Amerikada meydana gələn və hər il böyük təntənə ilə qeyd olunan Hellouin bayramı bizə yad olsa da, son illər Azərbaycanda da yayılmağa başlayıb. Hələ ki, geniş vüsət almasa da, gedişat göstərir ki, yaxın illərdə bizdə də bu bayram təntənə ilə qeyd olunacaq.
Bu mistik gecəyə hazırlaşanlar öz üzlərini də geyimləri kimi bayram gecəsinin ab-havasına uyğunlaşdırırlar. Yəni üz boyalarından istifadə edərək müxtəlif qorxulu şəkillər çəkdirirlər. Bəs Hellouində üz üçün istifadə olunan boyalar təhlükəsizdirmi?
Dermatoloqlar Hellouin makiyajlarının dəriyə hansı infeksiyalar saldığını, allergik reaksiyaları və hansı maadələrdən uzaq durmaq lazım olduğunu araşdırıblar.
Medicina.az xəbər verir ki, mütəxəssislər 2017-ci ildə Hellouin partilərdə iştirak edənlərin 5%-nin allergik reaksiya və qızartılarla üzləşdiyini açıqlayıb.
Məlumata görə, parti iştirakçılarının əksəriyyəti kansoragen maddə hesab edilən ağır metallarla qrim edilirlər və bu, toksik zəhərlənməyə səbəb ola bilər.
Makiyajlarda istifadə olunan boyalar və materiallar qaranlıq yerdə saxlanıldığı üçün tərkibində bakteriya yaranır. Həmin boyalar da üzə çəkildikdə bakteriyalar dəriyə nüfuz edir, dərinin həssaslıq dərəcəsindən asılı olaraq müxtəlif reaksiyalara səbəb olur.
Bütün bu risklərdən qorunmaq üçün bir neçə hiylə ilə üzünüz üçün istifadə edəcəyiniz boyanın nə qədər təhlükəsiz olduğunu müəyyən edə bilərsiniz.
Sizə Hellouində üz dərinizin təhlükəsizliyini təmin etmək üçün bir neçə üsulu təqdim edirik:
Bu üz boyaları ərzaq, qida məhsulları qədər yoxlanılmır. Boyaların tərkibindəki ağır metallar – civə, qurğuşun, parafin toksiki zəhərlənməyə və hətta xərçəng xəstəliyinə səbəb ola bilər. Ona görə də Hellouin qrimi zamanı güllərdən, tərəvəz və meyvələrdən alınan təbii inqridiyentli boyalardan istifadə etmək lazımdır. Bu boyalar məsamələrdə tıxanıqlıq yaratmır və sızanaqlardan dəriyə daxil olmur.
Ötən Hellouində istifadə etdiyiniz boyaları istifadə edərkən ehtiyatlı olun
Böyük ehtimalla keçən ildən qalan fırça və boyalar qaranlıq və qapalı yerlərdə saxlanılıb. Qaranlıqda boya bankalarındakı bakteriyalar daha da çoxalır. Əgər üzünüzdə sızanaq və ya kəsik varsa, köhnə fırçalar bu bakteriyaları boya vasitəsi ilə dərinizə hopduracaq və üz dəriniz infeksiyaya yoluxmuş olacaq.
Əgər allergiksinizsə, həmin boyaları öncədən yoxlayın
Bunu yoxlamağın ən yaxşı yolu boyanı qoltuq altı ilə dirsək arasındakı hissəyə boya çəkməkdir. Boyanı həmin nahiyəyə çəkin və üstünü plasterlə bağlayın. Plasteri dəridən qoparanda hər şey aydın olacaq. Bəzən isə allergiya özünü 24, hətta 96 saata da göstərə bilər. Çünki bəzi kimyəvi maddələr dəridə bir neçə gün sonra reaksiya verir.
Hellouin qrimini barmaqlarınızla tətbiq etməməyə çalışın
Öncə üzünüzü yüngül təmizləyici ilə yaxşıca təmizləyin ki, üz dərisindəki məsamələr tıxanıq qalmasın. Makiyajı edərkən barmaqlarınızdan istifadə etməyin, çünki bakteriyalar barmaqlardan üzünüzə keçə bilər. Bunun üçün makiyaj tətbiqedicidən istifadə edin. Gözqapaqları və dodaqları boyayarkən isə iki qat ehtiyatlı olmaq lazımdır. Çünki üzün bu hissələri yanaq və burundan daha həssasdır. Gözqapağı dermatitləri ən çox rast gəlinən infeksiyadır. Əgər keçmişdə göz qapaqlarınızda dermatit olubsa, o zaman göz qapaqlarınıza və gözətrafına bir qat Vazelin çəkin, daha sonra boyanı tətbiq edin. Süni kirpik taxmaq da əlavə risklər yarada bilər. Sadəcə süni kirpik yapışqanını istifadə edərkən diqqət edin ki, gözünüzü qıcıqlandırmasın və ya allergik reaksiya yaratmasın. Bəzi insanlar süni kirpiklərin daha çox qalması üçün məişətdə istifadə olunan yapşqandan istifadə edirlər. Bu isə təhlükəlidir. Çünki bu zaman kirpik daha çətin qopur və aşınmalar əmələ gətirərək göz qapağında dermatit, zədələr yaradır.
Evə çatar-çatmaz Hellouin makiyajınızı silin
Sızanaqların və tıxanıq məsamələrin qarşısını almaq üçün makiyajı evə çatdıqdan dərhal sonra silmək vacibdir. Həm də makiyajı Hellouin gecəsinə getməzdən əvvəl etmək şərtdir. İnsanların bəziləri bunu 31 oktyabr gecəsinin səhəri edirlər. Bu isə boyaların üzdə daha çox qalması deməkdir. Boyalar üz dərisi ilə nə qədər az vaxt təmasda olsa, bir o qədər yaxşıdır. Əgər boyalar təbii tərkiblidirlərsə, o zaman sabun və ilıq su ilə və ya yüngül makiyaj təmizləyicisi ilə təmizləmək olar. Əgər kimyəvi boyalardırlarsa, daha güclü makiyaj təmizləyici və spirt istifadə olunur.