Uşaqlarda özgüvən problemi, onların öz bacarıqlarına, dəyərlərinə və sosial münasibətlərindəki roluna olan inamlarının zəif olmasıdır. Bu, uşağın psixoloji, emosional və sosial inkişafına mənfi təsir göstərə bilər.
Səbəblərə gəldikdə, burada ailə mühiti əsas yer tutur. Həddindən artıq tənqid və ya müqayisə, uşağın fikirlərinə və hisslərinə laqeydlik göstərilməsi, həddindən artıq nəzarət və sərt qaydalar, sevgi və diqqət çatışmazlığı bu problemi yarada bilər. Eləcə də, məktəb mühiti: müəllim və sinif yoldaşlarından gələn təzyiq və tənqidlər, dərslərdə zəif nəticələr, sosial qruplara qəbul olunmamaq və ya zorakılıq. Həddindən artıq qorxular, fiziki və zehni sağlamlıq problemləri, travmatik təcrübələr (məsələn, boşanma, itki və s.), valideynlərin və ya digər şəxslərin uşağı başqaları ilə müqayisə etməsi, sosial media platformasında yüksək standartlara uyğunlaşma təzyiqi də digər səbəblərdən ola bilər.
Özgüvən problemini aradan qaldırmaq üçün valideynlər uşağı olduğu kimi qəbul etməli, ona sevgisini və dəyərli olduğunu hiss etdirməli, onun kiçik nailiyyətlərini belə qeyd etməli. Tənqidi azaltmalı, “Sən həmişə səhv edirsən” əvəzinə “Bu məsələni belə həll etsən daha yaxşı olar” deməli. Eləcə də, valideynlər uşağa kiçik hədəflər qoymalı, digər uşaqlarla müqayisədən çəkinməlidir. Uşağa öz qərarlarını verməsinə, səhvlərdən dərs çıxarmasına imkan yaratmalıdır. Eyni zamanda, məktəb mühitində müəllimlər və şagirdlər arasında dostluq və dəstək mühiti çox önəmlidir. Uşaqları komanda işlərinə təşviq etmək də uğurlu nəticələr verir. Rəsm, musiqi, idman və s. dərnəklərdə uşaqda özgüvəni artırmaq mümkündür.
Bir sözlə, uşaqların özgüvənini artırmaq üçün sevgi, dəstək və anlayış vacibdir. Valideynlər, müəllimlər və cəmiyyət birgə çalışaraq uşaqların güclü və inamlı şəxsiyyətlər kimi yetişməsinə dəstək ola bilərlər.
Nigar Əliyeva
Orvita Psixoloji Reabilitasiya Mərkəzinin uşaq psixoloqu
Yazı çox yaxşıdır, amma bəzi hissələrdə daha konkret misallar verilməsi faydalı ola bilərdi. Məsələn, məktəb mühitində sosial qruplara qəbul olunmamaq və zorakılığın uşağın özgüvəninə necə təsir etdiyi daha ətraflı izah oluna bilərdi. Həmçinin, sosial media təzyiqi ilə bağlı olan hissədə də daha geniş bir yanaşma olsa, oxuculara daha çox məlumat verərdi. Ümumilikdə çox yaxşı, amma bəzi yerlərdə daha dərindən təhlil və misallar əlavə olunsa daha faydalı olardı.
Mənim fikrimcə, bu mövzu çox aktualdır və yazıda göstərilən yanaşmalar çox doğru və faydalıdır. Özüm də valideyn olaraq, uşağımın özgüvənini artırmağa çalışıram və yazıda göstərilən tövsiyələr çox yaxşıdır.. Xüsusilə, uşağın kiçik nailiyyətlərini qeyd etmək və tənqidi azaltmaq vacibdir. Həmçinin, məktəb mühitində dəstək və dostluq mühitinin olması önəmlidir. Bu, uşağın inkişafını müsbət istiqamətdə təsir edir. Yazıda verilən məsləhətlər çox praktiki və həyati əhəmiyyət daşıyır.
Özüm də uşaqların psixoloji vəziyyətinə diqqət göstərən biri kimi, burada vurğulanan məsələlər çox doğrudur. Valideynlərin uşağı olduğu kimi qəbul etməsi, ona sevgisini hiss etdirməsi və düzgün şəkildə dəstək verməsi onların gələcəkdə daha güclü şəxsiyyətlər kimi yetişməsinə yardım edəcək. Yazı çox faydalıdır və valideynlərə, müəllimlərə və ümumiyyətlə uşaqlarla işləyən hər kəsə tövsiyə edərdim.
Uşaqların özgüvəni ilə bağlı əslində çox sadə amma effektiv tövsiyələr var. Ailənin və məktəbin rolu vacibdir. Valideynlər uşağa sevgi və dəstək verərək onların özgüvənini artıra bilərlər. Həmçinin, tənqidi azaltmaq və uşaqlar arasında müqayisədən çəkinmək lazımdır. Müəllifə təşəkkürlər!