Tərləmə orqanizmdə istilik tarazlığını tənzimləmək, bədəndəki zəhərli maddələri xaric etmək üçün yaranan haldır. Uşaqların dərisində tər vəzlərinin sıxlığı böyüklərə nisbətən artıq olduğu üçün uşaqlar daha çox tərləyir.
Mövzuya münasibət bildirən həkim-pediatr Səidə Əhmədova deyir ki, tərləmə bir xəstəlik deyil, fizioloji prosesdir. Körpələrdə tər vəziləri ən çox əl, ayaq və başda olduğuna görə ən çox həmin nahiyələrdən tərləmə baş verir.
Fikirlərini davam etdirən mütəxəsis bildirir ki, tərləmənin ən çox rast gəlinən səbəblərindən biri də körpənin qalın geyindirilməsi və ya ətraf mühitdə hərarətin yüksək olmasıdır. Bu baxımdan onların geyimlərinə və otaq temperaturuna diqqət yetirmək lazımdır. Hər hansı bir səbəblə bağlı olan burun tıxanıqlığı da körpənin tərləməsinə səbəb ola bilir. Bu baxımdan burun dəliklərinin açıq olub-olmadığını yoxlamaq lazımdır. Elə hallar olur ki, körpə yuxuda olduğu zaman tərləmə həddən artıq çox olur. Bunun üçün valideyn uşağın geyimini üç-dörd dəfə dəyişmək məcburiyyətində qalır. “Tərləmə uşaqlarda irsi olduğu təqdirdə narahat olmağa dəyməz. Əgər valideynlər də çox tərləyirsə, uşağa heç bir müalicə tətbiq olunmur.
Uşağın daha çox tərləmə səbəblərindən biri də qan azlığıdır. Əgər körpədə anemiya şübhəsi varsa, qanın ümumi analızı edilməsi və diaqnoz qoyulması məsləhətdir. Mütəxəssislər bildirirlər ki, D vitaminin çatışmazlığı zamanı körpənin tərləməsində artım ola bilər. “D vitamini və kalsium çatışmazlığı zamanı tərləmə müşahidə olunur. Amma hər tərləyən uşağa da raxit diaqnozu qoymaq olmaz. D vitamini çatışmazlığını sübut etmək üçün müayinə və qan analizləri aparılmalıdır və onun nəticələrinə uyğun olaraq D vitamini və kalsium preparatları təyin olunur”,- deyə həkim-pediatr bildirir.
Həkimlər tərləyən uşaqlara sintetik parçalardan hazırlanan paltarlar geyindirməyi məsləhət görmürlər. Çünki həmin geyimlərin tərkibində hava keçiriciliyi olmadığından uşaqların mütəmadi tərləmə riski bir o qədər çox olur. Gün boyu tərləyən uşaqları səhər və axşam antibakterial sabunla yuyundurmaq tövsiyə olunur.