırlığından asılı olaraq xüsusi məşqlərə başlayırlar. İlk olaraq onun çətin tələffüz etdiyi hərf söz və cümlə içərisində çox işlədilir. Gün ərzində tərkibində “r” hərfi olan sözlərdən mümkün qədər çox istifadə edilir ki, dil buna öyrəşsin. “5 yaşında ikən “r” səsini “y” ilə əvəz edən, yaxud onu boğazda səsləndirənlər də olur, dili yumşaq damaqda hərəkətə gətirib vibrasiya etdirməyi bacarmayanlar da olur. Lakin elə qüsurlu uşaq var ki, özü istəsə də, dilini yuxarı qaldıra bilmir. Belə halda artıq loqopedik masajlar edilməsinə başlanılır”,- deyə mütəxəssis bildirir.

Müalicənin bitməsini yalnız mütəxəssis təyin edə bilər. Valideynlərin öhdəsinə düşən əsas iş uşağın nitq inkişafının daim nəzarətdə saxlamaqdır.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir