Uşaqların psixoloji inkişafı, həmçinin onların davranışları və şəxsi xarakterləri, yaş dövrlərinə uyğun olaraq müəyyən mərhələlərdən keçir. Bu mərhələlərdə ən çox qarşılaşılan məsələlərdən biri də uşaqların xəyalla gerçəyi bir-birindən ayırmaqda çətinlik çəkməsidir. Bu xüsusiyyət, xüsusilə 3-7 yaş arasındakı uşaqlarda daha çox müşahidə olunur. Çünki onlar, hələ tam olaraq reallığı dərk edə bilmədikləri üçün, bir çox hallarda xəyal dünyasında yaşamağa daha meyllidirlər.
Uşaqların mühakimə bacarığı və yalanın təsiri
Uşaqların düşüncə və mühakimə yürütmə qabiliyyəti, 11 yaşından sonra daha da inkişaf edir. Böyüklərin etdiyi kimi, doğru ilə yanlış arasında fərq qoymaq, yalnız bu yaşlardan etibarən mümkündür. Bu dövrdə uşaqlar artıq hadisələrə obyektiv yanaşmağa başlayır və daha təsirli mühakimə yürüdə bilirlər.
Ancaq bəzi uşaqlar, qarşılaşdıqları çətinliklər və ya qorxu səbəbilə, yalan danışma davranışını sərgiləyə bilərlər. Məsələn, əgər uşaqlar cəza və ya qəzadan qorxurlar və ya başqalarının diqqətini özlərinə çəkmək istəyirlərsə, yalan danışmaq asan bir seçim kimi görünə bilər. Əgər bu cür davranış vaxtında qarşısı alınmazsa, yalan danışma vərdiş halını ala bilər və bu da uşağın gələcək psixoloji inkişafına mənfi təsir göstərə bilər.
Yalanın təsiri və psixososial inkişaf
Uşaqların yalan danışması yalnız sosial əlaqələrini zədələməkdən başqa, onların psixososial inkişafına da mənfi təsir göstərə bilər. Uşaqlarda bu davranış təkrarlana bilər və hətta yetkinlik dövründə də davam edə bilər. Yalan danışan uşaqların ətrafdakı insanlara qarşı etibarının azaldığını, həmçinin özünə güvənlərinin zəifləşdiyini müşahidə etmək mümkündür. Belə uşaqların bir çoxu bu vərdişi uşaqlıqdan yetkinlik dövrünə qədər daşıyırlar və bu da onların sosial və ailə münasibətlərini zədələyə bilər.
Yalanın başlıca səbəbləri
Yalan danışmağın müxtəlif səbəbləri ola bilər. Bunlardan ən önəmliləri aşağıdakılardır:
Xəyal ilə gerçəkliyi syıra bilməmək: Xüsusilə kiçik yaşlardakı uşaqlar, öz xəyallarını və ya təsəvvür etdikləri hadisələri reallıq kimi təqdim edə bilərlər.
Qorxu və narahatlıq: Uşaqlar, ətraflarında baş verən hadisələrdən qorxaraq, reallıqdan uzaq olan bəzi məlumatları uydura bilərlər. Bu, onların qorxularını və narahatlıqlarını gizlətmək məqsədilə baş verə bilər.
Diqqət cəlb etmək: Bəzən uşaqlar, valideynlərinin və ya yaxınlarının diqqətini cəlb etmək üçün yalan danışa bilərlər. Bu, xüsusilə valideynlər tərəfindən kifayət qədər maraq görməyən uşaqlarda daha çox rast gəlinir.
Cəza qorxusu: Uşaqlar, səhvlərini və ya istenilməyən hərəkətlərini gizlətmək məqsədilə yalan danışa bilərlər. Bu da əksər hallarda onların qorxusundan qaynaqlanır.
Əldə etmək üçün: Bəzi uşaqlar, istədiklərini əldə etmək üçün yalan danışmağa başlaya bilərlər. Məsələn, yaxşı qiymət almaq üçün “5” aldıqlarını söyləmək və ya başqalarının əşyalarını özlərinə götürmək.
Məsuliyyətdən qaçmaq: Məsuliyyətdən yayınmaq məqsədilə uydurulmuş yalanlar, uşağın məsuliyyətli olma qabiliyyətini inkişaf etdirməsi üçün maneələr yarada bilər.
Qısqanclıq və gərginlik: Uşaqların ətrafdakı digər uşaqlara qarşı duyduqları qısqanclıq və ya gərginlik də yalan danışmağa səbəb ola bilər. Bu, onların emosional durumunun göstəricisi ola bilər.
Fiziki və psixoloji çətinliklər: Bəzi uşaqların davranışlarında yaranan çətinliklər, məsələn, fiziki və psixoloji travmalar, onların yalan danışma davranışını artıraraq, bu cür uşaqların daha çox uydurma hekayələr söyləməsinə səbəb ola bilər.
Uşaqların inkişafında dürüstlük və təhsil
Valideynlərin və tərbiyəçilərin, uşaqları dürüstlük və doğru danışmağa təşviq etmələri çox önəmlidir. Uşağa dürüstlük dəyərləri aşılanmalı və onların yaşına uyğun olaraq, doğru ilə yanlış arasındakı fərq izah edilməlidir. Eyni zamanda, uşaqların qarşılaşdıqları çətinlikləri və qorxuları açıq şəkildə danışmaları üçün onlara təhlükəsiz bir mühit yaradılmalıdır.
Uşaqlarda yalanın qarşısını almaq üçün psixososial reabilitasiya proqramları da tətbiq oluna bilər. Bu proqramlar, uşaqlara dürüstlük, empati və müsbət davranışların aşılanması üçün fərqli metodlarla yanaşır. Uşaqların güvənli, dürüst və sağlam inkişaf etmələri üçün ailə və məktəb birgə çalışmalı və bir-birini dəstəkləməlidir.
Yalan danışma uşaqların psixososial inkişafını mənfi təsir edə biləcək bir davranışdır və vaxtında müdaxilə edilməzsə, bu, onların gələcək həyatlarında da problem yarada bilər. Uşaqların inkişafını dəstəkləmək üçün onları dürüstlük və dürüst davranışların dəyərlərini anlamaları üçün uyğun şəkildə təlimatlandırmaq önəmlidir. Onların hər bir fərdi inkişafı özünəməxsus olduğu üçün, hər bir uşağın ehtiyacları nəzərə alınaraq, xüsusi yanaşmalar tətbiq edilməlidir.
Psixoloq M. Almara Ağaqızı
PRİM – Psixososial Reabilitasiya və İnkişaf Mərkəzinin direktoru
(Psixoloqla əlaqə saxlamaq istəyənlər Bakı şəhəri, Zahid Xəlilov 48A, Elmlər m/st yaxınlığında yerləşən “PRİM” Psixososial Reabilitasiya və İnkişaf Mərkəzinə müraciət edə və ya 050 777 80 04 mobil nömrəsi ilə birbaşa Almara Ağaqızı ilə əlaqə saxlaya bilərlər. Həmçinin @almara.melikova.aga_qizi instagram səhifəsi vasitəsi ilə də Almara xanımla kontakt yarada bilərlər.)
Mənim uşağım 7 yaşındadı, bəzən nələrsə danışır ki, həqiqətən olubmu, yoxsa sadəcə xəyaldır, bilmirəm. Amma hər halda, yazıda qeyd olunan yalanın səbəbləri çox yerindədi. Həm də çox faydalı olar ki, uşağa dürüstlüyü balaca yaşlardan öyrədək, çünki sonradan düzəltmək çox çətin olur.
Məncə, uşaqların düşüncə tərzini başa düşmək, onların niyə bəzən yalan danışdığını daha yaxşı izah edir. Bu cür məlumatlar valideynlərə, uşaqlarına daha düzgün yanaşmağı öyrədir.