usaq

Uşaqlarda oyuncağa maraq niyə azalıb? – 4 SƏBƏB

Baxış sayı: 1. 396

Sizin evinizdə uşağın əylənməsi üçün əla vasitələr var: oyuncaqlar, rəngli qələmlər, konstruktorlar, kitablar və s. Amma nədənsə uşaq tez-tez deyir ki, darıxıram? Uşağın bu halda darıxmağının dörd əsas səbəbi var.

 

1-ci səbəb: tək oynaya bilməmək

Məktəbəqədər yaş dövründə olan uşaqların başlıca məşğuliyyətini oyunlar təşkil edir. Buna baxmayaraq, uşaqların çoxu bu dövrdə sərbəst oynaya bilmirlər (valideyinlərin, böyük bacı və ya qardaşlarının iştirakı olmadan).

 

Uşağa necə kömək etmək olar?

Psixoloq Simuzər Adıgözəlovanın sözlərinə görə, valideynin vəzifəsi uşağa asudə vaxtını, əyləncə vaxtını qura bilməyi öyrətməkdir: “Necə? O, sərbəst oynadığı halda onu dəstəkləmək lazımdır.

Məsələn, görürsən ki, sərbəst şəkildə hər hansı bir oyunla oynayır, onu bu oyundan ayırma. Oyuna davam etməsi üçün daha əlverişli şərait yarada bilərsən. Bunun üçün televizoru söndür (əgər yanırsa), sakitləşdirici musiqi qoy, diqqətini çəkmədən otaqdan çıx. Sənə onun otaqda nə işlə məşğul olması maraqlıdırsa, sakitcə bir dəqiqəlik kənardan müşahidə et, amma oyunun gedişinə müdaxilə etmə (əgər körpə səndən bunu xahiş etmirsə).

Bundan başqa, uşağa rollar olan oyunlar təklif etmək olar. Belə oyunlar uşağın düşüncəsinin inkişafına kömək edir. Misal üçün, oyuncaqları divana düzün və təsəvvür edin ki, bu əsil uşaq bağçasıdır, tərbiyəçi isə uşağın özüdür. Oyuncaqlarla, yəni hər “uşaqla” danışmağa çalışın ki, övladınız uşaq bağçasında olan hər hansı bir hadisəni göstərsin. Bu həyət gəzintisi, səhər yeməyi və s. ola bilər). Əgər balaca ilk vaxtlar nə edəcəyini bilmirsə, ona nə etmək lazım olduğunu başa sal”.

 

Oyuncaqların seçimi

Düzgün oyuncaqlar seç. Oyuncaqlar nə çox mürəkkəb, nə də çox sadə olmalıdır. Belə oyuncaqlara uşağın marağı tez itir. Bundan başqa oyuncaqlar yaşa uyğun seçilməli və müxtəlif çeşidlərdə olmalıdır. Məsələn, konstruktorlar, inkişaf etdirici, kompüter oyunları, heyvan fiqurları, musiqili oyuncaqlar və s.

 

2-ci səbəb: ananın diqqətinin çatışmaması

Əksər uşaqlar tək oynamaqdan imtina edirlər. Çünki, onlara valideyn qayğısı çatışmır. Bunun üçün də valideynlər hər gün uşağa müəyyən zaman ayrılmalıdır. Onunla birlikdə oynamalı, gəzintiyə çıxmalıdır.

 

3-cü səbəb: uşaq diqqətini cəmləyə bilmir.

Bu gün uşaqlar arasında hiperaktivlik sindromu geniş yayılıb. Belə uşaqlar bir yerdə bir dəqiqədən çox otura bilmir. Çox böyük çətinliklə onları hansısa bir məşğuliyyətə cəlb etmək olur.

Hiperaktiv uşaqlara kömək etmək üçün əvvəlcə onunla birlikdə oynayın. Uşağın fikri yayındığı üçün tez-tez onun diqqətini maraqlı oyuna qaytarmalı olursunuz. Amma əmin olun ki, oyun uşağın diqqətini tam cəlb edəndən sonra, o, özü oyunu müstəqil davam etdirəcək.

 

4-cü səbəb: həddindən artıq yorğunluq – emosional fonun zəifləməsi

Bu vəziyyət təkcə böyüklərdə olmur. Müasir uşaq bağçalarına gedən uşaqlar orada təkcə yatmır, oynamır. Onlar həm də çoxlu dərnəklərdə iştirak edirlər və s. Nəticədə uşaqlar yorulur. Hədsiz yorğunluq isə depressiyaya səbəb olur.

Bunun qarşısını almaq üçün düzgün gün rejimi təşkil etmək və uşağın bu rejimə düzgün əməl etməsinə nəzarət etmək lazımdır. Uşaq vaxtında yatmalı, yaxşı qidalanmalı, gəzintiyə çıxmalı, yaşıdları ilə görüşməlidir.

Eləcə də vaxtının çoxunu televizor və kompüter önündə keçirən uşaqlar özləri üçün məşğuliyyət fikirləşə bilmirlər. Televizora baxmaq, kompüterlə oynamaq, vaxtını tədricən azaltmaq, bir saata endirmək lazımdır.

 

 

Aynurə Məmmədova

 




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir